Bakı. Trend:
Baş Prokurorluq təkzib yayıb.
Qurumdan Trend-ə daxil olan məlumatda deyilir:
"Bəzi sosial şəbəkə və media səhifələrində “Avto-Garant” ASC-nin təsisçisi Nazim Bəydəmirli və ASC-nin idarə heyətinin sədri Elmar Musayevin 2014-cü ildə “Avto-Garant” ASC-nin mülkiyyətçisi Ədalət Bağırov və qeyriləri tərəfindən E.Musayevin qanunsuz olaraq vəzifədən kənarlaşdırılması, pul vəsaitlərinin dövlət büdcəsindən yayındırılması və xəzinəyə mədaxil edilməməsi barədə müraciətləri üzrə Xətai rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması və əsassız qərar qəbul edilməsi ilə bağlı ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən məlumatlar yayılmışdır.
Bununla əlaqədar bildiririk ki, Xətai rayon prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilmişdir ki, tərəflər arasında müxtəlif vaxtlarda göstərilən xüsusatlar üzrə mübahisələrə mülki mühakimə qaydasında qarşılıqlı iddia tələblərinə əsasən birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılaraq müvafiq qərarlar qəbul edilmiş, həmçinin göstərilən məsələlərlə bağlı məhkəmə baxışları zamanı hər hansı cinayət xarakterli məlumatlar araşdırılması üçün prokurorluq orqanlarına göndərilməmişdir.
Araşdırma zamanı qeyd edilən mülki işlər üzrə qanuni qüvvəyə
minmiş məhkəmə qərarlarının preyudisiyallığı nəzərə alınaraq və
müraciətdə göstərilən digər xüsusatlar öz təsdiqini tapmadığına
görə Bakı şəhəri Xətai rayon polis idarəsinin İstintaq şöbəsində
cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul
edilmişdir.
Göstərilənlər barədə Nazim Bəydəmirliyə və digər maraqlı şəxslərə
dəfələrlə məlumatlar verilmiş və qanunvericiliyin tələblərinə
əsasən hüquqları izah edilmişdir".