...

Bakı Gənclər siyasəti üzrə I Qlobal Foruma ev sahibliyi edəcək

Siyasət Materials 5 Sentyabr 2014 12:15 (UTC +04:00)
28-30 oktyabrda Bakıda ilk dəfə 160 ölkədən 700-dən artıq iştirakçının qatılacağı Gənclər siyasəti üzrə I Qlobal Forum keçiriləcək.
Bakı Gənclər siyasəti üzrə I Qlobal Foruma ev sahibliyi edəcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

28-30 oktyabrda Bakıda ilk dəfə 160 ölkədən 700-dən artıq iştirakçının qatılacağı Gənclər siyasəti üzrə I Qlobal Forum keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutacaq tədbirdə dünyanın 160 ölkəsindən parlament nümayəndələrinin, gənclər siyasətinə məsul şəxslərin, gənclər təşkilatları rəhbərlərinin və s. rəsmilərin iştirakı gözlənilir.

Artıq 60-a yaxın ölkənin nazir və nazir müavinləri tədbirdə iştiraklarını təsdiq ediblər.

Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, 2015-ci il üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrin təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır.

Forumun 5 əsas tərəfdaşı Avropa Şurası, YUNESKO, BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan hökumətidir.

Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun ikinci dəfə bu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti olduğunu vurğulamışdı. Azərbaycan gənclər siyasətini dəstəkləyən və müxtəlif layihələri təqdim edən ölkələrdən biri olmuşdur.

BMT-nin gənclər siyasəti üzrə elçisi Əhməd Əlhəndavinin Azərbaycana rəsmi səfəri zamanı Forumun ölkəmizdə keçirilməsi barədə razılığa gəlinmiş və hazırlıq işlərinə başlanılmışdır.

Foruma dünyanın müxtəlif ölkələrindən çox böyük maraq var. Son məlumatlara əsasən, forumda iştirak üçün 4705-dən artıq müraciət daxil olub. Forumla bağlı Facebook şəbəkəsində 10 000, Twitter-də isə 1000-dən artıq bəyənmə var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti