...

Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Siyasət Materials 24 May 2021 23:00 (UTC +04:00)
Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri.

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-alinizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi İslam dəyərlərinin birgə təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İƏT üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək dünyanı çağırışlarla üz-üzə qoyan belə bir zamanda Sizə şəxsi əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcək dolu ən gözəl arzularımı çatdırıram".

***

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə daimi ehtiramımı və ən səmimi təbriklərimi çatdırıram.

İcazə verin, bu bayram günündə Sizə və dost Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, sülh, sabitlik və əmin-amanlıq arzulayım.

İctimai-siyasi və sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edən Azərbaycan bu gün dünya arenasında layiqli yer tutur.

Azərbaycan Respublikası hər zaman Həştərxan vilayəti üçün əsas tərəfdaş olub və bu, hazırda da belədir. Sizin şəxsi diqqətiniz sayəsində dostluq ənənələrinə, mehriban qonşuluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlığımız uzun illər ərzində uğurla inkişaf edir və möhkəmlənir. Əminəm ki, Həştərxan-Azərbaycan çoxşaxəli əlaqələri bundan sonra da məhsuldar və intensiv olacaq, qarşılıqlı fəaliyyətimiz isə xalqlarımızın mənafeləri naminə bütün istiqamətlərdə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti