Bakı. Trend:
Qara Yanvar hadisələrinin 26-cı ildönümünü yad etmək məqsədilə yanvarın 19-da Azərbaycanın Vaşinqton şəhərindəki səfirliyində xüsusi mərasim təşkil olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata əsasən, paytaxt Vaşinqton və ətraf bölgələrdə yaşayan soydaşlarımız və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutmuş mərasimdə 1990-cı ilin yanvar günlərində Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizə və sovet hakimiyyətinin xalqımızın haqlı tələblərinə verdiyi qanlı cavab haqqında məlumat verilib və böyük şücaət göstərmiş 20 Yanvar şəhidlərinin əziz xatirəsi minnətdarlıq hissi ilə yad olunub.
İştirakçılar qarşısında çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 26 il öncə cərəyan etmiş həmin tarixi hadisələri xatırladıb və xüsusilə Qara Yanvar faciəsinin sovet imperiyasının süqutu, milli-mənəvi dirçəlişimiz və xalqımız arasında Azərbaycanın müstəqilliyinə artan inam baxımından bir dönüş anı təşkil etdiyini bəyan edib.
Müasir Azərbaycan tarixinin bu ağır günlərin xalqımızın əbədi yaddaşına həkk olunduğunu deyən E.Süleymanov, həmçinin öz şəxsi xatirələrini iştirakçılarla bölüşüb. 1990-cı ilin yanvarında Moskvada tələbə olmuş E.Süleymanov bu qanlı hadisələr üzrə həqiqətlərin geniş ictimaiyyətə çatdırılması üçün aparılmış fəaliyyətlərdən bəhs edib və bu məqsədlə Moskva başda olmaqla, müxtəlif məkanlarda həmvətənlərimizin göstərdiyi fədakarlığı təsvir edib. Səfir ayrıca olaraq ümummilli lider Heydər Əliyevin vətənimiz üçün həmin taleyüklü dövrdə göstərdiyi iradə və əzmkarlığın bir qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıb və onun 1990-cı il yanvarın 21-də Moskvadan səsləndirdiyi tarixi bəyanatın Azərbaycan xalqına verdiyi mənəvi dəstəyin əhəmiyyətini qeyd edib.
E.Süleymanov Azərbaycan xalqının müasir tarixində mühüm yer tutan Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinin hər bir Azərbaycanlının qəlbində daima yaşayacağını bildirib. Yekunda səfir bütün soydaşlarımızı ölkəmizin rifahı naminə birgə səy göstərməyə səsləyib.
Mərasim çərçivəsində tədbir iştirakçılarına 1990-cu ilin yanvarında Bakının küçə və meydanlarında lentə alınmış videokadrlar nümayiş olunub.