...

Qida təhlükəsizliyi haqqında Qanun təsdiqləndi

Siyasət Materials 24 İyun 2022 18:20 (UTC +04:00)
Qida təhlükəsizliyi haqqında Qanun təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Trend-in məlumatına görə, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 20-ci və 26-cı bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1-ci fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.1.1. qida məhsulları - insanların qidalanması üçün nəzərdə tutulan emal olunmamış, yarımemal olunmuş və ya tam emal olunmuş məhsullar, o cümlədən qida əlavələri, bioloji aktiv qida məhsulları, qida xammalı, içkilər (alkoqollu və alkoqolsuz), içməli su (qablaşdırılmış), duz və saqqız. Bu anlayışa yem məhsulları, istehlak üçün hazır olmayan diri heyvanlar, toxum, məhsulun yığımına qədər bitkilər, dərman vasitələri, ətriyyat-kosmetik vasitələr, tütün və tütün məhsulları, narkotik və psixotrop maddələr və çirkləndirici maddələr daxil deyil;

1.1.2. qida xammalı - qida məhsullarının emalı üçün istifadə olunan bitki, heyvan, mikrobioloji, mineral, süni və biotexnoloji mənşəli maddələr və qida məhsullarının ilkin istehsalı, istehsalı və emalı zamanı onlara əlavə edilən su;

1.1.3. sub məhsul - heyvan və quş kəsimi zamanı əldə edilən və qida üçün yararlı olan ət məhsulları (dil, böyrəklər, beyin, ürək, qaraciyər, ağciyər, işgənbə, kitabça, dalaq, diafraqma, ətraflar, quyruq, yelin, pətənək və s.);

1.1.4. heyvan mənşəli qida məhsulu - insanların qidalanması üçün istifadə olunan heyvan əti, quş əti, heyvan və quş ətinin sub məhsulları, balıq və balıq kürüsü, molyuska, xərçəngkimilər və digər su onurğasızları, yumurta, bal və digər arıçılıq məhsulları (vərəmum, arı südü), süd və emal yolu ilə onlardan alınan qida məhsulları;

1.1.5. bitki mənşəli qida məhsulu - insanların qidalanması üçün istifadə olunan yığılmış göbələk, meyvə, tərəvəz, qida üçün istifadə olunan digər bitki mənşəli məhsullar və emal yolu ilə onlardan alınan qida məhsulları;

1.1.6. zənginləşdirilən (fortifikasiya olunan) qida məhsulları - məhsulların qida dəyərinin yüksəldilməsi və nutriyent (vitamin, mineral, zülal, yağ, karbohidratlar) çatışmazlığı səbəbindən yaranan xəstəliklərin profilaktikası məqsədilə məhsullara müəyyən xüsusiyyətlərin verilməsi üçün onlarda əvvəlcədən olmayan və ya yetərincə olmayan, yaxud emal prosesində (mərhələsində) itirilmiş bir və ya daha artıq inqrediyentin və digər maddələrin əlavə olunduğu qida məhsulları;

1.1.7. yeni növ qida məhsulları - yeni texnologiyalar tətbiq edilməklə (o cümlədən, nano-texnologiyalar) emal nəticəsində yeni və ya dəyişdirilmiş molekulyar struktura malik olan, əvvəllər istifadə olunmayan xammaldan istehsal edilən və Azərbaycan Respublikasının ərazisində insanların qidalanması üçün əvvəllər istifadə olunmamış qida məhsulları;

1.1.8. qida əlavələri - qida məhsuluna hər hansı bir texnoloji (o cümlədən, orqanoleptik) məqsədlə əlavə olunan, qida dəyərinin olub-olmamasından asılı olmayaraq ayrıca olaraq qida şəklində və ya qida məhsullarının səciyyəvi tərkib hissəsi kimi istehlak olunmayan, birbaşa və həmçinin dolayı yolla qida məhsullarının tərkib hissəsi ola biləcək və ya onun xüsusiyyətlərinə (rənginə, dadına və s.) təsir edə biləcək hər hansı maddə;

1.1.9. bioloji aktiv qida məhsulları - qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrin birindən və ya bir neçəsindən ibarət, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş və dozalaşdırılmış (kapsul, tablet, ampul, damcı və digər analoji formada) qida məhsulu;

1.1.10. inqrediyent - qida məhsullarının hazırlanmasında istifadə olunan, yaxud hazır məhsulun tərkibində ilkin və ya dəyişilmiş formada mövcud olan maddələr, heyvan, bitki, mikrobioloji, mineral mənşəli maddələr, o cümlədən qida əlavələri;

1.1.11. qida məhsulları ilə təmasda olan material və məmulatlar - qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə edilən, qida məhsulu ilə birbaşa təmasda olan material və məmulatlar, o cümlədən tara və qablaşdırma materialları. Bu anlayışa istehlakçıları içməli su ilə təmin edən su təchizatı sistemi daxil deyil;

1.1.12. ilkin istehsal - heyvanların kəsiminə qədər heyvan mənşəli məhsulların əldə edilməsi də daxil olmaqla ilkin istehsal məhsullarının yığılması, becərilməsi, çeşidlənməsi, habelə çöl heyvanlarının, balıqların və dəniz məhsullarının ovlanması və yabanı bitki məhsullarının yığılması;

1.1.13. ilkin istehsal məhsulları - ilkin istehsaldan, o cümlədən torpaqdan və diri heyvandan, habelə arıdan alınan qida və yem məhsulları, dəniz məhsulları, o cümlədən balıq və balıq kürüsü, ovlanmış çöl heyvanları və yığılmış yabanı bitki məhsulları;

1.1.14. qida və yem məhsullarının istehsalı - emala məruz qalmadan ilkin istehsal məhsulunun təmizlənməsi, kəsilməsi (heyvan kəsimi daxil olmaqla), doğranması, parçalanması, dilimlənməsi, cilalanması, üyüdülməsi, dərisinin soyulması, tükünün yolunması, soyudulması, dondurulması və ya onların kombinasiyasından ibarət hər hansı proses, bununla bağlı çəkilib bükülməsi, qablaşdırması, etiketlənməsi, habelə qida və yem məhsullarının istehsaldaxili saxlanması və daşınması;

1.1.15. qida və yem məhsullarının emalı - ilkin istehsal məhsullarının və istehsal nəticəsində əldə edilmiş məhsulların isidilməsi, qurudulması, bişirilməsi, hisə verilməsi, marinad edilməsi, ekstraksiyası, sıxlaşdırılması və ya onların kombinasiyasından ibarət hər hansı proses, habelə qida və yem məhsulunun emala hazırlanması, çəkilib bükülməsi, qablaşdırılması, etiketlənməsi, qida və yem məhsulunun emal ərazisində saxlanması və daşınması;

1.1.16. qida və yem məhsullarının dövriyyəsi - qida və yem məhsullarının saxlanması, daşınması, idxalı və ixracı, tədarükü, topdan və pərakəndə ticarət obyektləri tərəfindən satışı, barteri, hər hansı formada (kommersiya və ya qeyri-kommersiya məqsədləri üçün) ötürülməsi, habelə qida məhsullarının istehlakı;

1.1.17. qida və yem məhsullarının utilizasiyası - qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə cavab verməyən qida və yem məhsullarının ilkin nəzərdə tutulmuş təyinatından başqa bir təyinat üçün istifadə etmək məqsədilə texnoloji emalı, yaxud digər məqsədlərlə istifadəsi;

1.1.18. qida və yem məhsullarının məhv edilməsi - istifadəyə yararsız və təhlükəli qida və yem məhsullarının hər hansı formada istifadəsini mümkünsüz edən insan və heyvan həyatına və sağlamlığına (bundan sonra – həyat və sağlamlıq), ətraf mühitə zərərli təsirini istisna edən vəziyyətə gətirilməsi;

1.1.19. qida və yem məhsulunun bazara yerləşdirilməsi - qida və yem məhsulunun kommersiya və qeyri - kommersiya məqsədləri ilə satışı və ya hər hansı formada ötürülməsi, satış üçün saxlanması və paylanması;

1.1.20. qida zənciri - qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusu;

1.1.21. qida zəncirində fəaliyyət - qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi ilə bağlı həyata keçirilən fəaliyyət;

1.1.22. qida zənciri subyektləri (bundan sonra – qida subyektləri) - qida zəncirində fəaliyyətlə məşğul olan fiziki və ya hüquqi şəxslər, bələdiyyə, dövlət orqanları (qurumları);

1.1.23. qida zənciri obyekti (bundan sonra – qida obyekti) - qida zəncirində fəaliyyətin həyata keçirildiyi məkan, sahə, bina, nəqliyyat vasitəsi və digər modul tipli (daşına bilən) obyekt;

1.1.24. məhsulların izlənilməsi - qida zəncirinin bütün mərhələlərində qida və yem məhsulunun, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin hərəkətinin izlənilməsi;

1.1.25. qida təhlükəsizliyi - qida zəncirinin bütün mərhələlərində, habelə qida məhsullarının istehlakı zamanı qida məhsullarının insanların həyat və sağlamlığına zərər vurmasını tam istisna edən vəziyyəti;

1.1.26. qida təhlükəsizliyi göstəriciləri - sanitar-gigiyenik normalar, qalıqların və çirkləndirici maddələrin yolverilən maksimum miqdarı, gündəlik qəbul hədləri və digər parametrlər də daxil olmaqla, insan həyatının və sağlamlığının qorunmasını təmin edən göstəricilər;

1.1.27. minimum keyfiyyət göstəriciləri - qida məhsullarının insanların istifadəsinə yararlı olmasına və insan orqanizmi üçün zəruri olan nutriyentlərin minimum həddə qəbuluna zəmanət verən fiziki, kimyəvi, orqanaleptik və digər xüsusiyyətləri;

1.1.28. qida və yem məhsullarının partiyası - eyni istehsal növbəsində və yerdə ilkin istehsal, istehsal və emal olunan, qablaşdırılan, eyni texnoloji şərtlərlə əldə edilən, identifikasiya olunmuş məhsulların bir qrupu və ya dəsti;

1.1.29. çirkləndirici maddə - qida və yem məhsullarının təhlükəsizliyinə və ya minimum keyfiyyətinə təhlükə yarada bilən, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi zamanı məhsulların tərkibinə məqsədli şəkildə daxil edilməyən və ya ətraf mühitdən keçən maddə;

1.1.30. qalıqlar - baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, bitki mühafizə vasitələrinin, ağır metalların və çirkləndirici maddələrin qida və yem məhsullarındakı qalıqları;

1.1.31. yararlılıq müddəti - saxlanma şərtlərinə əməl edilməklə, qida məhsullarının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə uyğunluğunun tam saxlanılması müddəti;

1.1.32. risk - qida və yem məhsulunun həyat və sağlamlığa mənfi təsir ehtimalı və həmin təsirin ağırlıq dərəcəsi;

1.1.33. risklərin təhlili - həyat və sağlamlığın qorunmasını təmin etmək məqsədilə riskin qiymətləndirilməsi, idarə edilməsi və risk haqqında məlumatlandırma;

1.1.34. riskin qiymətləndirilməsi - təhlükənin müəyyən edilməsi, təhlükənin xarakterizə edilməsi, təhlükəyə məruzqalma ehtimalının qiymətləndirilməsi və riskin xarakterizə edilməsi kimi 4 (dörd) mərhələdən ibarət olan proses;

1.1.35. riskin idarə edilməsi - riskin qiymətləndirilməsi nəticələri əsasında və maraqlı şəxsləri cəlb etməklə riskin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması üzrə tədbirlərin müəyyən olunması və həyata keçirilməsi;

1.1.36. risk haqqında məlumatlandırma - riskin təhlili çərçivəsində mövcud və potensial təhlükələr və risklər haqqında qida subyektləri, istehlakçılar, dövlət orqanları və qurumları, habelə digər maraqlı şəxslər arasında məlumat mübadiləsi;

1.1.37. kritik nəzarət nöqtəsi - qida və yem məhsullarında təhlükə amillərinin əvvəlcədən qarşısının alınması, məqbul səviyyəyə qədər azaldılması (məhdudlaşdırılması) və ya aradan qaldırılması üçün nəzarət tədbirlərinin tətbiq edilə biləcəyi mərhələ;

1.1.38. təhlükə - qida və yem məhsullarının tərkibində həyat və sağlamlığa zərər vermək gücündə olan bioloji, kimyəvi və fiziki maddələrin mövcudluğu;

1.1.39. Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) - qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemi;

1.1.40. etiketlənmə - qida və yem məhsullarının üzərinə, qablaşdırma materialına, qida və yem məhsulunu müşayiət edən və ya ona aid olan sənədlərə, yaddaş vərəqələrinə (içlik vərəqələri), yapışdırılan vərəqələrə (stikerlərə) vurulan, istehlakçı üçün məhsul və istehsalçı barəsində informasiya verən mətn, nişan (əmtəə və digər), simvol, şərti işarələr və rəsmlər;

1.1.41. qablaşdırma materialı - məhsullara əmtəə görünüşü verən, məhsulun tam və ya qismən örtülməsini təmin edən, məhsulun tərkibini açılmamış və tamlığı pozulmamış vəziyyətdə qoruyan vasitə, daşınma məqsədilə istifadə olunan tara;

1.1.42. yem məhsulları - heyvanların qidalanmasında istifadə olunan emal olunmamış, yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddələr və yem əlavələri;

1.1.43. yem əlavələri - yem məhsuluna və suya məqsədli şəkildə əlavə olunan, heyvanların rasionunda çatışmayan maddələrin, mineralların və vitaminlərin mənbəyi kimi istifadə olunan üzvi, mineral və (və ya) sintetik mənşəli maddələr;

1.1.44. genetik modifikasiya olunmuş orqanizmlər - müasir biotexnoloji və ya gen mühəndisliyi üsulları ilə yaradılan, ənənəvi seleksiyada alınması mümkün olmayan, genetik materialın yeni kombinasiyasına malik və bu kombinasiyanı irsən nəslə ötürmək qabiliyyətinə qadir olan canlı orqanizmlər (bitki, heyvan və mikroorqanizmlər);

1.1.45. təbii mineral su - mikrobioloji göstəriciləri baxımından təmiz, hər hansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan (sonradan tərkibinə əlavə mineral komponentlər əlavə edilməyən) təbii su;

1.1.46. qida və yem məhsulunun geri çağırılması - bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulunun istehlakçılardan götürülməsi, habelə bazarlardan və digər satış obyektlərindən çıxarılması üçün həyata keçirilən tədbir;

1.1.47. qida və yem məhsulunun yığışdırılması - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulunun dövriyyədən çıxarılması.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

Maddə 2. Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, habelə qida və yem məhsullarına və qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələbləri müəyyən edən Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 3. Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan Respublikasının ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.

3.2. Bu Qanun qida məhsulları ilə təmasda olan material və məmulatlara, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə şamil olunur.

3.3. Bu Qanun Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan Respublikasının ərazisinə idxal olunan yem məhsullarına, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan yem məhsullarına, yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.

3.4. Bu Qanun şəxsi istehlak üçün hazırlanan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən miqdarda fiziki şəxslərin özləri tərəfindən və ya poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən qida məhsullarına şamil olunmur.

3.5. Ələt azad iqtisadi zonasında qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

2-ci fəsil

Qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsi

Maddə 4. Qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədləri

4.1. Qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədləri aşağıdakılardır:

4.1.1. həyat və sağlamlığın, istehlakçıların hüquqlarının müdafiəsi;

4.1.2. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması;

4.1.3. yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması;

4.1.4. qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması.

Maddə 5. Qida təhlükəsizliyi sahəsində dövlətin vəzifələri

5.1. Qida təhlükəsizliyi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

5.1.1. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində dövlət siyasətinin formalaşdırılması və dövlət tənzimlənməsinin, o cümlədən qida və yem məhsullarının təhlükəsizliyi sahəsində normativ tənzimləmənin həyata keçirilməsi;

5.1.2. qida və yem məhsullarının təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət proqramlarının, elmi-texniki proqramların hazırlanması və həyata keçirilməsi;

5.1.3. Azərbaycan Respublikasının qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;

5.1.4. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində risklərin elmi cəhətdən əsaslandırılmış təhlili üzrə işlərin təşkili və həyata keçirilməsi;

5.1.5. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq və sertifikatlaşdırmanın həyata keçirilməsi;

5.1.6. bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə riayət olunmasına dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;

5.1.7. qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısının müəyyən edilməsi.

3-cü fəsil

Qida təhlükəsizliyinin əsas prinsipləri

Maddə 6. Risklərin elmi sübutlarla təhlili

6.1. Həyat və sağlamlığın mühafizəsini təmin etmək məqsədilə qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsi elmi sübutlardan və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş standartlardan, tövsiyələrdən və qaydalardan istifadə etməklə, risklərin təhlili prinsipinə əsaslanır.

6.2. Risklərin təhlili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

6.3. Qida və yem məhsulunun həyat və sağlamlığa yarada biləcəyi təhlükələrə dair risklərin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

6.4. Risklərin qiymətləndirilməsi mövcud elmi məlumatlardan, müvafiq ilkin istehsal, istehsal və ya emal üsullarından, yoxlama, monitorinq və auditin nəticələrindən, laboratoriya tədqiqatı üsullarından, konkret xəstəliklərin yayılma dərəcəsi ilə bağlı məlumatlardan istifadə etməklə müstəqil, qərəzsiz və şəffaf şəkildə aparılır.

6.5. Risklərin qiymətləndirilməsi aşağıdakı mərhələlərlə həyata keçirilir:

6.5.1. qida məhsullarının insan orqanizminə yarada biləcəyi təhlükələrin müəyyən edilməsi;

6.5.2. bioloji, kimyəvi və fiziki təsirlərlə əlaqədar qida məhsullarının, habelə qida mənbəyi olan heyvanların və bitkilərin insan orqanizminə yarada biləcəyi təhlükələrin xarakterizə edilməsi;

6.5.3. müəyyən olunmuş hər bir mümkün təhlükəyə məruzqalma ehtimalının qiymətləndirilməsi;

6.5.4. müəyyən olunmuş risklərin xarakterizə edilməsi, eləcə də risklərin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması tədbirlərinə dair təkliflərin verilməsi.

6.6. Risklərin idarə edilməsi tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən risklərin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir.

6.7. Risklər haqqında məlumatlandırma tədbirləri çərçivəsində qida və yem məhsulları ilə bağlı mövcud və potensial təhlükələr barədə istehlakçılara, qida subyektlərinə, dövlət orqanlarına (qurumlarına), habelə digər maraqlı şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vaxtında, düzgün və ətraflı məlumat verilməlidir.

Maddə 7. Həyat və sağlamlığa mümkün təhlükənin qarşısının alınması üçün müvəqqəti tədbirlərin tətbiqi

7.1. Mövcud məlumatların təhlilindən sonra həyat və sağlamlığa təhlükə ehtimalı müəyyən olunduqda, lakin elmi qeyri-müəyyənlik davam etdikdə, daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün əlavə elmi məlumatların əldə edilməsinə qədər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə aşağıdakı müvəqqəti tədbirlər həyata keçirilə bilər:

7.1.1. qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi fəaliyyətinin məhdudlaşdırılması və ya qadağan edilməsi;

7.1.2. qida təhlükəsizliyi sahəsində əlavə tələblərin müəyyən edilməsi;

7.1.3. qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi.

7.2. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan tədbirlər risklərin səviyyəsinə mütənasib olmalı, həyat və sağlamlığın qorunması məqsədilə zəruri olduğundan daha artıq həcmdə ticarət fəaliyyətini məhdudlaşdırmamalı və həmin tədbirlərin tətbiqi nəzərdən keçirilərkən texniki və iqtisadi imkanlar və amillər, habelə zəruri olan digər aidiyyəti hallar nəzərdən keçirilməlidir.

7.3. Həyat və sağlamlığa müəyyən olunmuş riskin xarakterindən, habelə elmi qeyri-müəyyənliyin aradan qaldırılması və daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün zəruri olan elmi məlumatların növündən asılı olaraq bu Qanunun 7.1-ci maddəsi əsasında tətbiq edilən tədbirlər ağlabatan müddət ərzində, lakin hər bir halda 6 ay müddətindən gec olmayaraq yenidən nəzərdən keçirilməlidir.

7.4. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan tədbirlərin tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 8. Qida təhlükəsizliyi sahəsində istehlakçıların hüquqlarının müdafiəsi

8.1. Bu Qanun “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların hüquqlarının müdafiəsi sahəsində aşağıdakı münasibətləri tənzimləyir:

8.1.1. qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması;

8.1.2. istehlakçıları aldatmaqla barəsində saxta və (və ya) yalan məlumat verilən qida məhsullarının ilkin istehsalının, istehsalının, emalının və dövriyyəsinin qarşısının alınması;

8.1.3. qida məhsullarının istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınması.

4-cü fəsil

Qida təhlükəsizliyi sahəsində normativ tənzimləmə

Maddə 9. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu

9.1. Qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla (sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar ilə) müəyyən edilir.

9.2. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunla müəyyən olunmuş tələblər və qida təhlükəsizliyinin prinsipləri nəzərə alınmaqla hazırlanır və qəbul edilir.

9.3. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar bu Qanunun 9.4-cü maddəsində göstərilən hal istisna olmaqla, müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş beynəlxalq standartlar, təlimatlar və tövsiyələr əsasında hazırlanır.

9.4. Beynəlxalq standart, təlimat və tövsiyələrin Azərbaycan Respublikasının sanitar və baytarlıq xüsusiyyətlərinə görə, habelə xəstəliklərin yayılması səbəbindən sanitar mühafizənin zəruri səviyyəsini təmin etmək üçün qənaətbəxş hesab edilməməsinə və ya sanitar mühafizənin daha yüksək səviyyəsinin təmin edilməsi zərurətinə dair elmi sübutlar vardırsa, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar həmin beynəlxalq standart, təlimat və tövsiyələrin tələblərindən fərqli tələblər müəyyən edə bilər.

9.5. Beynəlxalq standart, təlimat və tövsiyələr mövcud olmadıqda və ya sanitar mühafizənin zəruri səviyyəsini təmin etmək üçün onların qənaətbəxş hesab edilməməsi səbəbindən həmin beynəlxalq standart, təlimat və tövsiyələrdən istifadə olunmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar hazırlayarkən mövcud elmi sübutları nəzərə almaqla, risklərin qiymətləndirilməsini aparır və texniki normativ hüquqi aktlarda risklərin qiymətləndirilməsinin nəticələrini nəzərə alır.

9.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmin müqavilələrə üzv olan ölkələrə qida təhlükəsizliyi sahəsində hazırlanan yeni texniki normativ hüquqi aktlar haqqında bildiriş aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) məlumat və bildiriş mərkəzi vasitəsilə göndərilir:

9.6.1. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar mövcud olan müvafiq beynəlxalq standartlara, təlimatlara, tövsiyələrə uyğun olmadıqda;

9.6.2. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanmasında istifadə etmək üçün müvafiq beynəlxalq standartlar, təlimatlar, tövsiyələr mövcud olmadıqda;

9.6.3. qida təhlükəsizliyi sahəsində hazırlanan texniki normativ hüquqi aktlar ticarət tərəfdaşlarının ixrac imkanlarına təsir etdikdə.

9.7. Hər hansı xarici və yerli qida subyektinin və ya Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşının müraciətinə əsasən, məlumat və bildiriş mərkəzi qida və yem məhsullarının təhlükəsizliyi sahəsində aşağıdakılara dair məlumatın ödənişsiz olaraq verilməsini təmin edir:

9.7.1. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar və ya texniki normativ hüquqi aktların layihələri;

9.7.2. qida təhlükəsizliyi ilə bağlı nəzarət prosedurları, qeydiyyat, təsdiq və sertifikatlaşma qaydaları;

9.7.3. qida məhsulunun insan sağlamlığı üçün yaratdığı riskin təhlili üzrə prosedurlar və metodlar;

9.7.4. sanitar mühafizənin zəruri səviyyəsini müəyyən edərkən nəzərə alınan amillər.

9.8. Bu Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş məlumatlar xarici qida subyektinə və ya Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş dillərdən birində verilir.

9.9. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar hazırlanarkən onların xarici ticarəti sanitar mühafizənin zəruri səviyyəsini təmin etmək üçün tələb olunan həddən artıq məhdudlaşdırmaması və qida subyektlərinin fəaliyyətinə əsassız maneə yaratmaması nəzərə alınmalıdır.

9.10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tələb edilən sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etdiyi müəyyən edilərsə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, bu cür texniki normativ hüquqi aktların Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyi tanınır.

9.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

5-ci fəsil

Qida təhlükəsizliyi sahəsində tələblər

Maddə 10. Qida və yem məhsullarının təhlükəsizliyinə dair ümumi tələblər

10.1. Təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi qadağandır.

10.2. Aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:

10.2.1. qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda;

10.2.2. qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda;

10.2.3. qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda.

10.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 10.2-ci maddəsində göstərilən qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların (bu Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulmuş qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması halları istisna olmaqla) istifadəçilər üçün açıq reyestri aparılır.

10.4. Bu Qanunun 10.3-cü maddəsində göstərilən reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.5. Aşağıdakı hallarda yem məhsulları təhlükəli hesab edilir:

10.5.1. heyvan sağlamlığına zərərli olmasına dair sübutlar olduqda;

10.5.2. heyvan mənşəli qida məhsulunu insan istehlakı üçün yararsız etdikdə.

10.6. Təhlükəli hesab edilən qida və yem məhsulu bir bağlamanın, partiyanın, yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda və həmin bağlamada, partiyada və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda, həmin bağlamada, partiyada və yaxud yükdə olan bütün qida və yem məhsulları təhlükəli hesab edilir.

Maddə 11. Xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida məhsullarının təhlükəsizliyinə dair tələblər

11.1. Xüsusi təyinatlı qida məhsullarına aşağıdakılar aiddir:

11.1.1. uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları;

11.1.2. gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları;

11.1.3. insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsulları.

11.2. Xüsusi təyinatlı qida məhsulları aşağıdakı tələblərə uyğun istehsal edilməlidir:

11.2.1. müvafiq istehlakçı qruplarının fizioloji tələbatlarını təmin etmək;

11.2.2. tərkibinə yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən vitaminləri, mineralları və amin turşularını onların yol verilən hədləri çərçivəsində qatmaq.

11.3. Xüsusi təyinatlı qida məhsullarının təhlükəsizliyinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

11.4. Qida subyektləri bioloji aktiv qida məhsullarının emalı zamanı yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş vitaminlərdən və minerallardan istifadə edə bilərlər.

11.5. Bioloji aktiv qida məhsullarının emalına və dövriyyəsinə həmin maddələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 25.1-ci maddəsinə əsasən qeydiyyatı aparıldıqdan sonra icazə verilir.

11.6. Bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 12. Zənginləşdirilən (fortifikasiya olunan) qida məhsullarının təhlükəsizliyinə dair tələblər

12.1. Qida məhsulları zənginləşdirilə (fortifikasiya oluna) bilər. Qida məhsullarının zənginləşdirmə tələbləri, metodları və zənginləşdirmə (fortifikasiya) prosesində istifadə olunan inqrediyentlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmalıdır.

12.2. Qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya olunması) haqqında qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elmi əsaslandırılmış təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar qida subyektləri üçün məcburi xarakter daşıyır.

12.3. Qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 13. Genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına dair tələblər

13.1. Azərbaycan Respublikasının ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar bu Qanunun 25.8-ci maddəsində nəzərdə tutulmuş qaydada qeydiyyata alındıqdan sonra icazə verilir.

13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş orqanizmlərin və yem məhsullarının qeydiyyata alınmadan istehsalı, emalı və dövriyyəsi qadağandır.

13.3. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş orqanizmlərin və yem məhsullarının ilkin istehsalı qadağandır.

13.4. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş orqanizmlər və yem məhsulları bu Qanunun 25-ci maddəsinə əsasən qeydiyyata alınması üçün aşağıdakı tələblərə cavab verməlidir:

13.4.1. həyat və sağlamlığa zərərli olmamalı;

13.4.2. istehlak xüsusiyyətləri ilə bağlı istifadəçiləri aldatmamalı;

13.4.3. heyvanların normal qidalanması üçün əvəz etdiyi məhsullardakı zəruri inqrediyentlərə malik olmalıdır.

Maddə 14. İçməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə olunan suyun təhlükəsizliyinə dair tələblər

14.1. İçməli su (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə edilən su qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunan tələblərə uyğun olmalıdır.

14.2. İçməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə edilən suyun qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

14.3. Təbii mineral suların (qablaşdırılmış) istehsalı, emalı və dövriyyəsi həmin sular müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 25.1-ci maddəsinə əsasən qeydiyyata alındıqdan sonra yol verilir.

Maddə 15. İlkin istehsal məhsullarının təhlükəsizliyinə dair tələblər

15.1. İlkin istehsalla məşğul olan qida subyektləri istehsal etdikləri məhsulların təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı tələbləri yerinə yetirməlidirlər:

15.1.1. ilkin istehsal məhsullarının təhlükəsizliyinə təhlükə yarada bilən ətraf mühit amillərinin zərərli təsirlərindən kənar ərazilərdə fəaliyyət göstərmək;

15.1.2. ilkin istehsalla məşğul olan qida subyektləri tərəfindən istehsal etdikləri ilkin istehsal məhsullarının hava, torpaq, su, baytarlıq preparatları, aqrokimyəvi maddələr və bitki mühafizəsi vasitələri ilə çirklənməsinin qarşısını almaq üçün tədbirlər görmək;

15.1.3. qidalanma üçün aşkar yararsız olan məhsulları ayırmaq üçün onların çeşidlənməsini təşkil etmək və belə məhsulların sanitariya normalarına uyğun olaraq utilizasiyasını, yaxud məhv edilməsini təmin etmək;

15.1.4. ilkin istehsalla əlaqəli olan infrastrukturu, saxlama anbarlarını və digər obyektləri, ilkin istehsal məhsulu ilə təmasda olan avadanlıqları, konteynerləri, nəqliyyat vasitələrini və digər daşıycıları təmiz saxlamaq və dövri olaraq dezinfeksiya etmək;

15.1.5. kəsim üçün aparılan heyvanların təmizliyini təmin etmək;

15.1.6. ilkin istehsal zamanı yaranan tullantıların qida və yem məhsulunu çirkəndirməsinin qarşısını almaq və zərərli maddələrin etibarlı və təhlükəsiz saxlanması üçün tədbirlər görülməsini təmin etmək;

15.1.7. qida məhsulunda yoluxucu xəstəlik aşkarlandıqda, xəstəliyin insanlara keçməsinin qarşısını almaq üçün tədbirlər görmək və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməsini təmin etmək;

15.1.8. heyvanlardan, bitkilərdən, heyvan və bitki mənşəli məhsullardan götürülən nümunələr üzərində aparılmış sınaqların nəticələrini öz fəaliyyətində nəzərə almaq;

15.1.9. yem əlavələrindən, baytarlıq preparatlarından, bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun istifadə etmək.

