Bakı. Trend:
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan mülki əhalinin xatirəsini anıblar.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, oktyabrın 14-də Müdafiə Nazirliyinin
təşkilatçılığı ilə hərbi attaşelər Vətən müharibəsi zamanı erməni
hərbi birləşmələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin
baş verdiyi ərazini ziyarət ediblər. Həlak olan dinc sakinlərin
xatirə guşəsinin önünə gül dəstələri düzüblər.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn
Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə 2020-ci ildə 44
günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən
beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olaraq
mülki əhali arasında maksimum itki vermək məqsədilə Gəncə, Bərdə,
Tərtər, Mingəçevir, Beyləqan, Qəbələ, Goranboy, Ağcabədi, Naftalan,
Abşeron və Xızı rayonlarının qəsdən ballistik raketlər və digər
ağır artilleriya qurğuları ilə bombalandığı barədə ətraflı məlumat
verib.
Bildirilib ki, humanitar atəşkəs rejiminin tətbiq edilməsinə
baxmayaraq 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində
Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində çoxmənzilli
yaşayış binaları raket atəşinə tutulub. Hadisə nəticəsində 4-ü
qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər isə yaralanıb.
Yaralananlardan biri də sonradan xəstəxanada vəfat edib.
Hərbi attaşelərin diqqətinə çatdırılıb ki, İkinci Qarabağ
müharibəsi dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində
ümumilikdə 12-si uşaq və 27-si qadın olmaqla 93 mülki şəxs həlak
olub, 454 mülki vətəndaş yaralanıb, 12292 yaşayış və qeyri-yaşayış
sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Xüsusi vurğulanıb ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş
ölkələr sırasındadır. İkinci Qarabağ müharibəsinin başa çatmasından
ötən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina
partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb.
Səfər çərçivəsində hərbi attaşelər Nizami Gəncəvi Məqbərə
Kompleksində də olublar. Burada onlara dünya ədəbiyyatının görkəmli
nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
yaradıcılığı barədə ətraflı məlumat verilib.