Bakı. Elnur Bağışov – Trend:
Hazırkı şəraitdə Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı Azərbaycan haqlı mövqeyini nümayiş etdirir.
Bunu Trend-ə açıqlamasında iranlı siyasi ekspert İlyas Vahedi deyib.
İ.Vahedinin sözlərinə görə, şübhəsiz islam dünyası Azərbaycanın bu haqq mövqeyinə yüksək dəyər verəcək.
Vahedi əlavə edib ki, baxmayaraq ki, bəzi ölkələr siyasi mülahizələrdən asılı olaraq tərəfsiz mövqe sərgiləyir, amma bu, Azərbaycanın haqqıdır və işğal olunan torpaqlar azad edilməlidir.
İranlı ekspert bildirib ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 30 ilə yaxın zaman ərzində heç bir addım atmayıb. Bu isə o deməkdir ki, Minsk qrupu öz etibarını itirib, münaqişənin həllinə tərəfsiz yanaşmır və Ermənistanı himayə edir.
“Gedən döyüşlərdə hərbi cəhətdən zəif olan Ermənistan döyüşləri mülki yaşayış massivlərinə çəkir” - deyə o qeyd edib.
İranlı ekspertin sözlərinə görə, Ermənistanın Azərbaycanın mülki yaşayış massivlərini atəşə tutması ilə əlaqədar Azərbaycan Baş Prokurorluğunun addımları yüksək qiymətləndirilməlidir.
“Ermənistan geniş propaqanda ilə müharibəni beynəlxalq dairələrə çəkmək və xarici gücləri regiona gətirməyə çalışır. Azərbaycan beynəlxalq səhnədə aktiv addımlar ataraq Ermənistanın bu çirkin planının qarşısını alır” –deyə o qeyd edib.