...

Rəsmi Bakı: Böyük dövlətlər sabitliyi, təhlükəsizliyi, inkişafı təmin etmək istəyirsə, iddialarından bir qədər çəkinməlidirlər (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 17 Yanvar 2015 14:33 (UTC +04:00)
Böyük dövlətlər sabitliyi, təhlükəsizliyi, inkişafı təmin etmək istəyirsə, iddialarından bir qədər çəkinməlidirlər.
Rəsmi Bakı: Böyük dövlətlər sabitliyi, təhlükəsizliyi, inkişafı təmin etmək istəyirsə, iddialarından bir qədər çəkinməlidirlər (ƏLAVƏ OLUNUB-2)

Son dörd abzas əlavə olunub (ilk xəbər saat 12:45-də yayılıb)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Səba Ağayeva/

Böyük dövlətlər sabitliyi, təhlükəsizliyi, inkişafı təmin etmək istəyirsə, iddialarından bir qədər çəkinməlidirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərin ABŞ-ın Azərbaycana qarşı təzyiq siyasəti ilə bağlı sualına cavab verən Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, qeyd edib: "Biz bu müstəqillik illərində 23 ildən artıq müddətdə öz siyasi kursumuzu seçmişik və ona sadiqik, bu istiqamətdə də gedirik. Lakin bir şeyə diqqət yetirmək lazımdır ki, indiki beynəlxalq münasibətlərdə hansı proseslər hökm sürür və niyə? Hər bir dövlət öz maraqlarını ortaya qoyub onun həyata keçirilməsini tələb edəcəksə, bu dünya doğrudan da indiki vəziyyətə gəlib çıxacaq. Dünyada indi yaranan gərginliyin əsas səbəbi nədir? Bu Azərbaycandan asılı deyil ki. Azərbaycan bunun səbəbi deyil ki. Çox ciddi bir gərginlik var. Səhərdən axşamadək böyük dövlətlərin hansının televiziya kanalını açırsınızsa açın, görürsünüz ki, nələrdən danışırlar, nələr baş verir. Bunun həqiqət olub-olmadığı tamam başqa məsələdir".

N.Məmmədov düşünür ki, bu, çox təhlükəli prosesdir: "Bu təhlükəli prosesdən kənar olmaq lazımdır. Bu gün dünyada baş verən proseslər, əsasən, böyük dövlətlərdən asılıdır. Doğrudan da bunlar sabitliyi, təhlükəsizliyi, inkişafı təmin etmək istəyirlərsə, onda bu iddialardan bir qədər çəkinməlidirlər".

Onun sözlərinə görə, bu iddialar "mən nə istəyirəmsə, onu etmək lazımdır, onu etməlisiniz" prinsipinə gəlib çıxır: "Bunu isə şübhəsiz, elə dövlət olacaq ki, qəbul etməyəcək. Bu baxımdan Azərbaycan müstəqilliyi dövründə bütün vektorlarla çox uğurlu, səmərəli, gözəl nəticələri, nailiyyətləri olan əməkdaşlıq edib. O vektorlardan da ən mühümlərindən biri Avropa və ABŞ-dır".

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan siyasi islahatlar sahəsində postsovet məkanındakı, eləcə də digər dövlətlərin heç birindən geri qalmır: "Buradakı vəziyyət onların böyük əksəriyyətindən daha yaxşıdır. Amma Azərbaycanın gördüyü işləri, enerji əməkdaşlığını, beynəlxalq əməkdaşlığını, terrorizmə qarşı mübarizəsini, ölkələrlə ikitərəfli iqtisadi əməkdaşlığını bir tərəfə qoysaq, özünün daxili inkişafı və müstəqil siyasi kursu ondan ibarətdir ki, biz bizə qarşı münasibətin ədalətli olmasını istəyirik. Biz bütün dövlətlərin maraqlarına hörmət edirik və bütün dövlətlərdən də tələbimiz ondan ibarətdir ki, onlar da bizim maraqlarımıza hörmət etsinlər. Yəni bu əlaqələr qarşılıqlı surətdə faydalı olmazsa, qarşılıqlı hörmət üzərində qurulmazsa, onda nəticə indiki vəziyyətə gətirib çıxaracaq. Çox təəssüf ki, bizə qarşı münasibətlərdə çox qərəzli, ədalətsiz, həqiqətə uyğun olmayan yanaşmalar görürük. Müəyyən dövlətlərdə müəyyən dairələrin istədikləri bizim üçün bir qanun, qayda prinsipi ola bilməz və biz onu qəbul edə bilmərik. Bizim bütün dövlətlərlə ilk illərdən qurduğumuz əməkdaşlığı davam etdirmək üçün qapılarımız açıqdır. Sadəcə olaraq, böyük dövlətlərdə belə bir iddia yaranıb ki, "mən nə dedimsə, beynəlxalq hüquq da bu olmalıdır".

N.Məmmədov qeyd edib ki, biz bu təzyiqləri Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən də gördük: "Amma Azərbaycan Prezidenti bütün hadisələrdə, proseslərdə, beynəlxalq aləmdə göstərmək istəyir ki, onun öz xarici siyasət kursu var. Bu xarici siyasət kursu isə Azərbaycan Prezidentinin ölkəsinin, dövlətinin, xalqının maraqlarının keşiyində dayanmalıdır. Biz ikili standartları Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı gördük. Dağlıq Qarabağ və ətraf 7 rayon 20 ildən artıqdır işğal altında qalıb, Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü var. Bütün bunlar haqqında Avropada və Amerikada hər hansı QHT, qurum və təşkilat bir söz demir".

Şöbə müdiri vurğulayıb ki, Azərbaycanın öz yolu, öz maraqları var: "Biz öz yolumuza sadiqik, gedirik. Bunu necə başa düşüb qiymətləndirirlərsə, eyni münasibəti də görürlər. Bu gün mən universitet rəhbərlərindən ibarət bir nümayəndə heyəti qəbul etdim. Onlar dedilər ki, kaş bütün ölkələrdə Azərbaycandakı kimi inkişaf olardı. Onların diqqətinə çatdırdım ki, bizim 300 milyon amerikalını bura gətirmək imkanımız yoxdur".

Onun sözlərinə görə, ABŞ-ın, Avropanın Azərbaycana təzyiq etmək cəhdlərinin qarşılığında Azərbaycan onların da maraqlarına uyğun olan möhtəşəm bir layihə həyata keçirməyə çalışır və bunun üçün xüsusi addımlar atır: "Əvəzində isə Avropa "Nabucco" deyə-deyə gəldi-getdi, birdən-birə isə bu layihəni həyata keçirmək istəmədilər. Əgər Avropa aparıcı bir tərəfdirsə, bunu düşünməli idi. Axı onlar Azərbaycanla bağlı niyə belə bir oyun oynayırlar? Biz bunu başa düşürük, qiymətləndiririk. Bizim onlara münasibətimiz onların bizə münasibətindən asılıdır".

Parisdə baş verən terror aktına da toxunan N.Məmmədov deyib ki, Qərbdə artıq istədikləri şeyi, həftələrlə, aylarla insanların beyninə yaxşı yeritməyi sevirlər: "Bir qədər əvvəl Pakistanda 14-16 yaşlarında təxminən 150 gənc gənc öldürüldü. Bununla əlaqədar başsağlığı verməklə kifayətləndilər. Bəs bu insanların haqqında həftələrlə, aylarla niyə danışmadılar? Terrorçunun dini, milliyyəti olmur. Ədalətsizliyin də bir çərçivəsi olmalıdır. Maraqların müdafiəsinin də bir çərçivəsi olmalıdır. Qərbdə homoseksualların nikahını səhərdən axşama kimi televizorda göstərirlər. Bunu göstərməyin nə mənası var ki? Lakin dünyada millətlərin, dövlətlərin taleyi ilə əlaqədar elə mühüm hadisələr baş verir ki, həmin hadisələrə heç bu qədər yer ayırmırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti