Bakı. İlhamə İsabalayeva – Trend:
Mən bu gün hər bir kəsi sosial məsuliyyətini dərk edərək evdə qalmağa çağırıram.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Bu gün bəşəriyyətin görünməmiş bəla ilə üz-üzə qaldığını deyən deputat qeyd edib ki, koronavirus hər birimizi istənilən an yaxalaya bilər: “Bu düşmən görünmür. O, bizi istənilən an, gözləmədiyimiz yerdə tuta bilər. Koronavirusun ən dəhşətli tərəfi ondan ibarətdir ki, ona yoluxmuş adam kimin yanından keçirsə, ani olaraq onu da yoluxdurur və xəstəliyin daşıyıcısı edir. Xəstə bunun üstünə vaxtında düşməsə, o, ağır nəticələrə səbəb olur. Buna qarşı mübarizənin ən radikal yolu dövlətin sərhədlərini bağlaması və hər bir kəsin ciddi karantin rejiminə riayət etməsidir. Bu baxımdan, hər kəsin bacardığı qədər evdə qalması, insanlarla az təmasda olması, ehtiyac olduğu zaman evdən çölə çıxarkən tibbi maska taxması vacibdir. Bu, yalnız özümüzü deyil, ətrafımızı da qorumağa xidmət edir”.
A.Mirzəzadə qeyd edib ki, bu gün hətta ən inkişaf etmiş Avropa ölkələri koronavirusa qarşı mübarizədə müəyyən itkilərə yol verməli olurlar. Bu baxımdan, hər birimizin dövlətin çağırışlarına ciddi riayət etməsi, evdə qalması, xəstəlik halları müşahidə olunduqda dərhal həkimə müraciət etməsi vacibdir: "Biz özümüzü qorumaqla ətrafdakıları qoruyuruq. Biz özümüzü qorumaqla bəşəriyyəti, Azərbaycanı qoruyuruq".