Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, təlimdə tək və taktiki qrup şəklində döyüş
tapşırıqları yerinə yetirilib, şərti düşmənin hava və dəniz
hədəfləri məhv edilib, sualtı diversiyaya qarşı qumbaraatma
fəaliyyəti, eləcə də döyüş atışları icra olunub.
Taktiki təlim zamanı Xəzər dənizinin Azərbaycan Respublikasına
məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və
müdafiəsi məqsədilə HDQ-nin bölmələri tərəfindən neft-qaz boru
kəmərləri rayonlarında patrulaparma fəaliyyətləri, həmçinin qəzaya
uğrayan gəminin təxliyyəsi üzrə epizodlar da məşq etdirilib.
Sonda ümumi fəaliyyətlər təhlil edilib, qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd olunub.
Qeyd edək ki, müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.