...

Milli Məclisin işçi qrupu İtaliya nümayəndə heyəti ilə müzakirələr aparıb (FOTO)

Siyasət Materials 12 Aprel 2021 18:24 (UTC +04:00)
Milli Məclisin işçi qrupu İtaliya nümayəndə heyəti ilə müzakirələr aparıb (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Aprelin 12-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Trend-in məlumatına görə, görüşdə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli ölkələrimiz arasındakı dostluq və əməkdaşlıqdan söz açıb. Azərbaycan-İtaliya tərəfdaşlığının inkişafında hər iki ölkənin dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm rolundan danışıb, imzalanan sənədlərdən söz açıb.

O, daha sonra 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə haqqında danışıb. Qeyd olunub ki, Azərbaycan üçün hazırda ən prioritet məsələ işğaldan azad olunmuş torpaqlarımızın bərpasıdır. Bu prosesdə İtaliyanın da iştirak etdiyini qeyd edib.

Sonra nümayəndə heyətinin başçısı, İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli deputat olduğu dövrdə Azərbaycana dördüncü dəfə səfər etdiyini bildirib və hazırkı səfərin məramını açıqlayıb. Əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduqlarını deyib.

Söhbət zamanı İtaliyanın Matera şəhərinin meri Domeniko Bennardi vurğulayıb ki, müxtəlif sahələrdə, o cümlədən turizm, ticarət, incəsənət, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlıq üçün böyük imkanlar var.

İtaliyanın Matera şəhər Şurasının sədri Antonio Materdomini qeyd edib ki, biz əməkdaşlıq sahəsində yeni bir yolun başlanğıcındayıq, Matera ilə Bakı arasında əlaqələrin müsbət müstəvidə inkişaf edəcəyinə əminik.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, həmin komitənin və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevil Mikayılova və Ramin Məmmədov ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdiyini qeyd ediblər, münasibətlərin inkişaf perspektivlərindən və əməkdaşlıq imkanlarından söhbət açıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti