...

Prezident İlham Əliyev: "Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür"

Siyasət Materials 26 Yanvar 2016 16:46 (UTC +04:00)
Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir.
Prezident İlham Əliyev: "Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür"

Bakı. Trend:

Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib: "Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür".

Prezident İlham Əliyev bildirib ki, bütün gördüyümüz işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət yaradaq: "Xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Ona görə, ictimai-siyasi sabitliyin təmin olunması Azərbaycanda təbii haldır. Bir də demək istəyirəm ki, milli həmrəylik, vahid amal ətrafında xalqımızın birləşməsi və düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu realllıığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr baş verir, qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə əlbəttə ki, Azərbaycan nümunəsi dünya üçün də çox əhəmiyyətlidir. Deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir".

Dövlət başçısı deyib ki, keçən il demokratik inkişaf istiqamətində önəmli addımlar atılıb: "Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Bu bizim şüurlu seçimimizdir. Mən tam əminəm ki, köklü iqtisadi islahatlar və iqtisadi inkişaf demokratik prosesdən ayrı təmin oluna bilməz. Ona görə də Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və aparılacaq. Keçən ilin sonunda parlament seçkiləri də bizim demokratiyaya nə qədər sadiq olduğumuzu bir daha sübut etdi. Bütün iştirak etmiş müşahidəçilərin rəyinə görə, parlament seçkiləri şəffaf və ədalətli keçirilib, Azərbaycan xalqının iradəsi və arzuları tam təmin edilib. Seçkilərin nəticələri bizim son illər ərzində apardığımız siyasətimizə çox böyük dəstəkdir. Mən bu seçkilərin nəticələrini belə qəbul edirəm. Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz böyük dəstəyini göstərmişdir. Mən buna görə Azərbaycan vətəndaşlarına minnətdaram və Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, bütün dünyada baş verən hadisələrə, böhranlara baxmayaraq, Azərbaycan bundan sonra da inamla inkişaf edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti