...

“Əli Kərimli prodakşn”ın Məhərrəm ayında baş tutmayan mitinq-şousu

Siyasət Materials 23 Sentyabr 2017 17:19 (UTC +04:00)
Sentyabrın 23-də özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun növbəti mitinq-şousu keçirildi.
“Əli Kərimli prodakşn”ın Məhərrəm ayında baş tutmayan mitinq-şousu

Trend-i buradan izləyin

Bəxtiyar Hacıyev – Trend:

Sentyabrın 23-də özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun növbəti mitinq-şousu keçirildi. Şou təyin edilən vaxtdan yarım saat gec başladı və bu yarım saatlıq boşluq mahnılarla dolduruldu. Amma “Məhsul” stadionu yenə də dolmadı.

Əslində Əli Kərimli şouya bir neçə gün əvvəl başlamışdı. Öz “Feysbuk” səhifəsində guya canlı yayımda çıxışının əngəlləndiyini iddia edən Əli Kərimli buna görə də sonradan çıxışının videosunu yüklədiyini bəyan etdi. Sual yaranır: əgər mitinqə icazə verilirsə, sosial şəbəkədə canlı yayım niyə əngəllənir?

Hər mitinqdə bir hoqqa çıxardan Əli Kərimli budəfəki mitinqdə çıxışı zamanı da iddia etdi ki, guya internet kəsilib, canlı yayıma imkan verilmir. Halbuki hər kəs bir neçə yüz nəfərdən ibarət iştirakçısı olan mitinqi sosial mediada canlı izləyə bilərdi.

Əli Kərimli yeni biznesə keçib – “mühacirət sənədi”. Mühacirətə getmək istəyən insanlar sənəd-sübut üçün mitinqdə iştirak edib şəkil çəkdirirlər, bunu sosial şəbəkələrdə yayıb müxalif olduqlarını, guya hakimiyyət tərəfindən təzyiqlərə məruz qaldıqlarını göstərirlər. Bu halda xaricdə yerbəyer olmaq daha asan başa gəlir. Əlbəttə, Əli Kərimli bu xidməti havayı təqdim etmir.

Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının çoxdandır müxalifət partiyalarına etimad bəsləməməsi müxalifətin açıq-aşkar siyasi iflasını göstərir.

Yaxın keçmişi necə unutmaq olar? AXC-Müsavat hakimiyyəti Azərbaycan xalqının başına hansı bəlaları gətirmədi? Torpaqlarımızın işğalı, aclıq, səfalət, Vətənin parçalanması təhlükəsi, dərəbəylik və sair və ilaxır. Hakimiyyətdə də bir-biriləri ilə mübarizə aparırdılar, hakimiyyət əldən getdikdən sonra da bir çoxu aradan çıxdı.

Yoxsa “Milli Şura” sabit həyat yaşayan Azərbaycan xalqının başına “Yaxın Şərq oyunu” açmaq istəyir? Çağırışlarına bir stadionluq insanın belə gəlmədiyi, amma şoularına “ümumxalq mitinqi” adı verən “şuraçılar” istəklərinə əlbəttə ki, nail ola bilməyəcəklər.

Ortaq mövqeyə gələ bilməyən, bir-birini didən müxalifət hansı üzlə xalqın qarşısına çıxır, hansı üzlə "xoş gələcək" vəd edir?

Əli Kərimli ənənəvi “dindar kartı”ndan da istifadə etdi. Bir qrup ekstremistə rəhbərlik etmiş, dövlətçiliyimizin əleyhinə fəaliyyət göstərmiş Taleh Bağırovun da azad edilməsini tələb edən Əli Kərimli üçün heç bir fərqi yoxdur, yetər ki, mitinqdə adam sayı çox olsun və xaricdə oturan rəhbərlərinin xoşuna gəlsin.

Bu mitinq-şounun Məhərrəm ayında keçirilməsi təsadüfi deyildi. Ümid edirdilər ki, stadion bəlkə dindarların hesabına doldu. Amma əqidəsindən, inancından asılı olmayaraq, artıq heç bir Azərbaycan vətəndaşı bunların oyunlarına aldanmır və aldanmayacaq.

Yəqin Əli Kərimli “Feysbuk”dakı səhifəsini izləyən 214 min neçə nəfərin hamısının onun tərəfdarı olduğunu zənn edib heç olmasa, yarısının mitinqə qatılacağını və bununla da daha səs-küylü, təntənəli şou təşkil edib daha böyük qrant alacağını düşünürdü. Amma ənənəvi və təbii olaraq “Əli Kərimli prodakşn”ın Məhərrəm ayındakı mitinq-şousu baş tutmadı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti