...

Dağlıq Qarabağ münaqişəsində yeni reallıqlar yaranıb - Deputat

Siyasət Materials 14 Oktyabr 2020 13:36 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsində yeni reallıqlar yaranıb - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Təəssüflə qeyd etməliyik ki, tərəflər arasında razılıq əldə olunmasına baxmayaraq, Ermənistanın təxribatları səbəbindən real atəşkəs baş vermədi. Bu məsələdə məsuliyyəti birbaşa Ermənistan tərəfi daşıyır.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistan hökuməti öz ənənələrinə sadiq qalaraq Moskvada baş vermiş danışıqlara əməl etmədi:

“Ermənistan baş nazirinin göstərişi ilə davamlı olaraq Azərbaycanın mülki əhalisi atəşə tutulur. Bu, bir daha təsdiq etdi ki, Ermənistan dövləti faşist və terror dövlətidir. Gəncənin atəşə tutulması, mülki əhalinin, uşaqların qətlə yetirilməsi bunu bir daha sübut etdi.

Azərbaycan isə ilk gündən atəşkəsə, üzərinə götürdüyü öhdəliklərə əməl etdi.

Son günlər baş verənlər bir daha Ermənistanın danışıqlar prosesində maraqlı olmadığını, təxribatçı əməllərə davam etdiyini göstərdi. Dünya ictimaiyyəti bir daha Ermənistanın sülh istəmədiyinin şahidi oldu.

Burada bir neçə məqama xüsusi diqqət yetriməliyik. Moskvada imzalanmış sənəddə əksini tapan humanitar atəşkəs sülh sazişi deyil. Bu, humanitar məqsədli atəşkəsdir.

Münaqişənin tənzimlənməsi ilə bağlı Azərbaycanın mövqeyi ondan ibarətdir ki, imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsipləri mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxarılmalıdır”.

Deputatın sözlərinə görə, digər vacib bir məqam isə odur ki, danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi:

“Həmçinin, status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Status-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrinin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti ciddi uğurudur.

Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq. Bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusu sırasındadır. Azərbaycan ordusu qısa bir müddətdə torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu göstərdi. Onu da xüsusi qeyd etməliyik ki, Azərbaycan mülki əhal ilə mübarizə aparmır. Əsas hədəf işğala son qoymaqdır.

Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini daha da yaxınlaşdırır. Bu, qısa müddətdə bütün torpaqlarımızın işğaldan azad olunmasına şərait yaradacaq.

Azərbaycan xalqı qısa müddətdə Dağlıq Qarabağda sülhü bərpa edəcək. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat öz axarına qayıdacaq. Lazımi infrastruktur yaradılacaq və normal həyat bərpa olunacaq. Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir. Azərbaycan dövləti qısa müddətdə Cocuq Mərcanlıda təmir və bərpa işlərini həyata keçirdi.

Onu da qeyd etməliyik ki, son proseslərdə Azərbaycanın haqq mövqeyini əsas dəstəkləyən ölkələrdən biri Türkiyə oldu. İlk gündən Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəmədi. Münaqişənin həlli istiqamətində səylərini artırdı. Bu baxımdan Türkiyənin münaqişənin tənzimlənməsində fəal rol oynaması xüsusi əhəmiyyət daşıyır. Türkiyənin buna tam haqqı var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti