...

Naxçıvanda korrupsiya və rüşvətxorluğa qarşı əməliyyat zərurətdən irəli gəlirdi - Deputat

Siyasət Materials 30 Noyabr 2022 17:08 (UTC +04:00)
Naxçıvanda korrupsiya və rüşvətxorluğa qarşı əməliyyat zərurətdən irəli gəlirdi - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindən biridir. Ölkəmizdə daim korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılıb və bu cinayət əməllərinə yol verənlər qanun qarşısında lazımi cəzalarını alıblar.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, bu günlərdə Naxçıvanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan əməliyyatlar da dövlət siyasətinin tərkib hissəsidir və Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür.

“Naxçıvanda aparılan əməliyyatlar heç nə ilə digər bölgələrdə aparılan əməliyyatlardan fərqlənmir. Yəni oradakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərlə eynidir. Təəssüflər olsun ki, bəziləri bu əməliyyatlara siyasi don geydirməyə çalışır. Lakin tam əminliklə deyə bilərik ki, burada hər hansı siyasi çalar, siyasi məna axtarmağa ehtiyac yoxdur. Ortada korrupsiya və rüşvətxorluq, dövlət vəsaitlərinin mənimsənilməsi faktları var və dövlət tərəfindən zəruri tədbirlər görülür. Hər kəs qanun qarşısında eynidir və bu cür əməliyyatlar korrupsiya və rüşvətxorluq faktının olduğu istənilən bölgədə həyata keçirilə bilər”, - deyə o qeyd edib.

Deputat vurğulayıb ki, yayılan məlumatlardan aydın olur ki, Naxçıvanda korrupsiya və rüşvətxorluğa qarşı əməliyyat keçirilməsi zərurətdən irəli gəlmişdir. “Məlumatlardan göründüyü kimi, Naxçıvan gömrüyündə Səfər Mehdiyevdən qalma oturuşmuş korrupsiya sistemi mövcud olub. Belə ki, araşdırmalar göstərib ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları olub. Məhz buna görə Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi, “yeyinti” ilə bağlıdır”, - deyə A.Həsənova vurğulayıb.

O qeyd edib ki, hər il Naxçıvana dövlət büdcəsindən 500 milyon manat dotasiya verilir.

“Naxçıvanın öz gəliri isə 180 milyon manat göstərilir. Amma əslində bu, real rəqəm deyil. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar.

Bu gün Naxçıvanda quruculuq, tikinti, abadlıq işləri birbaşa cənab Prezident İlham Əliyevin siyasətidir. Bu məqsədlə Naxçıvana lazımi vəsait ayrılır, bu məsələdə sui-istifadə, mənimsəmə hallarına yol verənlər sərt cəzalandırılacaq.

Bu məsələlərə hansısa siyasi don geyindirmək, prosesi başqa istiqamətə yönləndirməyə cəhd etmək yolverilməzdir. Digər dövlət qurumları kimi, Gömrük Komitəsinin də Naxçıvanda birbaşa tabeliyində olan idarə formalaşdırması normal praktikadır və burada təəccüblü nəsə yoxdur”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti