Azərbaycan, Bakı, 4 mart /Trend/
Azərbaycan Bolqarıstan üçün çox yaxşı, etibarlı dost və tərəfdaşdır. Trend-in məlumatına görə, bu barədə Bolqarıstan Prezidenti Rosen Plevneliyev bu gün Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibdə görüşdə bildirib.
Prezident Rosen Plevneliyev qeyd edib: "Cənab Prezident. Azərbaycan hökumətinin üzvləri. Sizi Bolqarıstanın milli bayramından bir gün sonra, dostluq rəmzlərimizi paylaşdığımız bir vaxtda qarşılamaq mənim üçün böyük şərəfdir. Ölkələrimiz arasında əsrlər boyu mövcud olan dostluğun davamı kimi bu gün biz Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacağıq.
Bolqar xalqı Sizin səfərinizdən məmnunluq duyur, çünki Azərbaycan bizim üçün çox yaxşı, etibarlı dost və tərəfdaşdır. Strateji tərəfdaşlıq çərçivəsində bütün sahələrdə əməkdaşlıq üçün yeni üfüqlər açılır. Mən bu uğurdan çox qürur duyuram və bundan sonra bu nailiyyətin təfərrüatları üzərində çalışacaq hər kəsə uğurlar arzulamaq istəyirəm. Bir daha Bolqarıstana xoş gəlmisiniz".
Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Cənab Prezident, təşəkkür edirəm. Sizin gözəl ölkənizə yenidən səfər etməyimə çox şadam. Fürsətdən istifadə edərək Sizi və bütün bolqar xalqını dünən qeyd etdiyiniz milli bayramınız münasibətilə təbrik etmək istərdim. Mənə hədiyyə etdiyiniz bu gözəl yaz rəmzinə görə təşəkkür edirəm. Mən bunu həm də dostluq rəmzi hesab edirəm. Sizin dediyiniz kimi, Bolqarıstanda bu rəmzləri ailə üzvlərinə və dostlara hədiyyə edirlər. Biz yaxşı dostlarıq və strateji tərəfdaşlığımızı gücləndirəcəyik".
Görüşdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edildi. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.