...

Prezidentin xalqa dəstəyi, məmurlara xəbərdarlığı...

Siyasət Materials 6 Fevral 2014 15:10 (UTC +04:00)
“Xalqın birinci xidmətçisi mənəm”. Bu sözləri Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı yekun çıxışında dedi.
Prezidentin xalqa dəstəyi, məmurlara xəbərdarlığı...

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Arzu Nağıyev, Trend-in icmalçısı

"Xalqın birinci xidmətçisi mənəm". Bu sözləri Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı yekun çıxışında dedi. Eyni zamanda, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəyini bəyan etdi.

Prezidentin bu sözlərinin əsas hədəfi dövlət məmurları idi. Dəfələrlə qeyd edildiyi kimi, əgər dövlət məmuru özünü xalqdan üstün tutursa, orada heç bir inkişafdan söhbət gedə bilməz. Doğrudan da, son illər Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün tədbirlər görülür, islahatlar aparılır, inzibati metodlar, cəza tədbirləri həyata keçirilir. Lakin cənab Prezident bunu yenidən dilə gətirirsə və təkrar edirsə, deməli, bu sahədə hələ çatışmazlıqlar mövcuddur.

Təsəvvür edin ki, təkcə "ASAN xidmət"in yaranması nə qədər insanın canını məmur bürokratiyasından qurtardı. Prezident də bunu vurğulayır. Yəni, bir qurumun misalında başa salmağa çalışır ki, insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalı və işləməlidirlər. Əsas məsələ sadəcə olaraq şəffalığın təmin edilməsidir. Yəni mənzil-istismar sahələrindən tutmuş, ən böyük idarələrə qədər məmurların insanlarla ünsiyyətində şəffalıq olmalıdır.

Həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olması üçün isə həmin məmurun insanların həyatı ilə yaşaması, diqqətli olması, problemlərin həllində operativlik nümayiş etdirməsidir. Yəni, istər şad gündə, istərsə də ağır gündə xalqla bir yerdə olmalıdır, Prezidentin qeyd etdiyi kimi, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və ən başlıcası Vətənə sadiq, sədaqətli olmalıdır.

Əlbəttə ki, öz ailələrinə, övladlarına da cavabdeh olmalıdır hər bir məmur. Öz ailəsinin, övladının yaramaz hərəkətlərini ört-basdır edən məmur necə hörmət qazana bilər? Ailəsini idarə edə bilməyən, işlədiyi kollektivi, sahəni, rayonu, müəssisəni necə idarə edə bilər? Niyə məhz Prezidentin çıxışından sonra bir müddət sakitlik yaranır, bəyəm hər bir məmur məsuliyyət hiss etmirmi? Şəhid ailələrinə, aztəminatlılara diqqət yetirilməməsi həmin məmurun hörmətsiz halda işdən getməsinə gətirib çıxarmalıdır.

Heç kəsə vəzifə söküb dağıtmaq, cangüdənlərlə gəzib camaatın əsəbi ilə oynamaq üçün, övladlarını harınladıb qudurtmaq üçün verilmir, bu xalqa xidmət üçün verilir. Yəni, təmiz işləməyən, bu xalqın malı, zəhməti bahasına varlanıb harınlayan məmurlar ən ağır cəzalarını çəkməlidirlər. Bu barədə Prezident də xəbərdarlıq edib ki, cəza tədbirləri görülür və görüləcəkdir. Yəqin ki, xalqın malına xor baxan nankorlara heç bir güzəşt də olmayacaqdır, rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar.

Əgər Prezident təvazökarlıqla deyirsə ki, xalqın birinci xidmətçisidir, məmurlar öz-özlərində nəticə çıxarmalı və onların neçənci xidmətçi olduqlarını başa düşməlidirlər...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti