Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Elçin Mehdiyev/
"Bəzi beynəlxalq dairələr Xədicə İsmayılovanın həbsi haqqında özlərinə sərf edən tərzdə məlumat yayaraq Azərbaycana təzyiq göstərməyə çalışırlar". Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, X.İsmayılova konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilib: "Xədicə İsmayılova bir insanı ölümə təhrik etdiyinə görə həmin insanın müraciəti əsasında həbs edilib. Sonradan Xədicə İsmayılovanın digər cinayət əməlləri də üzə çıxdı. O, rəhbərlik etmiş olduğu "Azadlıq" radiosununun Bakı bürosunda böyük yeyintilərə, vergidən yayınmalara yol verib".
Millət vəkilinin sözlərinə görə, lakin bəzi beynəlxalq dairələr çalışırlar ki, məsələni başqa istiqamətə yönəltsinlər: "Çünki Xədicə İsmayılova həmin təşkilatlara xidmət edən, Azərbaycana qarşı böhtan kampaniyası aparan bir adamdır. Yəni həmin təşkilatlar tərəfindən maliyyələşdirilən, öyrədilən bir adamdır. Ona görə də bu təşkilatlar öz tərəfdaşlarını müdafiə edirlər. Əslində onlar insan hüquqlarını müdafiə etmirlər. Əgər onlar insan hüquqlarını müdafiə edirlərsə, onda Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkününün hüquqlarını da müdafiə etsinlər. Xədicə İsmayılova isə cinayət hərəkətinə yol verib və haqlı olaraq da cəzasını almalıdır".