Bakı. Trend:
19 dekabr 2021-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən növbədənkənar iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğuladılar.
Tərəflər, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən "3+3" əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə etdilər. Əməkdaşlıq mexanizminin irəli aparılmasında maraq ifadə etdilər.
Görüş zamanı Nazirlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə hər iki ölkənin birgə iştirak etdiyi üçtərəfli əməkdaşlıq formatları ilə bağlı məsələləri və növbəti aylarda bu istiqamətdə atıla biləcək addımları müzakirə etdilər.
Tərəflər, həmçinin bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardılar.
11:29
xxx
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Trend-in məlumatına görə, bununla bağlı nazir öz "Twitter" səhifəsində yazıb.
"İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak etdiyim İslamabadda Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Qafqazda baş verənləri müzakirə etdik. Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik", - deyə M.Çavuşoğlu bildirib.