...

Media Qanunu: yeni çağırışlara yeni cavab - ANALİZ

Siyasət Materials 10 Fevral 2022 17:06 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Media haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq olunması mediada və cəmiyyətdə müzakirələrə yol açıb. Biz də bununla bağlı fikirlərimizi bildirməyə çalışacağıq.

Dövrün tələbləri ilə media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” yeni qanunun qəbul edilməsinə həqiqətən böyük ehtiyac var idi. 1999-cu ildə qəbul olunmuş və indiyədək qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi dəfələrlə dəyişdirilmişdi, buna baxmayaraq müasir çağırışlarla uzlaşmırdı.

Həyatın hər sahəsindəki vəziyyəti müvafiq qanun tənzimləyir. Bu, bütün ölkələrdə belədir. Azərbaycanda da çoxsaylı müxtəlif qanunlar qəbul olunub və dövrün tələblərinə uyğun olaraq mütamadi olaraq təkmilləşdirilir. Media sahəsi də istisna ola bilməzdi. Bütün dünyada məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Azərbaycanın yeni “Media haqqında” Qanunu da ekspertlər tərəfindən məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi qanun layihəsi kimi xarakterizə olunur. “Media haqqında” qanunun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ açacağı şübhə doğurmur.

Yeni qanun media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. Qanun həm də dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə xidmət edəcək.

Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir.

Qanunun əsas müddəalarına baxdıqda aydın olur ki, bu məhz medianın inkişafı, onun müasir tələblərə uyğunlaşması, jurnalistlərin iş və əmək hüquqlarının təsbit olunması, həmçinin cəmiyyətdə medianın rolunun artırılmasına xidmət edir. Əsas müddəaların nələrdən ibarət olduğuna baxaq.

1. Media Reyestri nə deməkdir və nəyi özündə ehtiva edir?

Nəzərdə tutulan məsələlərdən biri əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunmasıdır. Bu, könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. İndi ortalıqda 50 mindən artıq saxta jurnalist vəsiqəsi ilə dolaşan insan var ki, bu da medianı gözdən salmaqla yanaşı, cəmiyyətə də problem yaradır, reketçiliyə, dezinformasiya yayılmasına şərait yaradır. Ona görə də, əsil jurnalistlərin ümumi bir reyestri olması məqsədəuyğun hesab edilir.

Lakin Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Qanunda təsbit olunan “jurnalist anlayışı” xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə edir. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsidir.

Bir çox ölkələrdə, o cümlədən Türkiyədə bu sistem çoxdan fəaliyyət göstərir həm də effektli şəkildə. Reyestr və vahid vəsiqə əsl jurnalistlərə azad və peşəkar işləmək üçün böyük imkanlar açır, onlara bəzi imtiyazlar verir. Necəmi? Gəlin baxaq.

71.1. Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları vardır:
71.1.1. jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;
71.1.2. dövlət orqanları, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;
71.1.3. əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu Qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;
71.1.4. bu Qanunun 76.1.2–76.1.5-ci maddələrində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.
76.1.2–76.1.5-ci maddələrdə isə deyilir;
76.1. Media Reyestrinə daxil edilmiş şəxslər üçün aşağıdakı güzəşt və imtiyazlar müəyyənləşdirilə bilər:
76.1.1. media subyektlərinə dövlət orqanları tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;
76.1.2. media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;
76.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;
76.1.4. maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
76.1.5. sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Göründüyü kimi, Media Reyestrinə daxil edilən, vahid jurnalist vəsiqəsi daşıyan şəxs üçün mənfi heç nə yoxdur, əksinə xeyli faydalı məqamlar var.

2. Reyestrə daxil edilməyən jurnalistlər necə olacaq?

Reyestrin olması bir çox sahələrdə nizam və rahatlıq yaradacaq - media subyektlərinin sayının müəyyənləşdirilməsi, onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsi kimi çox sahədə faydalı olacaq.
Jurnalistlərinin məlumat bazasında qeyd olunması onların fəaliyyətinin daha səmərəli təşkilini və hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır.
Lakin Media Reyestrinə daxil edilməyən jurnalistlərin də fəaliyyətinə heç bir maneə nəzərdə tutulmur. Vahid jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Qanunda təsbit olunan “jurnalist anlayışı” xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə edir. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər.

3. Sosial şəbəkələr və bloggerlərin fəaliyyəti tənzimlənirmi?

Qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir. Onlar heç bir vahid vəsiqə almadan, əmək müqaviləsi olmadan, sərbəst şəkildə fəaliyyət göstərəcəklər. Göründüyü kimi, bəzi qeyri-obyektiv şəxslərin iddalarına baxmayaraq, yeni qanun heç də söz və mətbuat azadlığına mane törətmir, heç kimin sərbəst fəaliyyətinə qadağa qoymur.

Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir.

Konkret olaraq müvafiq Qanunun predmeti media subyektləri və jurnalistlərin media sahəsində fəaliyyətləri ilə bağlı münasibətlərdir. “Vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil.

4. Televiziya sahəsində tənzimləmə azad şərait yaradır

Son vaxtlar geniş yayılmış və sayı sürətlə artan internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Bu konkret o deməkdir ki, istəyən şəxs sərbəst şəkildə internet televiziyası açıb fəaliyyət göstərə biləcək və onun fəaliyyətinə heç bir maneədən söhbət gedə bilməz.

Məlum olduğu kimi, hazırda ölkəmizdə onlarla internet televiziyası fəaliyyət göstərir və bu say sürətlə artır. Hətta fərdi bir şəxs də özünə internet televiziyası açıb sərbəst şəkildə informasiya yaya bilir. Onların fəaliyyətinə heç bir maneə yoxdur.

5. Mediada müəlliflik hüquqlarının qorunması necə tənzimlənəcək?

Yenin qanunla media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən material “oğurlamaq” vərdişləri aradan qalxacaq, informasiya uğrunda mübarizə və məqalə yaratmaq bacarıqlarının inkişafı sürətlənəcək.

Bununla bağlı Qanunla çox maraqlı və faydalı bənd var. 13-ci maddəyə görə, bir media orqanı başqasının hazırladığı materialı bütövlükdə götürüb yaya və ondan bəhrələnə bilməz. Yalnız üçdə bir hissəsini verə bilər, o da istinad etməklə. Başqasının materialını tam yayımlamaq və dərc etmək yalnız abunəlik və müqavilə əsasında mümkündür.

Maddə 13. İnformasiyadan istifadə edilməsi

13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.

Göründüyü kimi, qanunun əsas prinsiplərindən biri də informasiya istehsalçısı və yayımçılarının müəlliflik hüquqlarının qorunması ilə bağlıdır. Qanun layihəsində mediada dərc olunan, yayımlanan informasiya və ya hər hansı material ilə bağlı konkret və dəqiq tələblərin müəyyən edilməsi jurnalist peşəkarlığının, sosial məsuliyyətinin artmasında mühüm əhəmiyyət kəsb edəcək. Bu, xüsusilə də onlayn media vasitələrinin “copy-paste” prinsipi əsasında çalışmasının qarşısını alacaq və jurnalistlərin məsuliyyətini artıracaq.

Hər hansı bir araşdırma, müsahibə, reportajı əziyyət, vaxt, enerji, vəsait xərcləyib hazırlayan media vasitəsindən hazır materialı götürüb yayıb müəllifdən daha çox bəhrələnmək ədalətli deyil. Qanun bu məsələdə konkret olaraq ədaləti bərqərar edir.

Ümumiyyətlə, bu layihə media fəaliyyətinin yeni trendlərə adekvat şəkildə müasirləşdirilməsi, əqli mülkiyyət və müəllif hüquqlarının qorunması, media və jurnalist adından sui-istifadə hallarının aradan qaldırılması baxımından yeni imkanlar açır.

6. Çap mediası necə fəaliyyət göstərəcək?

Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Bu da media azadlığının ən bariz nümunəsidir. Çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi isə, yeni bir prosedur deyil və artıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur. Sadəcə, hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulmuşdur.
Hazırda ölkədə 5 mindən artıq media vasitəsi aktiv fəaliyyət göstərir. Bu sahədə elə bir sistemsizlik, qarışıqlıq yaranıb ki, jurnalistlər özləri elə bəzi hallarda ayırd edə bilmirlər ki, hansı media orqanı hansıdır. Bu fonda qəzetlərin mübarizə aparması xeyli çətinləşir. Məhz buna görə, MEDİA çap mediasına yardımlar edir, onların belə ağır rəqabət şəraitində yaşaya bilməsi üçün çalışır.

7. Jurnalistlərin sosial müdafiəsində nələr dəyişəcək?

Media sahəsindəki problemlərdən biri də jurnalistlərin bir çoxunun əmək və sosial hüququnun posulmasıdır. Belə ki, bir çox jurnalistlər əmək müqaviləsi olmadan işləyir ki, nəticədə onun pensiya kapitalı toplanmır, işçi kimi hüquqlarından istifadə edə bilmir. Qanun bu sahədə vəziyyəti kökündən dəyişəcək.

Media orqanları əməkdaşlarını rəsmi müqavilə əssında işə götürməli olacaqlar və onlara ölkə üzrə müəyyənləşdirilmiş minimum aylıq əməkhaqqından aşağı məbləğdə maaş verə bilməyəcəklər. Hətta, Medianın İnkişafı Agentliyindən qrant və yardım almış media orqanlarına agentlik tövsiyyə, daha doğrusu tələb edir ki, əməkdaşlara ölkə üzrə orta aylıq əməkhaqqı məbləğində maaş verilməlidir.

Bundan başqa MEDİA-nın mütamadi olaraq təşkil etdiyi yazı müsabiqələrində əsil peşəkar jurnalistlər yaxşı pul mükafatı qazanırlar ki, bu da onların sosial vəziyyətinin yaxşılaşmasına töhfə verir.

Qanuna görə, jurnalistlər müxtəlif sosial güzəştlərdən, mükafatlardan, imtiyazlardan da istifadə edə biləcək ki, bu da onların daha rahat işləməsi üçün zəmin yaradacaq. Qanunun müvafiq bəndlərinə təkrar baxaq:
76.1.4. maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
76.1.5. sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Yeri gəlmişkən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən İpoteka haqda Qanuna edilən dəyişikliklə jurnalistlər də güzəştli sosial ipoteka ala biləcək şəxslər siyahısına daxil edildi. Beləliklə, Reyestrə daxil olan və qanunda nəzərdə tutulmuş tələblərə cavab verən jurnalistlər özlərinin ən çətin problemi olan mənzil problemini güzəştli şərtlərlə həll edə biləcəklər. Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka krediti ala biləcəklər.

Məsələ təkcə bununla da bitmir. Jurnalistlərin bir çox sosial imtiyazlardan istifadə edə bilməsi də mümkün olacaq. Məsələn ictimai nəqliyyatdan pulsuz istifadə, bir çox obyektlərə pulsuz giriş, normal əməkhaqqı ilə təmin edilmə, iş və əmək hüquqlarının qorunması və s.

Bununla bağlı MEDİA tərəfindən işlər həyata keçirilir. Məsələn, MEDİA-dan qrant və yardımlar alan redaksiyalara əməkdaşlara minimum 600 manat maaş ödənilməsi tələbi qoyulub. Bundan başqa işçilərin rəsmi əmək müqaviləsi ilə çalışması da tələb edilir. Bu tələblər jurnalistlərin iş və əmək hüquqlarını qorumaqla yanaşı, onların ən azı orta əməkhaqqı məbləğində maaş almalarını təmin edir. Jurnalistlərin mənzil-məişət qayğılarının azalması onların işinin keyfiyyətinə müsbət təsir göstərəcək və bu da özünü həm media sahəsində inkişafa, həm də cəmiyyətin maarifləndirilməsi və məlumatlandırılması işində peşəkar yanaşmada aydın büruzə verəcək.

Göründüyü kimi, artıq jurnalistlərin Qanunda nəzərdə tutulan faydalardan bəhrələnmək imkanları artır. Konkret desək, Media haqqında Qanun təkcə bu sahədə texniki tənzimləmələri nəzərə almır, həm də insan faktorundan çıxış edir, bu sahədə işləyənlərin sosial müdafiəsini, sosial hüquqlarını təmin edir.

8. Jurnalistin fəaliyyət azadlığı necə tənzimlənəcək?

Yeni Qanun jurnalistlərin fəaliyyət azadlığına heç bir maneə yaratmır, əksinə onların işinin daha da asanlaşdırılmasını təmin edir. Jurnalistin dövlət orqanlarından informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır. Əksinə, daha tez cavab verilməsi tələb olunur.

17.3. İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Bütün bunlar isə öz növbəsində mediamızın inkişafı, peşəkar işləməsi, bu sahədə qayda-qanun yaradılmasını təmin edir. Ümumiyyətlə, son 1 ildə bu sahədə xeyli işlər görülüb. MEDİA-nın yaradılması, onun jurnalistlər üçün peşə təlimləri təşkil etməsi, müxtəlif layihələr, müsabiqələrlə bu sahədə inkişaf meyillərinin yaradılması, tələblərə cavab verən media subyektlərinin qrantlar və yardımlarla dəstəklənməsi, mediada peşə etikasına və qanunlara riayət edilməsi üçün qoyulan tələblər, yeni Media Qanununun qəbul edilməsi və nəhayət Prezident fərmanı ilə jurnalistlərin sosial ipoteka almaq imkanlarının yaradılması - bütün bunlar bu sahədə vəziyyəti kökündən dəyişməyə hesablanmış addımlardır. Hələ proses yeni başlayıb, şübhə yoxdur ki, tezliklə media sahəsində tamamilə yeni vəziyyət yaranacaq.

Bu ildən etibarən Media qanununun tətbiq olunması, bu sahədə islahatların aparılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi tezliklə öz müsbət nəticələrini verəcək. Yekun nəticədə Azərbaycan mediasının inkişafının, beynəlxalq satandartlara uyğun peşəkar çalışmasının və bu sahədə qayda qanunun bərqərar olmasının, həmçinin jurnalistlərin iş və əmək hüquqlarının təmin edilməsinin bütün cəmiyyətimiz və dövlətimiz üçün faydalı olacağını görmək çətin deyil.

Göründüyü kimi, bəzi dairələrin ətrafında süni hay-küy qopardığı Media qanununun heç bir mənfi tərəfi yoxdur. Tam əksinə, qanun bu sahədə qayda-qanun yaratmaq, mümkün xaosun və anaxiyanın qarşısını almaq, informasiya məkanının təmizliyinin və jurnalistikanın inkişafının təmin edilməsini şərtləndirəcək.

Bəhruz Quliyev
“Səs” Media Qrupunun rəhbəri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti