Bakı. Trend:
Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.
Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu cür təxribatçı addımlarla Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüssel görüşü çərçivəsində növbəti addımı atılmış sülh prosesinə bir daha əngəl olmağa çalışır.
Bu faktı Trend-ə şərh edən amerikalı ekspert İrina Tsukerman qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədini keçmək cəhdi üçtərəfli bəyanat qəbul olunduqdan bəri İrəvan tərəfindən törədilən, Azərbaycanın hərbi reaksiyasına nail olmaq və sülh prosesini dondurmaq məqsədi daşıyan təxribatlar seriyasından növbəti təxribatdır.
“Qeyd etmək lazımdır ki, bu insident Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdən sonra baş verib. Bu görüşdən sonra isə Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutub”, - İ.Tsukerman deyib.
Onun sözlərinə görə, bu ona işarədir ki, N.Paşinyan Ermənistan silahlı qüvvələrinə nəzarət etmir.
“Bu təxribat Ermənistanın özünün maraqlarına xidmət etmir. Bununla belə, Azəerbaycan heç bir cavab addımı atmayıb, əvəzində diplomatik və siyasi prosesin təmin olunmasına diqqətini yönəldib”, - deyə ekspert bildirib.
Öz növbəsində, digər amerikalı ekspert Piter Teys Trend-ə bildirib ki, Ermənistan tarixən qonşulara qarşı özünü aqressiv aparıb və Azərbaycanla sülh prosesinə ziyan vurmaqda davam edir.
Ekspert hesab edir ki, Avropa Şurası Ermənistan silahlı qüvvələrinin Zəngilan rayonuna girmək cəhdini pisləyən qətnamə qəbul etməli və Ermənistan rəhbərliyinə Brüssel razılaşmalarına əməl etməsi üçün təzyiq göstərməldir, belə ki, İrəvan beynəlxalq konvensiyaları pozur.
P.Teysin sözlərinə görə, bu gün yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan danışıqların uğur qazanması üçün əlindən gələni edir.