...

Millət vəkili Türkiyənin QHT rəhbərlərini erməni yalanlarına qarşı daha fəal mübarizəyə çağırıb (FOTO)

Siyasət Materials 28 Mart 2016 20:43 (UTC +04:00)
Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyənin QHT rəhbərləri ilə görüşdə erməni yalanlarına qarşı daha fəal mübarizəyə çağırıb.
Millət vəkili Türkiyənin QHT rəhbərlərini erməni yalanlarına qarşı daha fəal mübarizəyə çağırıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın millət vəkili Qənirə Paşayeva qardaş Türkiyədə 20-dən artıq QHT rəhbəri və üzvü ilə görüşüb.

Bundan başqa, millət vəkili tanınmış alimlərin yaratdığı "Yeni Ufuklar" dərnəyini ziyarət edib, onların dəvəti ilə təşkilat üzvləri üçün "Azərbaycan-Türkiyə münasibətləri: dünəni, bu günü və sabahı" adlı konfrans təşkil edib. Konfransdan sonra isə dərnəyin fəalları ilə geniş müzakirələr aparıb. Q.Paşayeva görüşdə onların Qarabağ həqiqətlərinin yayılmasında fəallıqlarını daha da artıracaqlarına inandığını deyib. O, görüş zamanı Azərbaycan və Türkiyə dövlətləri və QHT-ləri arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnunedici olduğunu, bu məsələlərin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə geniş söhbət açan deputat Azərbaycanla Türkiyənin QHT-ləri arasında əməkdaşlığın daha da artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini bildirib. O, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin dünyaya daha da geniş yayılmasında bu əməkdaşlığın önəmindən danışıb.

Azərbaycanı sevdiklərini və Qarabağ həqiqətlərinin yayılması istiqamətində hər zaman öz fəaliyyətləri ilə Azərbaycanın yanında olduqlarını və bundan sonra daha da çox olacaqlarını deyən QHT rəhbərləri millət vəkili Q.Paşayevaya həyata keçirdikləri işlər, Azərbaycanla birlikdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə geniş məlumat veriblər və geniş müzakirələr aparılıb.

Görüşün sonunda Q.Paşayeva QHT rəhbərlərinə və üzvlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı "Azərbaycan həqiqətləri" sənədli filmlər kataloqunu, həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış "Karabağ hikayeleri", "Hocalı Soykırımı tanıkların dilinden" kitablarını da təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti