...

Prezident İlham Əliyev Ermənistanı hətta öz dostları arasında təkləməklə Azərbaycanın faktiki dövlət gücünü ortaya qoydu

Siyasət Materials 16 İyul 2020 21:43 (UTC +04:00)
Prezident İlham Əliyev Ermənistanı hətta öz dostları arasında təkləməklə Azərbaycanın faktiki dövlət gücünü ortaya qoydu

Bakı. Samir Əli - Trend:

Nazirlər Kabinetinin müşavirəsində Ptezident İlham Əliyevin çıxışı daxili və xarici siyasətimizin bütün əsas istiqamətlərində önəmli keyfiyyət yenilənmələrinin baş verəcəyini söyləməyə əsas verir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda təcavüzkar Ermənistanın sonrakı davranışlarına, Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə, bəzi beynəlxalq təşkilatların ölkəmizə yanaşmalarına, ölkə daxilində siyasi proseslərə, pozucu siyasi fəaliyyətlərə və diplomatik korpusumuzun fəaliyyətinə münasibətində mühüm yeniliklər artıq qaçılmazdır:

"Daxili və xarici siyasətimizin həyata keçirilməsində Prezident İlham Əliyevin çıxışına əsasən gözlənilən real yeniliklərin Azərbaycan dövlətinin mövqelərini daha da gücləndirəcəyi şübhəsizdir. Azərbaycan öz siyasətini elə sxemlər üzərində qurur ki, həm baş verən hər bir hadisə ölkənin daxili və xarici mövqelərinin nə qədər möhkəm olduğunu nümayiş etdirir, həm də daha da güclənmək üçün zəruri olan imkan və perspektivləri daha aydın şəkildə üzə çıxarır.

Dövlət başçısının hökumət müşavirəsində söylədiyi bir sıra mətləblər məhz bu kontekstdən diqqət cəlb edir. Ermənistanın 12 iyulda törətdiyi təxribatlara beynəlxalq reaksiyalarla bağlı Prezidentin mülahizələrinə hələ yəqin ki, uzun müddət müraciət ediləcək və təhlillər aparılacaq. Tovuz təxribatlarına beynəlxalq reaksiyalar barədə Prezidentin fikirləri Azərbaycanın dünyada mövqelərinin dinamik güclənməkdə olduğunu bir daha sübut etdi. Prezident göstərdi ki, Azərbaycanın tək-tək Avropa ölkələri və beynəlxalq təşkilatlarla əlaqələri konkret nəticəyönümlü olmaqla səmərəli qurulub. Prezidentin müqayisəli təhlilləri bir daha nümayiş etdirdi ki, Ermənistan dünyada təcrid və təklənmə yolu ilə çıxılmaz dalanlara dirəndiyi halda, Azərbaycanın beynəlxalq müttəfiqlər çevrəsi və manevr imkanları sürətlə genişlənir. Qardaş Türkiyə və Pakistanın, Türkdilli dövlətlər Şurası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT), bəzi Avropa dövlətlərinin 12 iyul təxribatına prinsipial reaksiyaları Azərbaycan Prezidentinin ölkəni illər boyu hansı xarici siyasət kursu ilə apardığını dəqiq iddia etməyə əsas verir. Ermınistanın hətta öz üzvü olduğu Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatında da təkləndiyi barədə Prezidentin yığcam fikri təcavüzkar ölkənin bugünkü durumunun ən klassik ifadəsidir. İlham Əliyev Ermənistanı hətta öz dostları arasında təkləməklə Azərbaycanın faktiki dövlət gücünü ortaya qoydu".

Siyasi ekspert vurğulayıb ki, qardaş Türkiyə və Pakistanın Azərbaycana davamlı qətiyyətli dəstəyi ölkəmizin qardaşlıq münasibətlərinə nə qədər sadiq baxdığını ortaya qoyur: "İƏT-in və Türk Dövlətləri Şurasının Azərbaycana dəstəyinin nə qədər önəmli olduğunu Ermənistanın məlum təxribatının ilk anlarından hiss etdik. Azərbaycanın güclü beynəlxalq çevrəsini dəqiq ifadə eməklə yanaşı, Prezidentin "Bəs, Ermənistanı kim müdafiə etdi" kimi sadə sualı, əslində, düşmən ölkənin son 30 ilə yaxın dövrdə apardığı murdar istilaçı siyasətin nəticələrinə ittiham aktı idi.

Prezident Əliyev Ermənistanın tam təklənməsi fonunda Azərbaycanın şəksiz güclü və haqlı olduğunu xüsusi bir istedadla göstərdi. Azərbaycan Prezidentinin fikir və mülahizələrinin hətta Minsk Qrupu həmsədrlərinin davranışlarına ciddi təsir göstərəcəyini gözləmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti