...

BMT-nin Komitə üzvü: Mülki əhalinin bombalanmasına beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir

Siyasət Materials 11 Oktyabr 2020 13:36 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki vətəndaşlarının, xüsusilə də uşaq və qadınların, ballistik raketlərlə məqsədli şəkildə öldürülməsi Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və diqər təşkilatlar tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.

Bunu Trend-ə hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin üzvü Elgün Səfərov deyib.

Onun sözlərinə görə, bunun üçün Azərbaycan Hökuməti tərəfindən xüsusi hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim ediləcək. Eyni zamanda, bu sənədlərin gələcəkdə yaradılan beynəlxalq hərbi tribunala da təqdim edilməsi vacibdir: "Azərbaycan son günlər uşaq və qadınların Ermənistan qoşunları tərəfindən məqsədli şəkildə atəşə tutulması faktının təsdiq edilməsi üçün hesabatın hazırlanması məqsədilə BMT çərçivəsində xüsusi komissiyanın yaradılması təklifini təqdim edə bilər. Bunun üçün mülki əhaliyə qarşı hərbi və insanlığa qarşı cinayətlərlə bağlı Baş Prokurorluq, Ombudsman, XİN, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər təşkilatlar tərəfindən hazırlanan sənədlər istifadə ediləcək".

E.Səfərov əlavə edib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətləri təkcə iki ölkə arasında münaqişəni əhatə etmir. Bu, eyni zamanda regional təhlükəsizliyə birbaşa təsir edir.

Hüquqşünas qeyd edib ki, sərhədyanı və münaqişənin təmas xəttində olan əhalinin bu günlərdə təhlükəsizliyinin, psixolojı vəziyyətinin, su və kommunal resurslara əlçatanlığının təmin edilməsi üçün Azərbaycan Hökuməti tərəfindən vacib tədbirlər görülür. Ancaq buna baxmayaraq, erməni silahlı qüvvələri məktəbləri, evləri, uşaq bağçalarını, xəstəxanaları və digər mülki obyektləri bombalayır. Ermənistanın hərbi hucumları nəticəsində həmin regionlarda və şəhərlərdə uşaqların, qadınların, ahılların, əlillərin həyatları risk altındadır, sağlamlığı və psixoloji vəziyyəti gərgindir. Zərərçəkən əhali ilə psixoloq və sosial işçilər uzun müddət iş aparmalıdır, onların təhlükəsizliyi və sağlamlığı bərpa edilməlidir:
"Bu təcavüz çərçivəsində artıq 1992-1994-cü illərdə Ermənistan hökumətinin Azərbaycan əhalisinə qarşı zəhərli, baktereoloji elementləri özündə əks etdirən və digər qanunsuz silahlardan istifadə edilmişdi. Bu günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar normalara qarşı olan kaset bombaların və zəhərli qazların istifadəsi qeydə alınıb. Bu faktlar ətraflı şəkildə araşdırılaraq, beynəlxalq təşkilatlara ünvanlanan hesabatlarda xüsusilə qeyd edilməlidir.

Bu prosesdə Ermənistan hökumətinin həyata keçirdiyi hərbi təcavüz və insanlığa qarşı cinayətlərə hüquqi qiymət verilərək, məsuliyyətə cəlb edilməsi məsələsinin qaldırılması vacibdir. Bu məsələnin həm Qoşulmama Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən BMT-nin Təhlükəsizlik Şurasında baxılması və qərar verilməsi məqsədilə qaldırılması mümkündür. Beynəlxalq təhlükəsizliyin və sülhün təmini məqsədilə Azərbaycan tərəfindən bütün ehtiyacı olan tədbirlər görülüb və görülür. Ancaq Ermənistan silahlı qüvvələri tərəfindən danışıqların pozulması, insanlığa qarşı olan silahlardan istifadəsi və mülki əhalini davamlı şəkildə bombalaması faktlarına beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti