Bakı-Trend:
Bu gün dövlətçiliyin inkişafı, ölkənin beynəlxalq nüfuzunun daha da artmasında Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşür. Trend-in məlumatına görə, bunu 2 fevral Gənclər Günü münasibətilə mətbuata açıqlamasında "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli deyib.
E.Hüseynlinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün öncə gənclərlə görüşündə səsləndirdiyi fikirlər onu göstərdi ki, gənclərimiz yeni hədəfləri fəth etməlidir: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərlə bağlı dövlət proqramları qəbul olunub. Bu proqramların icrası nəticəsində dövlət gənclər siyasətinin xeyli müsbət dəyişikliklər baş verib. Müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi yüksək intellektə malik gənc nəslin yetişməsindən, onların fəal iştirakından birbaşa asılıdır".
QHT sədrinin sözlərinə görə, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar gənclərin "beyin mərkəzi" olmasını zəruri edir: "Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclər maksimum səviyyədə yararlanmalıdırlar".
QHT sədri bildirib ki, Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət ölkənin gələcəyinə qoyulmuş kapitaldır: "Hər bir gəncin intellekti Vətənin intellektidir. Gənclər dövlətin onurğa sütunu hesab edildiyindən, Azərbaycan gəncliyi bunun məsuliyyətini bütövlüklə dərk etməlidir".
Xatırladaq ki, Azərbaycanda Gənclər Günü 1997-ci ildən qeyd olunur.