15.2. İlkin istehsala dair sanitar-gigiyenik tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 16. Qida və yem məhsullarının istehsalı və emalı zamanı onların təhlükəsizliyinə dair tələblər

16.1. Qida və yem məhsullarının istehsalı və emalı zamanı qida və yem məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən qida və yem xammalından, ilkin istehsal məhsullarından, inqrediyentlərdən və qeydiyyatdan keçmiş qida və yem əlavələrindən istifadə olunmalıdır.

16.2. Qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.

16.3. Qida və yem məhsullarının istehsalı, emalı, saxlanması, satışı üçün istifadə edilən binaların, habelə yardımçı və sanitar-məişət binalarının avadanlığı, ərazisi, su təchizatı və kanalizasiya sistemi, qızdırılması, ventilyasiyası (havalandırılması), işıqlandırılması və işçi heyətinin iş şəraiti qida təhlükəsizliyinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

16.4. HACCP-a əsaslanan prosedurlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 17. Qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı onların təhlükəsizliyinə dair tələblər

17.1. Qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq onların dövriyyəsi zamanı təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalıdır.

17.2. Qida məhsullarının etiketlənməsi aşağıdakı tələblərə uyğun həyata keçirilməlidir:

17.2.1. istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli;

17.2.2. məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməli;

17.2.3. həmin qida məhsullarına xas olmayan təsir və ya xassələri göstərilməməli;

17.2.4. eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələri xüsusi xassələr kimi təqdim etməməli;

17.2.5. hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməli;

17.2.6. kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazılarının və nişanlarının olması təmin edilməlidir.

17.3. Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasında istehsal və emal olunan yem məhsullarının tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin mövcud olduğu hallarda, həmin malların etiketlərində genetik modifikasiya olunmuş orqanizmlər haqqında məlumat əks etdirilməlidir.

17.4. Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir.

17.5. Qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 18. Qida və yem məhsullarının saxlanması və daşınması zamanı onların təhlükəsizliyinə dair tələblər

18.1. Qida və yem məhsullarının saxlanması və daşınması onların təhlükəsizliyini təmin edən və ilkin xüsusiyyətlərini qoruyan şəraitdə, qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş tələblərə uyğun həyata keçirilməlidir.

18.2. Qida və yem məhsulları qida təhlükəsizliyinə dair texniki normativ hüquqi aktların tələblərinə uyğun xüsusi quraşdırılmış yerlərdə, tikililərdə və qurğularda saxlanılmalıdır.

18.3. Qida və yem məhsulları xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulmuş, yaxud bu məqsədin tələblərinə uyğunlaşdırılmış, qida məhsuluna dair gigiyenik və temperatur tələblərini təmin edən nəqliyyat vasitələrində daşınmalıdır.

18.4. Qida və yem məhsullarının saxlanması və daşınmasına dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 19. Qida və yem məhsullarının satışı və istehlakı zamanı onların təhlükəsizliyinə dair tələblər

19.1. Ticarət (xidmət) obyektlərində qida və yem məhsullarının satışına həmin obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə cavab verdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındığı və ya təsdiq edildiyi halda yol verilir.

19.2. Qida məhsullarının istehlak olunduğu ictimai iaşə obyektləri qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan və ya təsdiq edildikdən sonra qida məhsullarını istehlakçılara təqdim edə bilərlər.

19.3. Qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.

Maddə 20. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə dair tələblər

20.1. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının təhlükəsizliyi bu Qanuna uyğun olaraq müəyyən olunmuş tələblərə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin tələblərə ekvivalentliyi tanınmış digər dövlətlərin qanunvericiliyinin tələblərinə uyğun olmalıdır.

20.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ixracatçı ölkələrdə yayılmış xəstəliklərdən və həmin xəstəliklərin həyata və sağlamlığa yaratdığı təhlükə riskinin səviyyəsindən asılı olaraq həmin ölkələrdən idxal olunan qida və yem məhsullarına münasibətdə fərqli tələblər müəyyənləşdirə bilər.

20.3. Bu Qanunun 24.5-ci maddəsinə əsasən müəyyən edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin maddəyə uyğun olaraq təsdiq edilməlidir.

20.4. Təsdiq sisteminin ekvivalentliyi tanınan ölkənin səlahiyyətli qurumu tərəfindən qida obyektlərinin təsdiq olunmasına dair müvafiq rəsmi məlumatlar olduğu halda onların bu Qanunun 20.3-cü maddəsinə əsasən yenidən təsdiqi tələb edilmir.

20.5. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi və xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

20.6. Risk dərəcəsi nəzərə alınmaqla siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsullar onların təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət olunmalıdır.

20.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ayrı-ayrı ölkələr üzrə qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərin nümunələrini elektron qaydada gömrük orqanına göndərir.

20.8. Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar idxal etmək istəyən idxalatçı və ya onun səlahiyyətli nümayəndəsi həmin məhsullar gömrük ərazisinə gətirilməzdən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada bildiriş göndərməlidir. Bildirişin göndərilməməsi idxalatçının inzibati məsuliyyətinə səbəb olur, lakin bu Qanunun 20.9-cu maddəsində nəzərdə tutulan hal istisna olmaqla qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük sərhədindən keçirilməsinə mane olmur.

20.9. Xarici ölkələrdə xüsusi təhlükəli xəstəliklər qeydə alındıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin ölkələrdən qida və yem məhsullarının idxalınının dayandırılması və ya məhdudlaşdırılması ilə bağlı qərar qəbul edir. Həmin xarici ölkələrin ərazilərindən qida və yem məhsulunun idxalı ilə bağlı bildiriş daxil olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bildiriş göndərən idxalatçını və ya onun səlahiyyətli nümayəndəsini, habelə gömrük orqanını idxaldan imtina barədə real vaxt rejimində məlumatlandırır.

20.10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 20.9-cu maddəsi nəzərə alınmaqla qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük sərhədindən keçirilməsini təmin etmək məqsədilə həmin məhsullar üzrə məlumatları real vaxt rejimində gömrük orqanına göndərir.

20.11. İdxalatçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalından əvvəl bildirişin verilməsi ilə bağlı müddətlər idxal üçün istifadə olunan nəqliyyat vasitələri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

20.12. Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 21. Azərbaycan Respublikasından ixrac və ya təkrar ixrac edilən qida və yem məhsullarının təhlükəsizliyinə dair tələblər

21.1. İxrac və ya təkrar ixrac edilən qida və yem məhsulları Azərbaycan Respublikasının qida təhlükəsizliyinə dair normativ hüquqi aktların, idxalatçı ölkənin qida və yem məhsulları sahəsində milli qanunvericiliyinin, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin prinsip və tələblərinə uyğun olmalıdır.

21.2. Xarici ölkələrə ixrac edilən qida və yem məhsulları idxalçı ölkələr tələb etdiyi hallarda, bu Qanunun 26.1-ci maddəsinə əsasən verilmiş sağlamlıq sertifikatına malik olmalıdır.

21.3. Aşağıdakı hallarda qida və yem məhsullarının Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilmir:

21.3.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi təhlükəli insan və heyvan xəstəliklərinin, zərərverici orqanizmlərin yayılması səbəbindən xarici ölkələrdən idxal olunan qida və yem məhsullarına dair qadağa və digər məhdudlaşdırıcı tədbirlər barədə qərarlar qəbul edildikdə;

21.3.2. məhsulların daşındığı nəqliyyat vasitələrinin yük yerləri üzərində gömrük plombları toxunulmaz və bütöv olmadıqda;

21.3.3. məhsullara dair Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə əsasən tərtib olunmuş nümunəvi formaya uyğun sənədlər (sertifikatlar) təqdim edilmədikdə.

21.4. Qida və yem məhsulları gətirildiyi nəqliyyat vasitəsindən boşaldılaraq gömrük anbarında saxlandıqda, digər bir və ya bir neçə nəqliyyat vasitəsinə yükləndikdə, həmin məhsulların tranzit daşıması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilməlidir.

Maddə 22. Qida subyektlərinin əməkdaşlarına dair tələblər

22.1. Qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar.

22.2. Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır.

22.3. Qida subyektlərinin qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası prosesləri ilə məşğul olan əməkdaşları fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər.

Maddə 23. Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələblər

23.1. Qida məhsulları ilə təmasda olan material və məmulatlar aşağıdakı tələblərə cavab verməlidir:

23.1.1. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalı;

23.1.2. qida məhsulları ilə təmasda olarkən qida məhsulunun tərkibini dəyişməməli və təhlükəsizlik göstəricilərinə təsir etməməli;

23.1.3. yalnız təyinatı üzrə istifadə edilməlidir.

23.2. Nəqliyyat tutumlarının (sisternlər, tankerlər və s.), boru kəmərlərinin, nasosların, şlanqların, nəqliyyat vasitələrinin və avadanlıqların qida məhsulları ilə təmasda olan bütün hissələri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olaraq tətbiqinə icazə verilmiş materiallardan hazırlanmalıdır.

23.3. Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

23.4. Qida məhsulları ilə təmasda olan material və məmulatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

6-cı fəsil

Qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə

Maddə 24. Obyektlərin (subyektlərin) qeydiyyat və təsdiqi, qida təhükəsizliyi reyestrinin aparılması

24.1. Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır.

24.2. Qida zəncirinin müxtəlif mərhələlərində fəaliyyət göstərən qida obyektlərinin və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatı üçün tələb olunan məlumatları əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat - axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilir.

24.3. Qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhükəsizliyi Reyestrinə (bundan sonra – Reyestr) daxil edilir və onlara Reyestrdən elektron və ya yazılı çıxarış verilir. Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.

24.4. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən qeydiyyata alınan qida obyektlərinin və qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu dövlət nəzarəti tədbirləri çərçivəsində qiymətləndirilir.

24.5. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən heyvan və bitki mənşəli qida məhsullarının və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 30 (otuz) iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq olunur və ya təsdiqdən imtina edilir.

24.6. Bu Qanunun 24.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş qida obyektləri Reyestrə daxil edilir və onlara Reyestrdən elektron və ya yazılı çıxarış verilir. Təsdiq olunan obyekt qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri ilə bağlı həyat və sağlamlıq üçün təhlükə riski yaradan pozuntulara yol verdikdə və bu pozuntuları aradan qaldırmadıqda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin obyektin təsdiqi ləğv olunur.

24.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq olunmuş xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinə dair Reyestrdən çıxarışları elektron qaydada gömrük orqanına təqdim edir.

24.8. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qiymətləndirmənin aparılması ilə bağlı xərclər həmin obyektlərə cavabdeh olan qida subyektlərinin və ya səlahiyyətli nümayəndəsinin vəsaiti hesabına ödənilir.

24.9. Təsdiqi nəzərdə tutulan qida obyektlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan qiymətləndirmələrin nəticələrinə əsasən uyğunsuzluqlar aşkar edildikdə, həmin obyektlər aşkar edilmiş uyğunsuzluqların xüsusiyyəti və yaratdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida obyektlərinin təsdiq qaydasında müəyyən edilmiş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilir.

24.10. Aşkar edilmiş uyğunsuzluqlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda həmin obyektlərin təsdiqi ləğv olunur. Bu obyektlərdə uyğunsuzluqların aradan qaldırılması üçün verilmiş müddətdə əlavə nəzarət tədbirləri həyata keçirilə bilər.

24.11. Bu Qanunun 24.1-ci və 24.5-ci maddələrində qeyd edilən obyektlərin (subyektlərin) həmin maddələrə əsasən qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi qadağandır.

24.12. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida obyektlərinin bu Qanunun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Reyestrdən çıxarış verilməsinə görə qida subyektlərindən dövlət rüsumunun tutulması və dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

24.13. Qida obyektlərinin təsdiq olunması məqsədilə aparılan qiymətləndirmələr zamanı götürülən məhsul nümunələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqi (sınağı) aparıldığı halda, həmin tədqiq (sınaq) üçün qida subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur.

24.14. Qida subyektlərinin və ya onların obyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin fəaliyyəti dövründə qeydiyyat və təsdiq mərhələsində verilmiş məlumatlarda dəyişiklik olduqda, habelə onların fəaliyyət sahəsi dəyişdikdə və ya öz fəaliyyətini dayandırdıqda, onlar bu haqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) məlumatlandırmalıdır.

24.15. Qida təhlükəsizliyi sahəsində sahibkarlıq fəaliyyətinə xitam verdikdə və ya bir ildən artıq bu fəaliyyətini dayandırdıqda qida obyektlərinin və ya qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatı və ya qida obyektlərinin təsdiqi ləğv olunur.

24.16. Qida obyektlərinin və qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida obyektlərinin təsdiqi və Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 25. Məhsulların qeydiyyatı

25.1. Azərbaycan Respublikasının ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmamışdan əvvəl aşağıdakı məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq bu Qanunun 25.8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır:

25.1.1. yeni növ qida məhsulları;

25.1.2. genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları;

25.1.3. qida əlavələri;

25.1.4. yem əlavələri;

25.1.5. bioloji aktiv qida məhsulları;

25.1.6. təbii mineral sular.

25.2. Bu Qanunun 25.1.1-25.1.6-cı maddələrində göstərilən məhsulların qeydiyyatının qüvvədəolma müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

25.3. Qeydiyyata alınmış məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Reyestrə daxil edilir. Reyestr axtarış aparan bütün şəxslər üçün açıqdır.

25.4. Qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qadağandır.

25.5. Qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydaları həmin məhsulların xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

25.6. Məhsulların qeydiyyatının aparılması məqsədilə götürülmüş nümunələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqi (sınağı) aparıldığı halda, həmin tədqiq (sınaq) üçün qida subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur.

25.7. Bu Qanunun 25.1.1-25.1.6-cı maddələrində göstərilən məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

25.8. Bu Qanunun 25.1.1-25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 26. Qida və yem məhsullarının sertifikatlaşdırılması

26.1. Azərbaycan Respublikasının ərazisindən xarici ölkələrə ixrac edilən qida və yem məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı verilir.

26.2. İdxalçı ölkələr tələb etdiyi hallarda ixrac olunan heyvan mənşəli qida məhsullarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər.

26.3. Sağlamlıq sertifikatının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

26.4. Sağlamlıq sertifikatının verilməsi məqsədilə götürülmüş nümunələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqi (sınağı) aparıldığı halda, həmin tədqiq (sınaq) üçün qida subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur.

26.5. Sağlamlıq sertifikatı kağız və elektron formada verilir. Sağlamlıq sertifikatının qüvvədə olma müddəti məhsulun yararlılıq müddətindən çox olmamaqla bir aydır və bu müddət ərzində qida və yem məhsulu ixrac edilməzsə sertifikat qüvvədən düşmüş sayılır.

26.6. Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi qaydası və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 27. Məhsulların izlənilməsi

27.1. Qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır. Qida subyektləri bu məqsədlə məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir.

27.2. Qida subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi əsasında həmin sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları həmin orqana təqdim etməlidirlər.

27.3. Qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsulunun, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların bu Qanuna uyğun olaraq müəyyən edilmiş qaydada etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər.

