...

Xələf Xələfov: Xocalıda törədilən cinayətlər tam sübuta yetirilib

Siyasət Materials 26 Fevral 2020 12:25 (UTC +04:00)
30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir. Münaqişənin ən qanlı səhifələrindən biri isə Xocalı soyqırımıdır.
Xələf Xələfov: Xocalıda törədilən cinayətlər tam sübuta yetirilib

Bakı. Elçin Mehdiyev - Trend:

30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir. Münaqişənin ən qanlı səhifələrindən biri isə Xocalı soyqırımıdır.

Trend xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı rəsm sərgisində deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib:

“Xocalıda törədilmiş bu mənfur cinayət xüsusi niyyətlə həyata keçirilmiş və həmin niyyət əhalini məhz azərbaycanlı olduğuna görə kütləvi şəkildə qətlə yetirməkdən ibarət olmuşdur. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aparılmış müvafiq istintaq nəticəsində Xocalıda mülki əhaliyə qarşı soyqırım cinayətinin törədildiyi tam sübuta yetirilmişdir. Bu gün Azərbaycan Respublikası Xocalıda törədilmiş soyqırımı ilə əlaqədar ədalət mühakiməsinin həyata keçirilməsi üçün milli və beynəlxalq səylərini davam etdirir.

Münaqişənin gedişində Ermənistan tərəfindən törədilmiş beynəlxalq cinayətlər həm dövlət, həm də fərdi səviyyələrdə məsuliyyət doğurur:

Ermənistan, ölkəmizə qarşı təcavüz, eləcə də Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının pozulmasına görə dövlət səviyyəsində məsuliyyət daşıyır. Bu məsuliyyətə görə dünya birliyi Ermənistanı hüquqazidd əməllərini dayandırmağa, işğal edilmiş əraziləri qeyd-şərtsiz azad etməyə, münaqişənin ağır nəticələrini və vurulmuş ziyanı aradan qaldırmağa vadar etməlidir.

Bununla yanaşı, Xocalıda törədilmiş məlum cinayət əməlləri həmçinin onları törətmiş şəxslərin fərdi məsuliyyətini doğurur. Qeyd olunmalıdır ki, Ermənistanın bir çox yüksək vəzifəli şəxsləri və hərbi qulluqçuları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin rəhbərləri Azərbaycan ərazilərinin işğalında və Azərbaycanlı mülki şəxslərə qarşı cinayətlərin törədilməsində şəxsən iştirak etmişlər.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində, o cümlədən də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu cinayətlə bağlı müvafiq qərarlar qəbul edilmişdir. Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İndoneziya, Peru, Panama, İordaniya, Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti, Paraqvay və Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını qınayan rəsmi sənədlər qəbul olunmuşdur.

Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətli ilə dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Srebrenitsa soyqırımları kimi ağır faciələrlə bir sırada dayanır. Həmin soyqırımlara münasibətdə dünya birliyinin səyləri nəticəsində hüquqi mexanizmlər vasitəsilə qiymət verilmiş, cinayət törətmiş şəxslər müvafiq tribunallar qarşısında mühakimə olunmuşlar.

Lakin, Xocalı soyqırımına bu günə qədər dünya birliyi tərəfindən tutarlı hüquqi qiymət verilməmişdir. Təəssüf ki, bu gün soyqırım cinayətinin aid olduğu universal yurisdiksiyanın tətbiqində siyasi konyukturalar üstünlük təşkil etməkdədir.

Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq ədalət mühakiməsinin həyata keçirilməsi, bu qanlı cinayəti törədən şəxslərə münasibətdə cinayət təqibinin davam etdirilməsi və onların məsuliyyətə cəlb edilərək beynəlxalq mexanizmlər vasitəsilə cəzalandırılması Azərbaycan xalqının mənəvi borcu və dövlətimizin qarşısında duran mühüm vəzifədir. Inanıram ki, Azərbaycan xalqının iradəsi ilə Xocalı soyqırımına münasibətdə ədalət zəfər çalacaqdır".

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti