Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Mehdiyev/
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Beynəlxalq əlaqələr komissiyasının ilk iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda çıxış edən komissiyanın sədri Bahar Muradova deyib ki, komissiyanın gündəliyində əsas 3 məsələ dayanır: "Bunlar YAP Beynəlxalq əlaqələr komissiyasının fəaliyyət proqramının təsdiqi, komissiyanın 2014-cü il üçün tədbirlər planının təsdiqi və təşkilati məsələlərlə bağlıdır".
B.Muradova bildirib ki, komissiyanın 8 nəfər üzvü var, 4 nəfər isə ekspert qrupunda iştirak edir. O, daha sonra komissiyanın fəaliyyəti və iş planı haqqında ətraflı məlumat verib: "YAP yarandığı dövrdən etibarən beynəlxalq əməkdaşlığa önəm verir. Partiya müxtəlif ölkələrin siyasi partiyaları, ayrı-ayrı ictimai-siyasi təşkilatlarla ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığını inkişaf etdirir".
Vurğulanıb ki, komissiyanın 2014-cü il iş planına bu ilin fevral ayında "Xocalıya ədalət" devizi altında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbirin keçirilməsi, apreldə tanınmış politoloqların iştirakı ilə beynəlxalq aləmdə baş verən proseslərin təhlili - "dəyirmi masa"nın təşkil edilməsi, mayda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə beynəlxalq konfransın keçirilməsi, avqustda xarici ölkələrdə təhsil alan tələbələrin YAP-ın fəalları ilə görüşünün keçirilməsi, sentyabrda "Azərbaycan inteqrasiya yolunda" mövzusu ətrafında YAP fəallarının Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri ilə disputunun keçirilməsi və s. daxildir.
İclasın sonunda komissiyanın üzvü millət vəkili Asəf Hacıyev, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, PA-nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və digərləri çıxış edərək iş planında əks olunanlarla bağlı fikirlərini bölüşüblər.