27.4. Məhsulların izlənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

7-ci fəsil

Qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti

Maddə 28. Qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə dair ümumi tələblər

28.1. Qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində həyata keçirilir.

28.2. Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi sahəsində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

28.3. Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 29. Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirləri

29.1. Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirləri aşağıdakılardan ibarətdir:

29.1.1. qida təhlükəsizliyi sahəsində vəziyyətin öyrənilməsi və riskin qiymətləndirilməsi məqsədilə qida obyektlərində monitorinqlərin aparılması;

29.1.2. aşağıdakıların təftiş edilməsi:

29.1.2.1. qida obyektləri, maşın və avadanlıqlar, daşınma vasitələri və digər infrastruktur obyektləri;

29.1.2.2. qida və yem məhsulları, qida və yem əlavələri, qida xammalı, yarımfabrikatlar, inqrediyentlər və qida istehsalında və emalında istifadə olunan digər maddələr;

29.1.2.3. qida məhsulları ilə təmasda olan material və məmulatlar;

29.1.2.4. qida və yem məhsulunda qalıqların miqdarı;

29.1.2.5. qida və yem məhsullarının etiketlənməsi;

29.1.2.6. qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı HACCP-a əsaslanan daxili nəzarət sistemlərinin tətbiqi vəziyyəti;

29.1.3. qida təhlükəsizliyi ilə əlaqəli yazılı materialların və sənədlərin araşdırılması;

29.1.4. qida məhsulları ilə təmasda olan işçilərin tibbi müayinəsi, sağlamlıq və gigiyenik vəziyyətinin yoxlanılması;

29.1.5. qida və yem məhsulundan nümunələrin götürülməsi və tədqiqi (sınağı).

29.2. Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti aparılarkən qida subyekti ilə bağlı aşağıdakılar nəzərə alınmalıdır:

29.2.1. qida və yem məhsulları ilə bağlı müəyyən edilmiş risklər;

29.2.2. qida subyektlərinə dair qeydiyyat, təsdiq, sertifikatlaşma və əvvəlki nəzarət tədbirləri çərçivəsində toplanmış məlumatlar və aparılmış sınaqların nəticələri;

29.2.3. qida subyektlərinin cavabdeh olduqları qida obyektlərində qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə dair apardıqları daxili nəzarət (audit) tədbirlərinin nəticələrinə dair qeydlər.

29.3. Dövlət nəzarəti tədbirləri nəticəsində pozuntular aşkarlandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məhdudlaşdırıcı tədbirləri tətbiq edir.

Maddə 30. Qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi

30.1. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət nəzarəti tədbirləri çərçivəsində qəbul etdiyi qərar və ya qida subyektlərinin öz təşəbbüsü əsasında həmin subyektlər tərəfindən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmalı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu haqda dərhal məlumatlandırılmalıdır.

30.2. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qəbul etdiyi qərar əsasında geri çağırılması nəzərdə tutulduqda və bu qərar qida subyektləri tərəfindən verilmiş müddətdə icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin məhsulların istehlakçılardan, bazardan və digər satış obyektlərindən yığışdırılması ilə bağlı qərar qəbul edir və həyata keçirir. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan qida və yem məhsullarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi əsasında geri çağırılmasına və ya yığışdırılmasına yalnız həmin məhsulların təhlükə riski sübut olunduqda yol verilir.

30.3. İstehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanmalıdır.

30.4. Bu Qanunun 30.1-ci və 30.2-ci maddələrinə uyğun olaraq geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsulları aparılmış tədqiqin (sınağın) nəticələrinə əsasən həyat və sağlamlıq üçün təhlükəsiz hesab edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğunlaşdırılmaqla birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılır.

30.5. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir.

30.6. Bu Qanunun 30.5-ci maddəsinə əsasən qida və yem məhsullarının utilizasiyası və ya məhv edilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.

30.7. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və təhlükəli məhsulların tədqiqi (sınağı), saxlanması, daşınması, utilizasiyası və ya məhv edilməsi ilə bağlı xərclər həmin məhsula cavabdeh olan qida subyektlərinin vəsaiti hesabına ödənilir.

30.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qərara əsasən utilizasiya və ya məhv edilən qida və yem məhsullarının həyat və sağlamlığa təhlükə yaratmaması üçün həmin məhsulların utilizasiya və ya məhv edilməsi prosesinə bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada nəzarət edilir.

30.9. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 31. İdxal olunan qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara dövlət nəzarəti

31.1. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən risklərin qiymətləndirilməsi nəticələri əsasında Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydasına uyğun olaraq dövlət nəzarəti tədbirləri həyata keçirilir.

31.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara nəzarət tədbirləri aşağıdakılardan ibarətdir:

31.2.1. qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə icazə verilməsi üçün əsas olan və idxal olunmuş məhsul partiyasını müşayiət edən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası ilə müəyyən olunan sənədlərin, sertifikatların və digər hüquqmüəyyənedici sənədlərin mövcudluğunun və düzgünlüyünün yoxlanılması (bundan sonra - sənəd nəzarəti);

31.2.2. idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar partiyasının tərkibinin, etiketinin, daşındığı nəqliyyat vasitəsinin həmin məhsula verilən sertifikatda, sınaq aktında və digər sənədlərdə göstərilən məlumatlarla eyniliyinin və uyğunluğunun yoxlanılması (bundan sonra – eynilik nəzarəti);

31.2.3. idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatları nümunəsinin sınağı, onu daşıyan nəqliyyat vasitəsinin, saxlanma temperaturunun və bu Qanuna uyğun olaraq müəyyən edilmiş digər göstəricilərin yoxlanması (bundan sonra - fiziki nəzarət).

31.3. Sənəd nəzarəti Azərbaycan Respublikasının ərazisinə idxal olunmuş bütün qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, eynilik nəzarəti və fiziki nəzarət isə məhsulun risk səviyyəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada digər məhsullara şamil edilir.

31.4. Fiziki nəzarət çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən götürülən məhsul nümunələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqi (sınağı) aparıldığı halda, həmin tədqiq (sınaq) üçün qida subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur.

31.5. Gömrük orqanı tərəfindən idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara “Yaşıl dəhliz” və digər buraxılış sistemlərini tətbiq etmək məqsədilə məhsulların idxalatçılarının risk qruplaşdırılması aparılarkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin idxalatçılara dair təqdim etdiyi risk informasiyası da nəzərə alınır.

31.6. Sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı gömrük sahəsində yerləşən qida təhlükəsizliyi nəzarəti məntəqələrində və ya idxalatçıların məhsullarının saxlanc yerlərində həyata keçirilir.

31.7. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) idxal sağlamlıq aktı tərtib edir və məhsul üzərində sərəncam vermək üçün idxalatçıya təqdim edir.

31.8. İdxal sağlamlıq aktının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

31.9. Aparılan nəzarət tədbirləri nəticəsində Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir və idxalatçıya və ya onun səlahiyyətli nümayəndəsinə, habelə gömrük orqanına bu barədə bir gün müddətində kağız və ya elektron formada məlumat verilir.

31.10. Bu Qanunun 31.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalıdır. Bununla bağlı yaranan xərclər idxalatçı tərəfindən ödənilir.

31.11. Bu Qanunun 31.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş təhlükəli qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda, həmin qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların məhv edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunur və bu qərar əsasında həmin qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində məhv edilir.

Maddə 32. Dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə istifadə olunan sınaq və istinad (referens) laboratoriyaları

32.1. Dövlət nəzarəti və tənzimənməsi tədbirləri çərçivəsində, habelə bu Qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.

32.2. Laboratoriyalar arası müqayisəli və səriştəlilik sınaqlarının təşkili və sınaq metodlarının tətbiqi ilə bağlı əlaqələndirmənin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində istinad (referens) laboratoriyaları yaradılır.

Maddə 33. Qida təhlükəsizliyi sahəsində böhran vəziyyətlərinin idarə edilməsi

33.1. Yerli və idxal olunmuş qida və yem məhsulları insan sağlamlığı və həyatı üçün ciddi təhlükə yaratdıqda, həmin təhlükənin geniş yayılma riski olduqda, bu hal böhran vəziyyəti hesab edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən böhran vəziyyəti elan edilir.

33.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən böhran vəziyyətinin idarə edilməsi məqsədilə qabaqlayıcı, məhdudlaşdırıcı və qadağanedici tədbirlər həyata keçirilir.

33.3. Qida və yem məhsulları ilə bağlı böhran vəziyyəti üçün əsaslar yarandıqda, müvafiq dövlət orqanları və qurumları, bələdiyyələr, qida subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) bu barədə dərhal məlumatlandırmalıdırlar.

33.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə böhran vəziyyətinin idarə edilməsinə dair plan hazırlamalıdır.

33.5. Böhran vəziyyətinin idarə edilməsinə dair planda qida və yem məhsulunun həyat və sağlamlıq üçün yaratdığı təhlükə riskinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üçün görüləcək tədbirlər və həmin tədbirlərə cavabdeh subyektlər əhatə olunmalıdır.

33.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qida və yem məhsullarının yaratdığı təhlükənin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması ilə bağlı görülmüş tədbirlər səmərə vermədikdə, həmin riskin mənbəyi olan məhsulların ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsinin məhdudlaşdırılması, qadağan edilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edə bilər.

33.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi riskləri üzrə erkən xəbərdarlıq sistemləri yaradılır.

33.8. Bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq elan edilmiş böhran vəziyyəti aradan qalxdıqda bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul edilir.

8-ci fəsil

Qida subyektlərinin hüquq və vəzifələri

Maddə 34. Qida subyektlərinin hüquqları

34.1. Qida subyektləri aşağıdakı hüquqlara malikdirlər:

34.1.1. bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərin yerinə yetirilməsi məqsədilə dövlət orqanlarından və qurumlarından metodiki köməklik, məsləhət almaq və vəziyyəti qiymətləndirmək üçün dövlət orqanlarına və qurumlarına müraciət etmək;

34.1.2. bu Qanuna uyğun olaraq müəyyən edilmiş qaydada qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların işlənilib hazırlanmasında iştirak etmək;

34.1.3. qida və yem məhsullarının emalının təhlükəsizliyi tələbləri ilə bağlı proseslər həyata keçirilərkən hər hansı beynəlxalq idarəetmə sistemlərinin prinsiplərinə əsaslanan prosedurları işləyib hazırlamaq, tətbiq etmək və dəstəkləmək;

34.1.4. inzibati qaydada və məhkəməyə şikayət etmək;

34.1.5. bu Qanunla müəyyən edilən digər hüquqlara malik olmaq.

Maddə 35. Qida subyektlərinin vəzifələri

35.1. Qida subyektləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq, aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

35.1.1. ilkin istehsal, istehsal, emal, dövriyyə və utilizasiya etdikləri qida və yem məhsulunun təhlükəsizliyini təmin etmək;

35.1.2. bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə əməl olunmasına dair vəziyyəti yoxlamaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən əməkdaşların qida obyektlərinə maneəsiz girişinə, obyektə baxış keçirmələrinə və məhsullardan nümunələr götürmələrinə şərait yaratmaq və qanunvericiliyə uyğun olaraq tələb etdikləri sənədləri onlara təqdim etmək;

35.1.3. işçilərin ilkin və dövri tibbi müayinəsini, habelə onlara gigiyenik təlimlərin keçirilməsini təmin etmək;

35.1.4. qida və yem məhsullarının dövriyyəsi və utilizasiyası proseslərində təhlükə yaranmasına gətirib çıxarmış pozuntular, bazara yerləşdirilmiş təhlükəli qida və yem məhsulları və yaranmış böhran vəziyyəti haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

35.1.5. təhlükəli qida və yem məhsullarının dövriyyəsini, o cümlədən ilkin istehsalını, istehsalını, emalını və ya onun ayrı-ayrı proseslərini dayandırmaq, həmin məhsulların ticarət obyektlərindən (satışdan), istehlakçılardan geri çağırılmasını və bu haqda istehlakçıların məlumatlandırılmasını, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarları əsasında onların utilizasiyasını və ya məhv edilməsini təşkil etmək;

35.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) istehsal və ya emal etdikləri, satdıqları, yaxud utilizasiya etdikləri qida və yem məhsulları ilə bağlı risklərin qarşısının alınmasında, azaldılmasında (məhdudlaşdırılmasında) və aradan qaldırılmasında köməklik göstərmək;

35.1.7. qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərində onların izlənilməsini təmin etmək, bu məqsədlər üçün tələb olunan sənədləri saxlamaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək;

35.1.8. qida və yem məhsullarının istehsal və emal olunduğu qida obyektlərində daxili nəzarəti (auditi) həyata keçirmək və nəzarətin nəticələrinin uçotunu aparmaq.

9-cu fəsil

Yekun müddəalar

Maddə 36. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.

Maddə 37. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar

37.1. Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq olunan cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.

37.2. Bu Qanunun 37.1-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Maddə 38. Keçid müddəaları

38.1. Bu Qanun qüvvəyə minənədək aparılmış qida təhlükəsizliyi qeydiyyatı bu Qanuna əsasən qeydiyyata alınmalı qida obyektlərinə və qida obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinə münasibətdə öz qüvvəsini saxlayır.

38.2. Bu Qanun qüvvəyə minənədək aparılmış qida təhlükəsizliyi qeydiyyatı bu Qanuna əsasən təsdiq edilməli olan qida obyektlərinə münasibətdə həmin obyektlərin bu Qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yenidən qiymətləndirilməklə təsdiq edilənədək öz qüvvəsini saxlayır.

38.3. Bu Qanun qüvvəyə minənədək (Qanunun 38.7-ci maddəsi nəzərə alınmaqla) dövriyyəyə buraxılmış bu Qanunun 25-ci maddəsinə əsasən qeydiyyata alınmalı olan məhsulların dövriyyəsinə yol verilir.

38.4. Bu Qanunun 31.6-cı maddəsində nəzərdə tutulmuş qida təhlükəsizliyi nəzarəti məntəqələri formalaşana qədər sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarət gömrük rəsmiləşdirilməsinin aparıldığı gömrük sahəsində və ya idxalatçıların məhsullarının saxlanc yerlərində həyata keçirilir.

38.5. Bu Qanun Qanunun 38.6-cı, 38.7-ci və 38.8-ci maddələri nəzərə alınmaqla, 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

38.6. Bu Qanunun 16.2-ci və 19.3-cü maddələri “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iri sahibkarlıq subyekti hesab edilən qida subyektləri üçün bu Qanun dərc olunduğu gündən iki il, orta və kiçik sahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün dörd il, mikro sahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün altı il sonra qüvvəyə minir.

38.7. Bu Qanunun 25.1-ci maddəsi yeni növ qida məhsullarına, təbii mineral sulara və genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına münasibətdə bu Qanun dərc olunduğu gündən bir il sonra qüvvəyə minir.

38.8. Bu Qanunun 27-ci maddəsi bu Qanun dərc olunduğu gündən iki il sonra qüvvəyə minir.

38.9. Bu Qanunun qüvvəyə mindiyi gündən “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 18 noyabr tarixli 759-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 8; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 7; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 560; 2009, № 2, maddələr 49, 55; 2011, № 4, maddə 257; 2013, № 11, maddə 1290; 2014, № 11, maddə 1365; 2015, № 11, maddə 1252; 2017, № 5, maddələr 718, 747; 2018, № 4, maddə 642, № 12 (I kitab), maddə 2492; 2019, № 6, maddələr 993, 995, № 8, maddə 1383; 2020, № 5, maddə 521, № 7, maddə 838; Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 511-VIQD nömrəli Qanunu) ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti