...

Müsavat Partiyasında daxili repressiyalara qarşı etiraz bəyanatı yayıldı

Siyasət Materials 14 Noyabr 2014 12:18 (UTC +04:00)
Müsavat Partiyasının başqan seçkilərindən narazı qalan üzvlər daxili repressiyalara qarşı etiraz bəyanatı imzalayıb. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.
Müsavat Partiyasında daxili repressiyalara qarşı etiraz bəyanatı yayıldı

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının başqan seçkilərindən narazı qalan üzvlər daxili repressiyalara qarşı etiraz bəyanatı imzalayıb. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.

Bəyanatda qeyd olunur ki, son zamanlar Müsavat Partiyasında hazırkı rəhbərlik tərəfindən bir qrup üzvlərin iradəsinə təzyiq yolu ilə partiya daxilindəki idarəçilikdən narazı olan, onun gələcəyi ilə bağlı narahatçılıq keçirərək konkret mövqelərini bölüşən üzvlərə qarşı "cəza vermək" çağrışlarını əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiya sıralarından çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi kimi insan haqlarına, siyası plüarizmə, fikir, ifadə və söz azadlığına qarşı olan siyasi xəttin önə çəkilməsi partiya üzvləri arasında ciddi narahatçılıq doğurmaqdadır:

"Belə ki, Müsavat Partiyası Qubadlı rayon təşkilatının qərarı ilə partiya üzvü Məhəbbət Muradovun və patiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarı ilə partiyanın Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəylinin şəxsi yazışmaları və mövqeləri əsas götürülərək partiya sıralarından kobud nizamnamə pozuntuları ilə çıxarılması üzvlər arasında mərkəzi orqanların və hazırkı rəhbərliyin fəaliyyətinə etimadsızlığın artmasına, eləcə də qeyri-qanuni, qeyri-demokratik qərarlarla partiyada represiyaların başlanması ilə bağlı məlumatların yayılmasına səbəb olub.

Müsavat Partiyası Divanının sonuncu toplantısında partiya üzvləri Müsavat Partiyası başqanlığına sabiq namizəd Səxavət Əlisoy və partiyanın MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlının Divanın növbəti iclasına çağrılması ilə bağlı qərarı, Sumqayıt şəhər təşkilatının üzvü, keçmiş siyasi məhbus Ənvər Əhmədin partiya sıralarından xaric olunması məsələsinin müzakirəyə çıxarılması hazırkı vəziyyətin daha da gərginləşdirilməsinə gətirib çıxarıb. Odur ki, biz bu bəyanatı imza edən şəxslər Müsavat Partiyasının hazırkı rəhbərliyi qarşısında aşağıdakı məsələləri qoyur və onların təcili həllini tələb edirik:

- Partiya daxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, siyasi plüarizm, fikir müxtəlifliyi, söz və ifadə azadlığına əməl olunsun, fərdi azadlıqlara hörmət olunaraq şəxsi mövqelərə görə partiya üzvlərinin cəzalandırılması çağırışlarına son qoyulsun.

- Partiya üzvülüyündən mövqelərinə görə çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və Kamil Xəlilbəylinin hüquqlarının bərpası olunması üçün konkret addımlar atılsın və bu barədə qərar vermiş strukturlar məlum qərarlarına yenidən baxaraq onu nizamnamə normalarına uyğunlaşdırsınlar.

- Partiyada ikitirəliyə, bölüşdürücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun.

Biz hesab edirik ki, partiyanın mərkəzi oqranların tutduğu cəzalandırma və repressiyalar xətti hazırda yaranmış vəziyyətin daha da pisləşməsinə, üzvlər arasında narazılıq və etimadsızlığın artmasına, partiyanın gələcəyinə və perspektivlərinə olan inamın azalmasına, partiya daxili demokratiyanın məhdudlaşmasına, son nəticədə də liberal demokratik kursda olan Müsavat Partiyasının nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Odur ki, partiya rəhbərliyini yanlış xəttdən imtina etməyə çağırırıq.

1. Qubad İbadoğlu, sabiq Divan üzvü
2. Vurğun Əyyub, sabiq Divan üzvü
3. Hikmət Hacızadə, sabiq Məclis üzvü
4. Mehman Cavadoğlu, Müsavat başqanının sabiq müavini
5. İbrahim İbrahimli, MNTK-nın sabiq sədri
6. Məryəm Oruclu, Müsavat başqanının sabiq müavini
7. Fəxrəddin Bağırov, sabiq Divan üzvü
8. Hökümə İbrahimli, sabiq Divan üzvü
9. Adil Qeybulla, sabiq Divan üzvü
10. Ellada Məmmədli, Müsavatçı qadınlar təşkilatının rəhbəri
11. Dünyaxanım Cahan, Müsavat başqanın sabiq müşaviri
12. Hüseyn Məlik, Müsavat başqanın sabiq müşaviri
13. Sədaqət Paşayeva, Müsavat Məclisinin sabiq üzvü
14. Lətafət Məlikova, Müsavat Məclisinin üzvü
15. Tural Abbaslı, Müsavat başqanlığına sabiq namızəd
16. Rafiq Bəy İsmayıl,Müsavat Məclisinin üzvü
17. Asif Məmmədli, Müsavat Məclisinin sabiq üzvü , Qarabağ Ağsaqqallar şurasının sədri
18. Allahverdi Orucov, Müsavat Məclisinin sabiq üzvü".

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edir. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayır. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti