...

Müxalif mərkəzdə parlament seçkiləri ilə bağlı fikirayrılığı yaranıb

Siyasət Materials 13 Yanvar 2015 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın 11 müxalifyönlü partiyasının təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində (SPDİHM) qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikirayrılığı yaranıb.

SPDİHM-də təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Trend-ə bildirib ki, fikirayrılığı ondan ibarətdir ki, partiyalar ayrı-ayrılıqda, başqa bir müstəvidə, başqa bir razılaşma ilə seçkiyə getmək istəyirlər: "Yəni hamı bir yerdə getmək, hamı eyni taleyi bölüşmək istəmir. Partiyalar arasında ideoloji yönümdə də fərqlilik mövcuddur. İdeoloji baxımdan uyğun olan partiyalar bir yerdə getmək istəyir. Biz Ümid Partiyası ilə bir yerdəyik. Biz Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyasından ibarət bir blok şəklində getməyi daha məqsədəuyğun hesab edirik".

Mərkəzdə təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə Trend-ə açıqlamasında fikirayrılığının təbii olduğunu qeyd edib: "Fikirayrılığı təbii qarşılanmalıdır. Orada təmsil olunan partiyaların hər birinin özünün korporativ maraqları ola bilər. Ancaq seçkilərə ayrı-ayrılıqda qatılmaq məsələsi açıq şəkildə müzakirəyə çıxarılmayıb. Son toplantıda Mərkəzdə təmsil olunan partiyalardan daha geniş təmsilçilikdə seçkilərə qatılma haqqında bəyanat layihəsi hazırlanıb və bununla bağlı görüşlər keçirilir".

Qeyd edək ki, SPDİHM-də Müsavat, Klassik Xalq Cəbhəsi, Azərbaycan Demokrat, Ümid, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti