Bakı. Trend:
Azərbaycan daha bir uğurlu tədbirə ev sahibliyi etdi. Dünya Azərbaycanlılarının V Zəfər qurultayı çox müvəffəqiyətlə və yüksək səviyyədə Şuşada keçirildi. Tədbirdə 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsi iştirak etdi.
Dünya Azərbaycanılarının Şuşada keçirilən Zəfər Qurultayında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu. Prezident İlham Əliyev Qurultayda öz nitqində bir çox məsələlərə toxundu və dünya azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun yol xəritəsi cızdı. Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi bütün dünyada yaşayan soydaşlarımızda böyük inam və ruh yüksəkliyi yaratdı
Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, bu qurultay həm siyasi, həm də mənəvi baxımdan çox mühüm hadisə kimi yadda qalacaq.
“V qurultay - Zəfər Qurultayı Azərbaycanın mədəniyyət paytaxtı, Azərbaycanın qazandığı tarixi zəfərin simvolu sayılan Şuşada keçirildi. Bu da təsadüfi deyil çünki Şuşa mənəvi baxımdan xalqımız üçün böyük məna daşıyır. Hesab edirəm ki, qurultayın məhz Şuşada keçirilməsi bütün dünya azərbaycanlılarında böyük qürur və sevinc hissi yaratdı. Doğma Şuşamız 30 ilə qədər müddət ərzində erməni işğalı altında qaldı.
Bu müddət ərzində hər birimizin qəlbində bir nisgil var idi, dogma torpaqlarımızın həsrəti hər birimizi narahat edirdi. Ancaq bu gün bu nisgil qürurla, narahatlıq isə sevinclə əvəz olunub, artıq dünyanın dörd bir tərəfindən soydaşlarımız Şuşaya toplaşır. Bu, hər bir azərbaycanlıda inanılmaz bir sevinc və qürur hissi yaradır”, - deyə deputat bildirib.
O qeyd edib ki, qurultay dünya azərbaycanlıları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, onların fəaliyyətinin daha səmərəli təşkilinə və səfərbər olmasına imkan yaradacaq.
“Qurultay siyasi baxımdan da mühüm əhəmiyyətə malikdir. Qurultay zamanı çox səmərəli müzakirələr aparıldı və mühüm sənədlər qəbu edildi. Bildiyiniz kimi Müzakirələr nəticəsində Qurultayın yekun sənədləri - qurultayın qətnaməsi, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərində yaratdığı mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti yekdilliklə qəbul edilib. Bu sənədlər dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb etməklə yanaşı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün olduqca vacibdir. Bu baxımdan qurultay həm mənəvi, həm də siyasi baxımdan ölkəmiz üçün çox uğurlu oldu”, - deyə S.Hüseynova əlavə edib.
Deputat Elşən Musayev isə Trend-in sualına cavab olaraq bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi Azərbaycan tarixinin qızıl səhifələrindəndir və bu tarix həm də bizim şərəf, qürur tariximizdir.
“2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının ilk qurultayı keçirildi və həmin qurultayda Ulu Öndər söylədi ki, bizim əsas hədəfimiz Qarabağı işğaldan azad etmək, xalqı öz əzəli, doğma torpaqlarına qovuşdurmaqdır. Heydər Əliyev bu prosesin gerçəkləşəcəyinə inanırdı. Çünki düzgün, məntiqli strategiya qurmuşdu, məqsədyönlü siyasət yürüdürdü və həmin strategiya, siyasət növbəti illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. İllər boyunca Azərbaycan daha da gücləndi, beynəlxalq nüfuzumuz daha da artdı və nəticə etibarilə biz həqiqətən də Heydər Əliyevin söylədiyi və arzuladığı dövrə qədəm qoyduq, Qarabağımıza qovuşduq.
Artıq Şuşada Qurultay keçirildi, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin Zəfər Qurultayında möhtəşəm çıxış etdi, dünyaya mesajlar verdi. Gerçəkdən qürurverici mənzərədir. Gerçəkdən böyük tarixdir. Gerçəkdən böyük xoşbəxtlikdir. Həmin qüruru, Zəfər tarixini, xoşbəxtliyi bizlərə yaşadan isə dəyərli Prezidentimiz və qəhrəman ordumuzdur”, - deyə deputat bildirib.
O əlavə edib ki, 44 günlük müharibədə biz Ermənistanı darmadağın etdik, onlara Azərbaycanın və azərbaycanlının əsl gücünü, əzmini göstərdik.
“Həmin proseslərdə diasporamız da çox fəal oldu və Azərbaycanın haqq səsini dünyaya çatdırdı. İndi isə xaricdə yaşayan soydaşlarımız Zəfər Qurultayına Şuşaya gəldilər. Şuşa bir tək bizim Mədəniyyət Paytaxtımız deyil. Şuşa həm də bizim birliyimizin simvoludur. Şuşa bizim baş tacımızdır.
Azərbaycanı qələbələrə aparan, xalqı yenidən doğma Qarabağa qovuşduran möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü düzgün və məqsədyönlü siyasətdir. Biz hələ Şuşada çox tədbirlər keçirəcəyik. Şuşa hələ bir çox gözəl hadisələrə şahidlik edəcək”, - deyə o əlavə edib.