Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir S.Əhmədova/
ABŞ-ın Solt Leyk Siti şəhərində yerləşən Yuta Universiteti nəzdində fəaliyyət göstərən nüfuzlu Hinkli Siyasət İnstitutunun təşkilatçılığı ilə "ABŞ-Azərbaycan münasibətləri: regionda həll edilməmiş münaqişələr" mövzusunda tədbir keçirilib.
Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, tədbirə əsas qonaq qismində dəvət edilən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çoxsaylı tədbir iştirakçıları qarşısında çıxış edib, Azərbaycan-ABŞ münasibətlərinin tarixindən, hazırkı səviyyəsindən, ABŞ-ın regionumuzdakı rolu, habelə həlli uzadılmış Ermənistan-Azərbaycan münaqişəsindən danışıb.
E.Süleymanov Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində vacib geostrateji coğrafiyada yerləşməsinin ölkənin həm tranzit potensialını, həm də xarici təhlükəsizlik mühitini şərtləndirən amil olduğunu göstərib. 1994-cü ildə beynəlxalq şirkətlərlə ölkəmiz arasında "Əsrin müqaviləsi"nin imzalanması, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin işə düşməsi, hazırda isə ötən ilin 17 dekabr tarixində "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanmasının Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynadığını diqqətə çəkən səfir bütün bunların təməlində əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda isə Prezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü strategiyanın nəticələrinin olduğunu vurğulayıb. O, Azərbaycanın bugünkü nailiyyətlərini, eləcə də ölkəmizin digər region dövlətlərdən fərqli olaraq sürətli inkişafını məhz bu strateji yanaşmanın və onun əsasında ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş qərarların birbaşa nəticəsi olduğunu qeyd edib. Eyni zamanda, E.Süleymanov BTC layihəsində geniş regional və uğurlu beynəlxalq əməkdaşlığı misal gətirərək, ABŞ-ın regionumuzda davamlı, obyektiv və praqmatik yanaşmasının vacibliyini diqqətə çatdırıb, belə yanaşmanın regionun inkişafına və ABŞ-ın özünün strateji maraqlarına xidmət etdiyini vurğulayıb.
Çıxışının böyük hissəsini 20 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinə, xüsusilə, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamına həsr edən E.Süleymanov bir milyondan çox soydaşımızın hələ də qaçqın və məcburi köçkün olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Diplomat Azərbaycan torpaqlarının işğalının davam etməsinin regionda təhlükəsizlik mühitini həssas etdiyini və tam regional inteqrasiyaya ciddi maneə törətdiyini bildirib.
Azərbaycan ərazilərinin işğalından danışan səfir fevral ayının Azərbaycan xalqı üçün Xocalı faciəsi ilə yadda qaldığını, bu il 22-ci ildönümü qeyd ediləcək bu qətliamın Ermənistanın işğalçı siyasəti nəticəsində azərbaycanlılara qarşı törədilmiş cinayət olduğunu vurğulayıb. E.Süleymanov bir neçə il əvvəl Şuşa şəhərinin işğalı ilə bağlı məhz Yuta Universitenin Hinkli İnstitutunda çıxış etdiyini xatırladıb, bundan ötən dövr ərzində Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin həlli istiqamətində heç bir irəliləyişin əldə edilmədiyini təəssüflə vurğulayıb.
Yuta Ştatına səfəri zamanı səfir bir sıra senator və konqresmenlərlə görüşüb, regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıb. Eyni zamanda, ştatın qanunvericilik orqanının hər iki palatası tərəfindən Azərbaycan xalqının və Prezidentinin nailiyyətlərini təqdir edən Bəyannamə (Official Citation Honoring The President and Citizens of Azerbaijan) E.Süleymanova təqdim edildikdən sonra onun Konqresin Aşağı palatasında çıxışı baş tutub.
Daha sonra azərbaycanlı diplomatın ştatın qubernatoru Qari Herbertlə görüşü keçirilib. Görüş zamanı qubernatora ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, ölkələrimizin uğurlu əməkdaşlığı barədə məlumat verilib. Öz növbəsində, qubernator Q.Herbert Azərbaycanla iqtisadi və ticari münasibətlərin qurulmasında maraqlı olduğunu deyib. Sonda Q.Herbert ştatın qanunverici orqanı tərəfindən Azərbaycanla bağlı verilən Bəyannamə münasibətilə səfir E.Süleymanovu təbrik edib.