Bakı.Trend:
Ölkəmizdə beynəlxalq ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi, yeni ortaq layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlıqların qurulması üçün güclü zəmin yaradılıb.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikasının İxracın və
İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı
direktorunun müşaviri Sevil Yəhyayeva “WUF13 - Özəl sektor üçün
məlumatlandırma sessiyası"nda deyib.
AZPROMO-nun rəsmisi qeyd edib ki, İnvestisiya mühitinin əlverişli
olmasında həmçinin infrastruktur və institusional təşviqlər də
mühüm rol oynayır. Azərbaycanda yaradılan iqtisadi zonalar,
investisiya təşviqi mexanizmləri, vergi və gömrük güzəştləri
investorlar üçün geniş imkanlar təqdim edir:
“Bu baxımdan, Ələt Azad İqtisadi Zonası (AFEZ) xüsusi əhəmiyyət
daşıyır. AFEZ yalnız xüsusi hüquqi və iqtisadi rejimə malik zona
deyil, eləcə də Azərbaycanın regionda istehsal, emal, ticarət və
logistika habına çevrilməsi strategiyasının mühüm tərkib
hissəsidir. Xəzər hövzəsi, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa
bazarlarına çıxış imkanları, liman infrastrukturu və beynəlxalq
nəqliyyat marşrutları ilə inteqrasiya AFEZ-i regional dəyər
zəncirlərinin formalaşdırılması üçün cəlbedici edir. Hazırda
AFEZ-də karqo daşımalarını reallaşdırmaq məqsədilə hava yükdaşıma
klasteri (Ələt Karqo Hava Limanı, Karqo Kəndi) yaradılır. Bu
infrastruktur layihələri AFEZ-in müxtəlif nəqliyyat növlərinin
inteqrasiyası təmin edilmiş strateji sənaye mərkəzinə çevrilməsi
üçün mühüm perspektivlər yaradır”.
S.Yəhyayeva bildirib ki, Azərbaycanın artan nəqliyyat-tranzit imkanları özəl sektor üçün mühüm üstünlüklər yaradır.
“Orta Dəhliz boyunca formalaşan yeni iqtisadi reallıq, rəqəmsal həllərlə gücləndirilən logistika marşrutları və ticarətin asanlaşdırılması istiqamətində atılan addımlar regionun tranzit xəritəsini yenidən müəyyənləşdirir. Orta Dəhlizin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin 5 milyon tona çatdırılması, yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, fəaliyyət göstərən 9 beynəlxalq hava limanı Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir”.
