Bakı. Trend:
Korsikada baş verən hadisələr son günlər həm Fransanın özündə, həm də bütün Qərbdə ikili standartların, qərəz və ədalətsizliyin hökm sürdüyünü bir daha açıq-aşkar göstərir.
Bunu Trend-in sualına cavab olaraq Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Qarabağda baş verən hadisələri xalqların öz müqəddaratlarını təyinetmə hüququ ilə əlaqələndirən Fransa nədənsə Korsikada baş verənləri “separatizm”in təzahürü kimi qiymətləndirir.
“Əcaba, səbəb nədir? Necə olur, Qarabağda baş verənlərə fərqli mövqe nümayiş etdirən Fransa Korsikada baş verənlərə belə sərt və kəskin reaksiya verir? Vətən müharibəsində qələbədən sonra Fransa Senatının qondarma “Arsax”ın müstəqilliyini tanımağa çağıran qətnamə qəbul etməsini hər birimiz yaxşı xatırlayırıq. “Arsax”ı müstəqil görmək istəyən Fransa senatı nədən bu ölkənin öz vətəndaşlarına hətta mədəni muxtariyyət verməkdən belə imtina edir? Burada hətta separatizm barədə də danışmağa dəyməz, çünki heç kəs ayrılmağı tələb etmir.
Bir daha qeyd etmək lazımdır ki, Parisin davranışı Fransa tərəfindən tətbiq edilən ikili standartlar nümunəsidir. Fransanın siyasi rəhbərliyi korsikalıların muxtariyyət barədə dinc tələblərinə etinasızlıq göstərir. Ancaq, eyni zamanda, təcavüzkar erməni separatizmini, işğalı və etnik təmizləmələri dəstəkləyirlər”, - deyə deputat bildirib.
O qeyd edib ki, xaricdəki separatçıları tam dəstəkləyən, onların nazı ilə oynayan Paris Fransanın qeyri-titul etnosuna mənsub olan öz vətəndaşlarının problemlərinə biganə yanaşır.
“Fransa indi bunun cavabını alır. Hesab edirəm ki, Fransa senatının “Arsax”ın müstəqilliyi ilə bağlı qətnamə qəbul etməsi nəzərə alınaraq Azərbaycan Respublikasının Milli Məclisi də Korsika ilə bağlı müzakirələr aparıb qətnamə qəbul etməlidir. Qoy, Fransa senatı da Azərbaycanın keçirdiyi hisləri yaşasın, ədalətsiz və qərəzli yanaşmanın hansı fəsadlar yarada biləcəyini dərk etsin. Bəlkə, belə olduğu təqdirdə gələcəkdə Fransa siyasi elitası digər dövlətlərin daxili işlərinə qarışaraq ədalətsiz qətnamə qəbul etməkdən çəkinərlər” – deyə deputat əlavə edib.