Bakı. Trend:
Ermənistan heç vaxt, istər əvvəlki vaxtlarda, istərsə də indi, heç bir öhdəliyinə əməl etməyib və bu, artıq kifayət qədər təsdiq olunan bir reallıqdır.
Bunu Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev media təmsilçiləri Sirac Abışov və Məhərrəm İbrahimovun ötən ilin bu günü Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olmalarının ildönü ilə bağlı münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, sözügedən fakt həm də onu sübut edir ki, Ermənistan ümumiyyətlə, heç bir beynəlxalq konvensiyalara əməl etməməsi ilə yanaşı, o cümlədən, mülki şəxslərə, habelə, iş başında olan jurnalistlərə, reportyorlara qarşı vəhşi üsullarını tətbiq edirlər
"Vətən müharibəsi dövründə biz dəfələrlə jurnalistlərimizin, çəkiliş qruplarımızın atəşə tutulmalarının şahidi olduq və bütün bunları isbatlayan kadrlar mövcuddur. Əlbəttə ki, erməni tərəfi əvvəl-axır bu cinayətkar əməllərinə görə hüquqi cəzasını alacaq və məlumdur ki, bu və digər hadisələrlə bağlı Azərbaycan Beynəlxalq İnsan Haqları Məhkəməsinə müraciət edib.
Prezident İlham Əliyev ölkə jurnalistlərinə verdiyi geniş müsahibəsində də xüsusilə vurğulayıb ki, Ermənistanın səmimiliyinə etibar etmək olmaz, bu ölkədə kimlərin rəhbərliklərdə olmalarına baxmayaraq, onlar öz etimadsızlıqlarını qeyri-ciddi fəaliyyətləri ilə nümayiş etdirirlər.
Lakin daha bir amil budur ki, 44 günlük müharibədə aldığı ağır məğlubiyyətə baxmayaraq, bu günün özündə də müxtəlif cür sabotajlara, təxribatlara əl atan Ermənistan dinc dayanmaq istəmədiyini müxtəlif vasitələrə nümayiş etdirməkdədir. İstər mina xəritələrinin verilməməsində, istər 2020-ci ilin 10 noyabr üçtərəfi bəyanatında, istər 2021-ci ilin 11 noyabr bəyanatında, istərsə də sonrakı Moskva, Soçi və Brüssel görüşlərinin nəticələrində əldə edilmiş razılaşmalarda biz Ermənistanın qəbuledilməz əməllərini müşahidə edirik. Ancaq təbii ki, belə davam edə bilməz və Ermənistan mütləq şəkildə qarşıya qoyulan tələbləri yerinə yetirmək məcburiyyətindən yaxa qurtara bilməz”, - o qeyd edib.