...

Ziyad Səmədzadə sahibkar xanımlarla bir araya gəlib (FOTO)

Siyasət Materials 7 Fevral 2020 21:15 (UTC +04:00)
Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə seçki kampaniyasını başa çatdırıb.
Ziyad Səmədzadə sahibkar xanımlarla bir araya gəlib (FOTO)

Bakı. Trend:

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə seçki kampaniyasını uğurla başa çatdırıb.

Trend-in məlumatına görə, Z. Səmədzadə sonuncu görüşünü bu gün Azərbaycanın ziyalı, sahibkar xanımları ilə keçirib.

İki saatdan artıq davam edən görüş səmimiliyi və isti ortamı ilə keçib.

Tanınmış iş adamı Elxan Bəşirov bildirib ki, Z. Səmədzadənin vəkili olmaqdan qürur duyur:

“Mən fəxr edir, qürur hissi keçirirəm ki, Ziyad Səmədzadə kimi, dünya şöhrətli ziyalının, iqtisadçı alimin, tanınmış dövlət xadiminin vəkiliyəm. Ziyad Səmədzadə Azərbaycanımızın canlı tarixidir. O, həm sovetlər dövründə, həm də müstəqillik dönəmində Azərbaycan elminə, Azərbaycan ziyalılığına, Azərbaycan iqtisadiyyatına, dövlət və dövlətçiliyimizə böyük töhfələrini verib və bu gün də bu fəaliyyətini dayanmadan davam etdirməkdədir. Ziyad müəllim son 15 ildə həm də Azərbaycan iqtisadiyyatının, sahibkarlığın inkişafına müsbət töhfələr verən qanunların hazırlanmasında və qəbulunda müstəsna xidmətələrə malikdir.

Ziyad müəllim hər zaman fəaliyyətində milli maraqları, dövlətçilik mənafelərini üstün tutub. Məsələn, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması neçə illərdir ki, ortada, müzakirə mövzusudur. Ancaq Azərbaycanın bu təşkilaa daxil olmasının əleyhinə olanlardan və necə deyərlər, bunun qarşısının alanlardan biri və birinci məhz Ziyad müəllim oldu. Çünki biz həmin quruma daxil olsaydıq, bugünkü inkişafımız, sahibkarlığın inkişafı mümkün olmaz, bugünkü tədbirdə bir araya gəlməzdik. Böyük şirkətlərə bura gələr, daxili bazarı ələ keçirər, biz iş adamları isə onların, sadəcə, xidmətçisi olardıq. Ancaq Ziyad müəllim vaxtında sözünü dedi, mövqeyini ortaya qoydu və bu məsələ baş tutmadı.

Ölkə Prezidenti cənab İlham Əliev özü də Azərbaycan jurnalistlərinə müsahibəsində bu məsələyə toxundu və ÜTT-yə daxil olmağa tələsməyə ehtiyac olmadığını dedi. Bu gün Qərbin bir çox aparıcı dövlətləri də ÜTT-dən çıxmağı düşünürlər, bu barədə mövqelərini açıqlayırlar. Bunlar bizim düz yolda olduğumuzu bir daha təsdiqləyir və bu məsələdə də Ziyad müəllimin əməyi, xidməti, zəhməti əvəzsizdir”.

Deputatlığa namizədin özü isə çıxışında qeyd edib ki, bu gün Azərbaycanda sahibkarlığın inkişafı üçün çox əlverişli mühit var.

Onun sözlərinə görə, bəzi problemlər olsa da, Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində atılan addımlar və əldə edilən uğurlar göz qabağındadır.

Xüsusilə, dövlət başçısının bu məsələdə iradəsi ortadadır və sahibkarlığın inkişafı üçün son illərdə çox mühüm addımlar atılıb.

O cümlədən, ölkənin ali qanunverici orqanı bu məsələdə üzrərinə düşün vəzifənin öhdəsindən gəlməyə çalışıb, müvafiq qanunları və qanunlara dəyişiklikləri gerçəkləşdirib:

“Mən taleyimdən razıyam, xoşbəxtəm ki, sahibkarlığın inkişafı ilə bağlı qanunlar məhz mənim rəhbərlik etdiyim İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş, hərtərəfli müzakirələri və tövsiyəsi nəticəsində plenar iclaslara çıxarılıb və qəbul olunub. Həm ölkə rəhbərliyi, həm parlament, həm də komitəmiz bir yerdə bu məsələyə öz töhfəsini verib.

Bu yerdə onu da deyim ki, sovetlər dövründə “sahibkarlıq, xüsusi mülkiyyət” sözlərini işlətmək yasaq, qadağan idi, bunu işlətmək böyük risq edirdi. Mən 1989-cu ildə, Mərkəzi Komitədə işləyərkən iclaslardan birində xüsusi mülkiyyətdən, sahibkarlıqdan danışdım. Səhərisi gün yenicə yaranmağa başlayan müxalifət qəzetləri yazmağa başladılar ki, kommunist Ziyad Səmədzadə sahibkarlıqdan, xüsusi mülkiyyətdən danışdı.Yəni, demək istəyirəm ki, sahibkarlığın inkişafı olmadan iqtisadiyyatın güclü inkişafından danışmaq olmaz. Bu baxımdan, bəzi problemlərə rəğmən, sahibkarlığın inkişafında uğurlar əldə edilib və bu uğurlar bundan sonra da davam etdirilməlidir”.

Z. Səmədzadə həmçinin, dünyada yaşanan qloballaşmaya toxunaraq, bu prosesdə milli-mənəvi dəyərlərin qorunmasının vacibliyinə diqqət çəkib və bütün fəaliyyəti boyunca da bu dəyərlərin yaşadılması istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Deputatlığa namizəd hər biri kəsi milli-mənəvi dəyərlərin yaşadılmasına kömək etməyə və öz töhfələrini verməyə çağırıb.

Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) rəhbəri Səkinə Babayeva Z. Səmədzadənin sahibkarlara, xüsusilə, qadın sahibkarlara hər zaman dəstək olduğunu bildirib.

S. Babayeva eyni zamanda, Z. Səmədzadənin öz fəaliyyəti, öz keçdiyi ibrətamiz həyat yolu ilə tarix, səlnamələr yazdığını dilə gətirib:

“Ziyad Səmədzadə hər zaman öz şəxsi maraqlarını bir kənara qoyub, onları heç zaman qabartmayıb, hər zaman xalqının, dövlətinin maraqlarını, milli dəyərlərini üstün tutub…”.

İş adamı Lətifə Əhmədova görüşə başqa bir görüşdən gəldiyini bildirib:

“Mən Sumqayıtdan bu tədbirə gəlmişəm. Mən hörmətli deputatlığa namizədimiz Hicran xanım Hüseynovanın vəkiliyəm və onun seçicilərlə görüşündən birbaşa bu tədbirə qatılmışam. Eşidəndə ki, Ziyad müəllimin görüşü var, ozümə borc bildim ki, gəlib iştirak edim. Mən Ziyad müəllimə seçkilərdə uğurlar arzul edirəm və istəyirəm ki, bütün millət vəkilləri istər Azərbaycanda, isrərsə də dünyada bizim səsimiz olsunlar”.

Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova Z. Səmədzadəni çoxdan tanıdığını, onunla bir zamanlar qonşu olduğunu, Mərkəzi Komitədə bir yerdə çalışdığını xatırladıb:

“Ziyad müəllim hər zaman xalqı, dövləti üçün çalışıb, hər zaman xalqına, dövlətinə qulluq edib. O, artıq növbəti dəfə bizim deputatımızdır. Bizim seçimimiz ancaq və ancaq Ziyad müəllimdir. Mən uzun illər Nəsimi rayonunda yüksək vəzifələrdə-katib, icra başçısının müavini vəzifəsində işləmişəm və haqqım var ki, bütün Nəsimi, 23 saylı Dairənin sakinlərini ona səs verməyə çağırım”.

Tədbirdə həmçinin, Bakıdan və Lənkərandan olan xanım sahibkarlar- Tacirə İslamova və Zərintac İsmayılova, o cümlədən, hüquqşünas və iqtisadçı Tünzalə Çələbi çıxış edərək, namizədə uğur diləyib, ondan Azərbaycanda sahibkarlığın inkişafı üçün öz səylərini bundan sonra da əsirgəməməsini arzulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti