...

Partiya sədrinin müavini: Əli Kərimli mitinq keçirməklə xaricdən aldığı pulları silir

Siyasət Materials 14 Sentyabr 2016 13:05 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Şuranın mitinqlərini təşkil etməklə Əli Kərimli beynəlxalq təşkilatlardan aldığı maliyyə vəsaitini silmək niyyətindədir. Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, əgər Əli Kərimli ümumi müxalifətin etiraz aksiyasını təşkil etmək niyyətində olsaydı, Müsavat Partiyasından bir gün öncəyə yenidən mitinq təşkil etməzdi:

“Bu da onu göstərir ki, Əli Kərimli aldığı qrantlar hesabına layihə icra edir. Yəni, referendum öncəsi beynəlxalq təşkilatlardan aldığı bir neçə min dollarlıq qrant layihəsini icra etməklə məşğuldur. Əli Kərimli hər zaman öz şəxsi maraqları naminə bütün təbəqələrdən istifadə etməyə çalışıb. Bu mitinqdə də radikal islamçılardan istifadə etməyə cəhd etdi. Mitinqdə xüsusi vurğu ilə deyirdi ki, dindarlar da, ateistlər də bizi dəstəkləyir. Ancaq görünən isə o oldu ki, Azərbaycan xalqı Əli Kərimliyə dəstək vermədi, mitinqdə çox az sayda insan iştirak etdi ki, onlar da Əli Kərimlinin, Milli Şura üzvlərinin qohum əqrəbası idilər. Bu da onu göstərir ki, Əli Kərimlinin kim olduğunu Azərbaycan ictimaiyyəti çox yaxşı bilir”.

BAXCP sədrinin müavini əlavə edib ki, Əli Kərimli Azərbaycan siyasətinə xəyanəti gətirən bir insandır: “Eyni zamanda o, Azərbaycanda sosial şəbəkələrə saxtakarlığı gətirib. Saxta profillərlə insanları təhqir edir, təhdid edir, özünə tərəfdar toplamağa çalışır. Ona görə də Azərbaycan xalqı Əli Kərimliyə dəstək vermir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti