...

ASALA-nın anti-Azərbaycan aksiyalarında iştirakı yeni terror dalğası yarada bilər - ŞƏRH (FOTO)

Siyasət Materials 24 İyul 2020 16:01 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

1988-1994-cü illər ərzində ASALA tərəfindən Azərbaycan ərazilərində 373 terror aktı törədilib.

Bunu Trend-ə AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.

Onun sözlərinə görə, terroru dövlət siyasətinə çevirmiş Ermənistan 1991-ci ildə Azərbaycanda - istər Qarabağda, istərsə Bakıda və digər yerlərdə terrorlar həyata keçirib. Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb.

S.Talıblı qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil ediblər. Nəticədə minlərlə günahsız insan həlak olub:

"1994-cü il martın 19-da və iyulun 3-də Bakı Metropolitenində baş vermiş terror aktında ümumilikdə 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdı. Qarabağ müharibəsində də terrorçuluq fəaliyyətini araşdıranda görürük ki, 1200-dən artıq soydaşımız ASALA tərəfindən öldürülmüş, 1700-dən artıq soydaşımız isə yaralanmışdı. ASALA 1980-ci illərin ikinci yarısından etibarən fəaliyyəti genişləndirmiş və fəaliyyətini Qarabağda davam etdirmişdi. Xüsusilə Şahe Acemyan adlı erməni terrorçusu Qarabağ müharibəsi dövründə “ASALA” terror təşkilatının tərkibində Azərbaycana qarşı dəfələrlə terror aktları törədib. O, Qarabağ savaşına Suriyadan diaspor xətti ilə gətirilmiş erməni terrorçusudur. O, 1992-1994-cü illər arası Qarabağ savaşında xüsusi fəallıq göstərmiş "Xaçlılar" dəstəsinin komandiri Qaro Kahkecyanın ən yaxın adamı idi".

S.Talıblı deyib ki, 1975 və 1985-ci illər ərzində Türkiyə, eləcə də 16 ölkədə türk və digər mülki və diplomatik hədəflərə qarşı terror aktları törətmiş solçu və radikal milliyyətçi təşkilat olan “ASALA“ (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) terror təşkilatı 1975-ci ildə Livanda gedən vətəndaş müharibəsinin gedişatında Beyrut şəhərində Akop Akopyan tərəfindən yaradılıb:

"Akop Akopyanın bəyanatından da məlum olur ki, təşkilatın təməl məqsədləri erməni ideologiyasının dünya ictimaiyyətinə çatdırılması və xarici erməni toplumunda millətçi hisslərin yüksəldilməsi olub. “ASALA” özəlliklə müstəqil bir Ermənistan dövləti qurmaq, erməni soyqırımı iddialarını Türkiyə Respublikası hökumətinə qəbul etdirmək, Türkiyədən təzminat almaq və “Böyük Ermənistan” layihəsini reallaşdırmaq üçün mübarizə aparıb".

Milli Məclisin deputatı Sevil Mikayılova Trend-ə açıqlamasında bildirib ki, 12 iyul Tovuz hadisələrindən sonra dünya birliyinin diqqətini işğalçı Ermənistanın təxribatına və Cənubi Qafqazda yeni müharibə ocağının alovlandırılmasının yolverilməz olmasına yönəltmək istəyən dinc azərbaycanlı nümayişçilərə qarşı qanlı cavab aksiyalarının təşkilində Paşinyan birbaşa günahkardır:

"İyulun 21 və 22-si erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törətmişlər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar".

Siyasi ekspert Aydın Quliyev Trend-ə açıqlamasında bildirir ki, Azərbaycan diasporunun Ermənistanı ifşa edən mütəşəkkil aksiyaları 12 iyul təxribatlarının mahiyyətini dünyaya başqa cür çatdırmağa yönəlmiş bütün erməni səylərini puç etdi:

"Soydaşlarımıza, səfirlik binalarına və diplomatlarımıza qarşı erməni terrorçularının törətdikləri vandalizm aksiyaları Ermənistanın sivil və demokratik dövlətçilik fəlsəfəsindən çox uzaq olduğunu ortaya qoyur. Eynilə, ötən əsrin 70-80-ci illərində daşnak-ASALA terrorçularının dünyada türk-müsəlman soyuna qarşı törətdikləri qeyri-insani terror və soyqırımların ifadə üsullarını indi təkrar görürük. Bu gün soydlarımıza qarşı xaricdəki erməni terror və təxribatları Ermənistanın dövlətçilik konsepsiyasının kökündə məhz faşist -terror nəzəriyyəsinin dayandığını göstərir".

Milli Məclisin deputatı Afət Həsənova isə bildirib ki, son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədilir:

"Çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulur. Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktları həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti