Bakı. Trend:
2019-cu ilin 26 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Xarici İşlər nazirlərinin 34-cü iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri E.Məmmədyarov, Gürcüstanın Xarici İşlər naziri D.Zalkaliani, Moldova Respublikasının Xarici İşlər və Avropa İnteqrasiyası naziri N.Popesku, Ukraynanın Xarici İşlər naziri V.Pristayko (toplantının sədri qismində) və GUAM təşkilatının Baş katibi A.Əfendiyev iştirak ediblər.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan iclasda GUAM formatında siyasi qarşılıqlı fəaliyyət məsələləri, parlamentlərarası əməkdaşlığa dair kompleks məsələlər, sahəvi əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də digər tərəfdaş ölkələrlə əməkdaşlıq və s. məsələlər müzakirə olundu.
Xarici İşlər nazirlərinə Baş katib tərəfindən beynəlxalq səviyyədə GUAM nəqliyyat koridorlarının irəlilədilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və bu xüsusda, birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Nazirlər energetika üzrə işçi qrupunun iclasının və onun nəticələrinə uyğun olaraq yüksək səviyyəli görüşün təşkil edilməsinin vacibliyini nəzərə alıblar.
İclasda, həmçinin GUAM üzv dövlətlərin Xarici İşlər Nazirlikləri nəzdində yaradılmış Diplomatik Akademiyaların rəhbərlərinin görüşlərinin nəticələri, eləcə də əməkdaşlığın mədəni-humanitar ölçüsünün inkişafı və bu xüsusda, gənclər və idman sahəsində tədbirlərin həyata keçirilməsi müzakirə edilib.
Xarici İşlər nazirləri GUAM-ın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini nəzərdən keçirib, bu xüsusda GUAM Katibliyinin Dünya Turizm Təşkilatının Katibliyi ilə əməkdaşlığının qurulmasına dəstək ifadə ediblər.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.