Azərbaycan, Bakı, 31 mart /Trend/
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyədə bələdiyyə seçkilərində AKP-nin qələbəsinə görə seçicilərə təşəkkür etdi. Bu barədə Trend Türkiyənin Anadolu Agentliyinə istinadən məlumat verir.
"Siz yeni Türkiyəni istiqlal mücadiləsinə sahib çıxdız, sizlərə təşəkkür edirəm. Siyasətə, baş nazirinizə sahib çıxdınız, təşəkkür edirəm", Ərdoğan deyib.
Onun sözlərinə görə, bu gün 77 milyonluq Türkiyənin zəfər günüdür.
Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.
Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.
Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.