...

Zakir Həsənov Türkiyənin hərbiyönümlü QHT rəhbərləri ilə görüşüb (FOTO)

Siyasət Materials 11 Noyabr 2022 17:54 (UTC +04:00)
Zakir Həsənov Türkiyənin hərbiyönümlü QHT rəhbərləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının hərbiyönümlü qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri cənab Erdoğan Karakuş, cənab Hamza Dürgen, cənab Mustafa Işık və cənab Beyazıt Yumuk noyabrın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirən nazir, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq, qardaşlıq münasibətləri üzərində qurulduğunu və bundan sonra da uğurla inkişaf edərək güclənəcəyini vurğulayıb.

General-polkovnik Z.Həsənov qonaqlara Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyəti və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər, eləcə də regiondakı hazırki vəziyyətlə bağlı danışıb.

Müdafiə naziri gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində bu kimi QHT-lərin mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb.

Ölkəmizə səfərdən razı qaldıqlarını ifadə edən nümayəndə heyəti göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təşkilat rəhbərləri Azərbaycan Ordusunu bir neçə gün öncə qeyd edilən 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik edib, şəhidlərin ailə üzvləri və yaxınlarına başsağlığı veriblər.

Nümayəndələr rəhbərlik etdikləri təşkilatların Türkiyədəki fəaliyyətləri, o cümlədən şəhid ailələri və müharibə veteranları ilə bağlı gördükləri işlər barədə ətraflı məlumat veriblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti