Bakı. Trend:
Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brün qəzetdə Azərbaycan ərazilərində Erməni “ekoloji terroru”na qarşı təşkil olunmuş dinc nümayiş nəticəsində Şuşa-Laçın yolunun bağlanması və bu baş verənlərdən Fransada faşizmi təbliğ edənlərin həzz almasına dair məqalə dərc edib.
Fransız jurnalist senator Reno Müzelienin öz Twitter hesabında etdiyi bir paylaşımına istinad edib: "Ermənistan torpağı olan Artsaxda Azərbaycan ordusu bu gün səhər saatlarından Dağlıq Qarabağı Ermənistanla əlaqəsini kəsərək blokadaya başlayıb. 120 min erməni ölüm təhlükəsi ilə üz-üzə qaldığı halda, bu qəbuledilməz atəşkəs razılaşması ilə üzləşib, buna reaksiya verməliyik!"
Müəllif hesab edir ki, senator Müzelie belə qərar verdiyi halda, biz Paşinyanı və ya Putini niyə sorğu-sual etməliyik: “Dağlıq-Qarabağ məgər erməni torpağıdır?”
Eyni zamanda jurnalist Brən sağçılardan olan digər bir senator Valeri Buayenin etdiyi çağırışa istinad edib : "Beynəlxalq ictimaiyyəti Artsaxdakı azəri blokadasını qətiyyətlə pisləməyə çağırıram. Sanksiyaların olmadığı bir şəraitdə Azərbaycanın artıq heç bir məhdudiyyəti yoxdur!".
Müəllifi belə bir sual maraqlandırır ki, Fransa faşist sferasını bu şəkildə hərəkətə gətirən nə oldu?
“Dekabrın 12-dən etibarən qeyri-hökumət təşkilatlarını təmsil edən azərbaycanlı ekoloji fəallar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarına etiraz olaraq Latçın-Şuşa yolunda nümayişlər keçirirlər. Bəli, yolu bağlayan o fəallar silahsızdırlar.
2020-ci ildə Azərbaycan Qarabağı və ətraf vilayətləri 30 illik işğaldan azad etdi. Bütün Qarabağ? Xeyr. Rusiya regionda öz təsirini itirməmək üçün Azərbaycanda mövcudluğunu saxlamaq üçün ermənilər tərəfindən bolşevik qəhrəmanının şərəfinə Stepanakert adlandırılan və rus ordusu tərəfindən mühafizə olunan Xankəndi şəhərini bir növ erməni anklavına çevirmək qərarına gəldi. Rusiya qüvvələri 2025-ci ilə qədər ərazinin boşaldılacağına söz verdilər - ancaq söz verdilər. O zaman ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədən sonra şəhər yenidən azərbaycanlı olacaq, ermənilər isə Azərbaycan vətəndaşları qalmaq və ya Ermənistana köçmək arasında seçim edəcəklər“,-deyə fransız jurnalist xatırladır.
“Lakin ərazinin işğalçıları yaranmış vəziyyətdən istifadə edərək oranı erməni torpaqları elan edərək, yalnız onlar tərəfindən tanınan “Artsarx Respublikası” yaratdılar. Onlar da yaranmış vəziyyətdən istifadə edərək mis və molibden mədənlərinin, qızıl yataqlarının qeyri-qanuni istismarını intensivləşdiriblər, çünki torpaq beynəlxalq hüquqa görə Azərbaycana məxsusdur. Bu istismar ətraf mühitə, xüsusən də su səthlərinə və çaylara münasibətdə heç bir tədbir görülmədən həyata keçirilir, çünki istismarçılar bir gün və ya digər gün ərazini tərk etməli olacaqlarını bilirlər.
30 illik işğal zamanı onsuz da ciddi zərər görmüş ətraf mühitin mühafizəsi dağıdılmış ərazilərin bərpası üçün prioritet istiqamətlərdən biridir“, - deyə məqalədə bildirilib.
Müəllif hesab edir ki, məhz buna görə də Azərbaycanın müxtəlif bölgələrindən olan fəallar Rusiya sülhməramlılarının müvəqqəti postunun ətrafına toplaşan yerli nümayişçilərə qoşulublar.
“Onların tələbləri arasında Azərbaycanın təbii sərvətlərinin talanmasına son qoyulması və Rusiya sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun oraya gəlməsi daxildir. Məlum məsələdir ki, 3 və 7 dekabr 2022-ci il tarixlərində Rusiya sülhməramlı komandanlığı ilə danışıqlardan sonra Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspert qrupu 2022-ci il dekabrın 10-dan Azərbaycanın təbii sərvətlərinin vəziyyətinin yoxlanılmasına, “Qızılbulaq” qızıl yatağında və “Dəmirli” mis-molibden yatağında ətraf mühitin vəziyyəti, müxtəlif sahələrin monitorinqi, əmlakların kadastr uçotunun təşkili, ətraf mühitə, o cümlədən yeraltı və yerüstü su mənbələrinə potensial risk və təhlükələrin qiymətləndirilməsinə başlamalı idi.
Lakin ekspert qrupu monitorinq zonasına çatanda erməni fəallar rus sülhməramlılarının laqeyd baxışları səbəbindən yoxlamanın baş tutmasına mane olmağa çalışıblar.
Erməni fəalların regionda “ekoloji terror”dan danışması heç də səbəbsiz deyil.
Amma Fransanın ermənipərəst sağçı siyasətçiləri üçün ermənilərin torpaqları, gölləri, çayları çirkləndirməsinin, meşələri məhv etmələrinin, əraziləri yüz minlərlə minaya qərq etməsinin nə əhəmiyyəti var, axı onlar bu ərazinin Ermənilərə aid olduğunu israr edirlər? Limitlər aşıldığında, artıq məhdudiyyət yoxdur“, - deyə fransız jurnalist yekun olaraq bildirib.