Bakı. Trend:
9 fevral tarixində keçiriləcək Milli Məclisə seçkilərin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Adil oğlu Səlimovun növbəti görüşünə rayon ictimaiyyəti nümayəndələri və Eldəniz Səlimovun seçki kampaniyasına dəstək olaraq Kingboks Fedrasiyasının prezidenti Adil Əliyev və bir qrup idmançılar gəlmişlər.
Trend-in məlumatına əsasən, görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev açaraq deyib ki, ölkəmizdə möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Bütün bunlara görə möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk. O, deputatlığa namizəd Eldəniz Adil oğlu Səlimovun ötən çağırışda fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə Milli Məclisin üzvlüyünə namizəd Eldəniz Səlimov, seçki qərargahının üzvü Nazim Ağayev, YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Musayev, Gənclər Birliyinin üzvü Amil Rəhimov, Kingboks Federasiyasının prezidenti Adil Əliyev və başqaları çıxış edərək ölkə rəhbərinin həyata keçirdiyi ardıcıl uğurlu siyasətindən, ölkəmizin inkişafından, insanların rifah halının yaxşılaşmasından, sosial paketin daima həyata keçirilməsindən, ölkə vətəndaşlarına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.