...

Bütün konvensiyalara əsasən Ermənistan rəhbərliyi məsuliyyət daşıyır - Deputat

Siyasət Materials 11 Noyabr 2020 13:38 (UTC +04:00)
Bütün konvensiyalara əsasən Ermənistan rəhbərliyi məsuliyyət daşıyır - Deputat

Bakı. Samir Əli - Trend:

Ermənistan silahlı qüvvələrin ballistik raketlərdən istifadə edərək Azərbaycanın mülki əhalisinə atəş açması hərbi cinayətdir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, Ermənistan rəhbərliyi törətdiyi cinayətə görə cavab verməlidir: "1899 və 1907-ci illərdə müharibə cinayətləri ilə bağlı Haaqa Konvensiyaları qəbul olunub. Bundan başqa, 1949-cu ildə Cenevrə Konvensiyası 4 formada qəbul olunub. Daha sonra isə buna xüsusi protokollar əlavə edilib. Bütün konvensiyalara görə, Ermənistan siyasi rəhbərliyi məsuliyyət daşıyır. İlk məsuliyyət ondan ibarətdir ki, onlar mülki əhaliyə atəş açıb, yaşayış məntəqələrinə hücum edib, hadisə mülki şəxslərin ölümü və dağıntılara səbəb olub ki, bu da adıçəkilən konvensiyalara görə qəti qadağandır. Azərbaycanın Baş Prokurorluğu bununla bağlı onlarla cinayət işləri başlayıb və həmin cinayət işlərini bir icraatda birləşdirib. Bununla bağlı artıq beynəlxalq instansiyalara da müraciət olunub ki , Ermənistan siyasi rəhbərliyi buna görə mütləq cavab verməlidir. Bunun üçün istənilən qədər sübutlar var. Bundan başqa Ermənistan silahlı qüvvələri işğal altında saxladıqları ərazilərimizdə bütün infrastrukturu, obyektləri, kənd və şəhərlərimizi vəhşicəsinə dağıdıb, sərvətləri satıb, ərazilərimizi xaraba halına salıb. Hazırda bununla bağlı Azərbaycana dəymiş ziyan hesablanır, müəyyən edilir. Dəymiş ziyanın hesablanması üçün xüsusi komissiya işləyir və nəticə hüquqi məsuliyyətə səbəb olacaq".

Tahir Kərimli bildirib ki, müharibə zamanı dinc sakinlərin, uşaqların, qadınların öldürülməsi faktları ilə bağlı da Baş Prokurorluqda cinayət işləri istintaq edilməkdədir: "Bundan başqa Ermənistan 4-cü Cenevrə Konvensiyasının tələblərini pozaraq öz vətəndaşları olan azyaşlıların əməyindən müharibədə istifadə edib. Bununla bağlı əldə kifayət qədər faktlar var. Bu barədə videokadrlar da yayılıb. Bu birbaşa qadağandır".

Millət vəkili qeyd edib ki, Ermənistan həmçinin müharibədə müxtəlif ölkələrdən erməni adı ilə muzdlu şəxsləri döyüşlərə cəlb edib: "Həmin şəxslər erməni milləti olsa belə, başqa ölkə vətəndaşlarıdır və bunlar da muzdlu hesab edilir. Bu da kifayət qədər müharibə cinayətinin törədilməsi və mühakimə olunmağa əsasdır. Ermənistanın özünün təcavüz aktı həyata keçirməsi, BMT-nin qətnamələrini icra etməməsi fonunda Azərbaycanın bu ölkədən təzminat tələb etmək hüququ var. Hesab edirəm ki, Azərbaycan bu işləri yarıda saxlamamalıdır və hüquqi təqibi həyata keçirməlidir".

T. Kərimli bildirib ki, Ermənistanın havadarları çox olsa da, müharibə cinayətləri törətdiyi üçün beynəlxalq məhkəmədə xüsusi məhkəmə prosesi yaradılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti