Bakı. Trend:
Aprelin 18-də YAP Xəzər rayon təşkilatında Xəzər Rayon İcra Hakimiyyəti ilə birlikdə dövlət başçısı İlham Əliyevin prezident seçilməsinin bir illiyi ilə əlaqədar tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, sədr müavini, millət vəkili Rauf Əliyev, Şura üzvüləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin müdir əvəzi Malik Məmmədov, Xəzər rayon Vətən Müharibəsi Əlililəri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Səfa Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan son bir ildə iqtisadi, sosial, siyasi, mədəniyyət və digər sahələrdə çox mühüm naliyyətlər əldə etmiş və ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. 2018-ci ilin ən mühüm hadisəsi cənab İlham Əliyevin növbəti dəfə böyük səs çoxluğu ilə Prezident seçilməsi oldu. Azərbaycan xalqı yenidən cənab İlham Əliyevə yüksək etimad göstərib və bir daha sabitliyə, inkişafa və tərəqqiyə səs verib.
Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin müdir əvəzi Malik Məmmədov qeyd edib ki, ölkəmizdə 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərindən artıq bir il ötür.
Bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşmasına istiqamətlənib.
Əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatların mühüm elementlərindən biri də ölkədə sosial təminat sisteminin yenidən qurulmasıdır. Bu sistem çərçivəsində ödənilən müxtəlif növ müavinət, təqaüd və digər sosial ödənişlərin davamlı artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə əsaslı töhfə vermişdir.
Bütün qeyd edilənlər ölkəmizdə 2018-ci ilin 11 aprel tarixində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Prezident cənab İlham Əliyevin seçkilərdən sonrakı ötən bir ildə reallaşdırdığı uğurlu sosial islahatlar paketinin nailiyyətləri olmaqla, ölkədə sosial inkişaf proseslərinin son bir ildə daha da güclənərək vətəndaş rifahında ciddi müsbət dəyişikliklərə əsas yaratdığını göstərir.
YAP Xəzər rayon təşkilatının sədr müavini, millət vəkili Rauf Əliyev çıxışında qeyd edib ki, 2018-ci ilin aprelin 11-də keçirilən seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş cənab İlham Əliyevin rəhbərliyi ilə son bir ildə ölkədə bütün sahələr üzrə inkişaf uğurla davam edib, islahatlar cəmiyyətimizin daha çox sahələrini əhatə edib. 2019-cu ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada sistemli dəyişikliklər başlanıb. Prezident İlham Əliyevin sosial paketlərdən ibarət olan yeni islahat kursu növbəti dəfə təsdiqləyir ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir. Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır.
Millət vəkili qeyd edib ki dünyada və bölgədə baş verən çoxsaylı mənfi proseslərə baxmayaraq Azərbaycan son bir ildə ictimai-sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığının təmin olunması, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin etmişdir. Çıxışının sonunda Rauf Əliyev qeyd edib ki, bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, müdrik siyasət nəticəsində respublikamız uğurla inkişaf edəcək və qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb. Son 1 il müddətində həyata keçirilən inqilabi addımlar nəticəsində bu model daha fərqli şəkildə dünyaya çatdırılmaqdadır. Xüsusilə də sosial sahədə həyata keçirilən islahatlar, verilən qərarlar, imzalanan sənədlər bunu bizə deməyə əsas verir.
2018-ci ilin aprel ayında keçirilən seçkilərdən keçən bir il müddətində ölkəmizin bütün sahələrdə inkişaf, mühüm nailiyyətlər əldə olunduğunu deyən komitə sədri söyləyib ki, Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib.
Xüsusilə də 2019-cu ilin ilk aylarında bu istiqamətdə atılan mühüm addımlarnəticəsində bütün vətəndaşlarımızın rifah halı yüksəlib. Ölkəmizdə elə təbəqə yoxdur ki, son 4 ayda həyata keçirilən islahatlardan faydalanmasın. 600 mindən çox vətəndaşımız minimum əmək haqlarının artırılması, bu qədər də vətəndaşımız minimum pensiyaların artırılması istiqamətində həyata keçirilən islahatlardan bəhrələnib. Bundan başqa, müavinət və təqaüdlərlə bağlı aprelin 1-dən qüvvəyə minən sənəd əhalimizin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına istiqamətlənib.
Komitə sədri qeyd edib ki, bütövlükdə 2019-cu ilin əvvəlindən təklif edilən sosial paket 3 milyondan çox insanı əhatə edib: "Dövlət büdcəsindən 2,5 milyard manatdan çox vəsaitin məhz son həyata keçirilən sosial paketin reallaşdırılmasına yönəldilməsi dövlət büdcəmizin sosialyönülmü və ən əsası da Azərbaycan Prezidentin hər bir vətəndaşının yanında olduğunu bir daha sübut etmiş oldu".
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək bildirib ki, bir il bundan qabaq 11 aprel 2018-ci il tarixdə seçicilərin mütləq əksəriyyətinin səs çoxluğu ilə növbəti dəfə Prezident seçilən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələr daha da inkişaf edib. "Cənab Prezidentin diqqət və qayğısı nəticəsində Xəzər rayonu daha da inkişaf etmiş və rayonda bir çox sosial layihələr həyata keçirilmişdir. Təkcə bu ilin əvəlindən rayon ərazisində ümumi uzunluğu 50 km-dən şox küçə və yollara asfalt örtüyü çəkilmişdir. Rayonda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə müvafiq Dövlət Proqramlarına uyğun olaraq işlər davam edir".
Daha sonra Elşən Salahov yaxın vaxtlarda rayonun qəsəbələrində həyata keçiriləcək müxtəlif sosial layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirin sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb.