...

Makronun bəyanatı işğalçıya dəstəkdir - ŞƏRH

Siyasət Materials 2 İyun 2021 14:19 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Fransa daim ermənipərəst mövqedən çıxış edib. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etdikdən sonra Fransa ermənipərəst mövqeyini artıq qərəzli, beynəlxalq hüquq və ədalət prinsiplərinə zidd formada ortaya qoyur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Fransa prezidenti Makron öz ölkəsinin də üzvü olduğu BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyünə qarşı qəbuledilməz fikirlər səsləndirir: “Fransa prezidenti “Azərbaycan Ermənistanın suveren ərazisindən çıxmalıdır” kimi absurd və qərəzli fikir səsləndirib. Əvvəla Fransa kimi dövlətin prezidentinin bu cür əsassız fikir səsləndirməsi təəssüf doğurur. Makronun bu əsassız və qərəzli bəyanatı işğalçıya dəstəkdir. Fransa prezidenti bu qərəzli bəyanatı ilə ümumilikdə Fransa dövlətinin də beynəlxalq aləmdə nüfuzunu aşağı salır, dövlət siyasətinə qarşı təbliğat aparır.

Qeyd etdiyim kimi Azərbaycanın ərazi bütövlüyü BMT qətnamələri və beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq səviyyədə tanınan ərazilərini bərpa edib və bu gün sərhədlərin delimtasiya və demarkasiyası həyata keçirilir. Bu proses də tam qanuni şəkildə, yəni keçmiş sovet dövründə mövcud olmuş xəritələr, o cümlədən Helsinki Yekun Aktında təsbit olunmuş ərazilər çərçivəsində aparılır. Burada hər hansı bir qanun pozuntusundan söhbət gedə bilməz. BMT də Azərbaycanın ərazisini həmin xəritələrdə qeyd olunan sərhədlər çərçivəsində tanıyıb. Yəqin ki, Makron bütün bunları bilməmiş deyil, sadəcə o, ermənipərəst mövqedən çıxış edərək Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir.

Əgər Fransa prezidenti o qədər ədalət sevəndirsə bəs onda indiyədək Azərbaycanın 20 faizi işğal altında olanda Fransada prezidentləri, o cümlədən Makronun özü “erməni ordusu çıxsın” bəyanatı niyə səsləndirməyib? Çünki onlar bunu istəməyiblər, ədalətin yox, işğalçıların yanında olublar”.

Deputat vurğulayıb ki, Makronun bu cür qərəzli bəyanatı Fransanın Minsk qrupununun həmsədr ölkəsi kimi hansısa ədalətli mövqe nümayiş etdirəcəyi ehtimalını sıfıra endirir və həmsədr ölkə kimi bundan sonrakı fəaliyyətini lüzumsuz edir: “Açıq və qərəzli formada ermənipərəst mövqe nümayiş etdirən ölkə həmsədr ölkə kimi necə vasitəçilik edə bilər?! Azərbaycan öz qüdrəti, güclü Ali Baş Komandanı və ordusu sayəsində öz torpaqlarını işğaldan azad edib və bundan sonra da ədaləti bərpa edəcək, Makronun isə bu cür qərəzli bəyanatları bu proseslərə heç bir əngəl törədə bilməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti