Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Elçin Mehdiyev/
"Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-da dərin məzmunlu çıxşı ilə qarşıda dayanan məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı dəyərli fikirlər söylədi". Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.
O.Əsədov qeyd edib ki, Azərbaycan Prezidenti suallara cavab verərkən Azərbaycanı layiqincə təmsil etdi və bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında alnı açıqdır və Azərbaycan müstəqil siyasət yeridən ölkədir.
Spiker bildirib ki, dövlət başçısının çıxışı bir daha sübut edir ki, Azərbaycan xalqı haqlı olaraq Prezidenti ilə fəxr edir.
O.Əsədov Prezidenti bu çıxışa görə təbrik edib.
Daha sonra çıxış edən millət vəkili Fəzail Ağamalı da O.Əsədovun fikirlərini dəstəklədiyini söyləyərək bildirib ki, yüksək intellekt, vətənpərvərlik, böyük siyasi təfəkkür nümayiş etdirərək, Azərbaycan AŞPA ilə münasibətlərini yüksək səviyyədə ortaya qoyan, konkret faktlarla Azərbaycan həqiqətlərini Avropa Şurasına çatdıran Azərbaycan Prezidenti eyni zamanda Dağlıq Qarabağ problemini çox açıq və ciddi şəkildə önə çəkdi.
F.Ağamalı qeyd edib ki, suallara cavab verərkən Prezident çox qətiyyətli şəkildə, faktlarla fikirlərini ifadə etdi: "Azərbaycana qarşı atılan böhtanların, iftiraların qarşısında biz cənab Prezidentin timsalında Azərbaycan xalqının iradəsini gördük".
Çıxış edən digər millət vəkilləri də Prezident İlham Əliyevin AŞPA-dakı çıxışını yüksək qiymətləndirib və Azərbaycanın xarici siyasətində böyük uğur hesab ediblər.