...

Prezident İlham Əliyev: Azərbaycan Avropa İttifaqı ilə yeni əməkdaşlıq prosesinə start verib

Siyasət Materials 14 Mart 2017 14:03 (UTC +04:00)
"Ötən ay Brüsseldə biz Avropa İttifaqı ilə Azərbaycanın yeni əməkdaşlıq prosesinə start vermişik".
Prezident İlham Əliyev: Azərbaycan Avropa İttifaqı ilə yeni əməkdaşlıq prosesinə start verib

Bakı. Trend:

"Ötən ay Brüsseldə biz Avropa İttifaqı ilə Azərbaycanın yeni əməkdaşlıq prosesinə start vermişik".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan həmçinin təkcə ikitərəfli deyil, həm də artıq üçtərəfli regional əməkdaşlıq formatı yaratmışdır:

"Məsələn, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və son olaraq Azərbaycan-İran-Rusiya üçtərəfli iqtisadi və siyasi əməkdaşlığı. Bu, regionda çox müsbət siyasi və iqtisadi mühit yaradan üçtərəfli əməkdaşlıq formatıdır. Qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi də əməkdaşlıq formatı baxımından çox cəlbedicidir. Çünki burada Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı üzvləri Yunanıstan, İtaliya, Bolqarıstan və həmçinin Albaniya iştirak edir. Artıq 3 ildir ki, hər il yeddi ölkə əməkdaşlığı gücləndirmək məqsədilə dəhlizin məşvərət şurası üçün Bakıda toplaşır. Bu, təkcə qazla bağlı deyil, bu, biznesdir, investisiya, məşğulluq, proqnozlaşdırılma və əməkdaşlıqdır.

Sonda demək istərdim ki, qeyd etdiyim kimi, ötən ay Brüsseldə biz Avropa İttifaqı ilə Azərbaycanın yeni əməkdaşlıq prosesinə start vermişik. Azərbaycan Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq sənədi imzalayıb. Bu, o deməkdir ki, Avropa İttifaqı üzvlərinin üçdə biri bizim strateji tərəfdaşımızdır. Təbiidir ki, hazırda biz Avropa Komissiyası ilə əlaqələrimizi daha da gücləndirəcək strateji tərəfdaşlıq razılaşması üzərində işləyirik".

Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, Azərbaycan və Fransa əlaqələri böyük əhəmiyyət kəsb edir:

"Bizim əla siyasi əlaqələrimiz var. Prezident Olland iki dəfə Azərbaycanda səfərdə olub - 2014-2015-ci illərdə. Bundan əvvəl Prezident Sarkozi Azərbaycanda səfərdə olub. Mən tez-tez sizin ölkənizdə səfərdə oluram. Mənim bugünkü və sabahkı rəsmi səfərim güclü əməkdaşlığımızın daha bir göstəricisidir və işgüzar əlaqələr bu əməkdaşlığın ayrılmaz hissəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti