...

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət Azərbaycanı dünyada hörmətlə yanaşılan ölkəyə çevrib - ŞƏRH

Siyasət Materials 24 Aprel 2022 10:13 (UTC +04:00)
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət Azərbaycanı dünyada hörmətlə yanaşılan ölkəyə çevrib - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük müharibədə tarixi Zəfərdən sonra Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası olduqca böyükdür. Müzəffər Ali Baş Komandan İlham Əliyev Qurultayda çıxış edərək bir çox mühüm məsələlərə toxundu və Azərbaycanın qətiyyətli mövqeyini bir daha səsləndirdi.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və dünya incisidir.

“Eyni zamanda Şuşa strateji baxımdan çox əhəmiyyətli bir yerdir. Digər tərəfdən Şuşa siyasi-ideoloji baxımdan xalqımız üçün böyük məna kəsb edir. Əlbəttə, Şuşada belə bir mötəbər tədbirin keçirilməsini bütün dünya azərbaycanlıları böyük qürur və fəxarət hissi ilə qarşılayır. Tədbirdə iştirak edən soydaşlarımızın sevinci bunu bir daha sübut edirdi.

Dünya Azərbaycanlılarının I qurultayının 2001-ci ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçiriləndə məqsəd dünya azərbaycanlılarını daha da birləşdirmək, koordinasiya etmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq idi. Eyni zamanda ulu öndərimizin siyasətinin başlıca istiqamətlərindən biri olan azərbaycançılıq ideologiyasının məfkurəsinin bütün dünya azərbaycanlıları tərəfindən mənimsənilməsi qarşıya qoyulan vəzifələrdən biri idi. Bu ideologiyanın məqsədi güclü Azərbaycan qurmaq idi və 2003-cü ildən bu günə qədər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox güclü və qüdrətli dövlətə çevrilib”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan dünyada böyük nüfuz qazanmış və hörmətlə yanaşılan ölkəyə çevrilib.

“Əlbəttə bunun kökündə Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü məqsədyönlü siyasət dayanır. Güclü iqtisadiyyat quraraq, güclü ordu yaradaraq, gəncləri vətənpərvərlik ruhunda yetişdirərək, milli birliyimizi möhkəmləndirərək Azərbaycan güclü ölkəyə çevrildi. Cənab Prezidentin qətiyyəti, prinsipiallığı, diplomatik məharəti, Müzəffər Ali Baş Komandanlığı nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin ən parlaq qələbəsini qazandı”, - deyə C.Osmanov əlavə edib.

O vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyün bərpa edəndən sonra da postmünaqişə dövründə də xalqın milli maraqlarına uyğun olaraq cənab Prezident məqsədyönlü siyasət yürüdür və döyüş meydanında əldə etdiyimiz tarixi qələbəni diplomatik müstəvidə də davam etdirir.

Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə Ermənistan və dünya erməniliyi ilə müharibə aparmayıb.

“Azərbaycan Ermənistanın himayədarları, onların arxasında dayanan qüvvələrə də qalib gəldi. Əlbəttə ki, bu baxımdan bu qələbənin çox böyük tarixi əhəmiyyəti var”, - deyə o əlavə edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-ə deyib ki, 2020-ci il 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

“Məhz bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Torpaqlarımızın işğalına son qoyuldu. Sentyabrın 27-də düşmənin növbəti hərbi təxribatına cavab olaraq başlayan və hər günü Azərbaycan Ordusunun bir uğuru ilə tarixə yazılan Vətən müharibəsi noyabrın 10-də Ermənistanın ölkəmiz qarşısında diz çökməsi ilə başa çatdı”, - deyə o bildirib.

Deputat qeyd edib ki, ölkəmiz bu uğuru heç də asanlıqla əldə etməyib. “Həmin günlər Azərbaycan dövləti böyük sınaqlardan çıxdı, böyük təzyiqlərə sinə gərdi. Lakin bir an belə dayanmadı, büdrəmədi. Çünki xalq öz Liderinin və ordusnun arxasında idi. Cənab Prezidentin bəyan etdiyi kimi, bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Bütün dünya bir daha Azərbaycanın gücünü gördü, ölkəmizdəki Prezident-Ordu-Xalq birliyinin şahidi oldu”, - deyə V.İskəndərov əlavə edib.

Onun sözlərinə görə, o günlərdə eyni zamanda Azərbaycan diasporu da sınaqdan alnıaçıq, üzüağ çıxdı.

“Ordumzu səngərlərdə düşmənlə döyüşərkən, diaspor təmsilçilərimiz də bütün dünyada erməni lobiisi ilə baş-başa gəldi. Çox sevindirici haldır ki. Hər iki döyüş də Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Məhz buna görə də Dünya Azərbaycanlılarının Vətən mühairbəsindən sonrakı qurultayınn Şuşada keçirilməsinin rəmzi mənası var”, - deyə V.İskəndərov əlavə bildirib.

Deputat qeyd edib ki, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə biz həm hərbi strateji, həm də mənəvi cəhətdən mənfur düşmənin müqavmətini tam qırdıq.

“Digər tərəfdən isə Şuşa mənəvi cəhətdən də həmişə xalqımızın həyatında mühüm rol oynayıb. Qafqazın mədəniyyət beşiyi sayılan Şuşa Azərbaycana yüzlərlə görkəmli şəxsiyyət bəxş edib. Burada olan tarixi abidələr, mədəniyyət obyektləri Azərbaycan tarixində mühüm rol oynayıb. Şuşanın işğaldan azad olunması günü həm də rəmzi məna daşıyır. Biz çox xoşbəxt insanlarıq ki bu günləri yaşayır və bu tarixin bir parçasıyıq.

Beləliklə, artıq yeni dövrə qədəm qoymuşuq və cənab Prezidentin bəyan etdiyi kimi biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Əminəm ki, Zəfər qurultayının iştirakçıları bundan sonra da Azərbaycanın bir əsgəri kimi yaşadıqları ölkələrdə bayrağımız, xalqımız, vətənimiz naminə var gücləri ilə çalışacaqlar”, - deyə deputat sonda əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti