...

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin işçi qrupları Xocavənd rayonuna səfər ediblər (FOTO)

Siyasət Materials 15 Dekabr 2021 15:37 (UTC +04:00)
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin işçi qrupları Xocavənd rayonuna səfər ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri və Şəhərsalma məsələləri üzrə işçi qrupların üzvləri 10 dekabr tarixində Xocavənd rayonuna səfər ediblər.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayon ictimaiyyəti ilə görüşü zamanı səsləndirdiyi göstərişlərdən irəli gələn məsələlərin həlli məqsədi ilə baş tutan səfərdə işçi qruplarına daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri və müxtəlif mütəxəssislər iştirak ediblər.

İşçi qrupların üzvləri tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsində və Tuğ kəndində mövcud köhnə tikililərə və infrastruktur obyektlərinə yerində baxış keçirilib, həmin ərazilərin planlaşdırma sənədlərinin hazırlanması istiqamətində təklif edilən ilkin şəhərsalma həlləri müzakirə edilib. Bildirilib ki, şəhərsalma konsepsiyalarında inkişaf etdiriləcək perspektiv ərazilərin tarixi görünüşünün qorunub saxlanılması ilə yeni müasir yanaşmaların tətbiqi və buranın investisiya cəlbediciliyinin artırılması nəzərdə tutulur. Həmçinin Hadrut qəsəbəsi və Tuğ kəndinin mühəndis-kommunikasiya infrastrukturunun yenilənməsi, nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi təklif edilir.

Səfər çərçivəsində bölgənin turizm imkanları barədə fikir mübadiləsi aparılmış, Dövlət Turizm Agentliyi tərəfindən təqdim olunmuş Hadrut və Tuğ turizm inkişaf konsepsiyaları ilə tanış olunmuşdur. Həmin ərazilərdə turizm və rekreasiya zonasının yaradılması və mədəni irsin qorunması ilə bağlı konservasiya və restavrasiya layihələrinin icra edilməsi barədə ətraflı müzakirələr aparılmışdır.

Bununla bağlı, Çinarlı kəndində və Hadrut qəsəbəsində yerləşən alban kilsələrinə, Tuğ kəndinin tarixi məkanlarına, Məlik sarayına, dini məbədlərə, dünya əhəmiyyətli tarixi abidələrimizdən olan qədim insan məskənlərinə aid edilmiş Azıx mağarasına da mütəxəssislərin iştirakı ilə baxış keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti