Bakı. Trend:
Dünən Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib. Bu Fərmana əsasən media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunub.
Həqiqətən çox vacib və vaxtında verilmiş Fərmandır. Məlumdur ki, son dövrlərdə müasir dünyanın tələbləri müxtəlif səbəblərdən çap mediasına maliyyə çətinliyi yaradır və ona görə də əlavə dəstəyə ehtiyac duyulur. Xatırladım ki, media cəmiyyətin güzgüsüdür və dövlətimiz də sağlam vətəndaş cəmiyyətin formalaşması üçün ictimai institutların inkişafını həmişə diqqət mərkəzində saxlayıb.
Hələ 90- və illərin əvvəllərində də Ümummilli lider Heydər Əliyev daim ictimai instututların inkişafına, o cümlədən mətbuata böyük dəstək verib. Bu gün də Prezident İlham Əliyev ənənəni davam etdirərək bütün sahələrdə olduğu kimi medianı diqqətdə saxlayır. Dövlət başçısı indiyə qədər də bu sahədə xeyli fərman və sərəncamılar verib, medianın inkişafı üçün müxtəlif səviyyəli dövlət dəstəkləri verib. Bu son fərmanla təsdiq olunan Vergi Məcəlləsinə dəyişikliklər medianın maddi-texniki bazasının, maliyyə müstəqiliyinin yaranması üçün çox böyük bir imkan yaradacaq.
Media orqanlarımız qısa müddətdə öz maddi-texniki bazasını, maliyyə imkanlarını gücləndirəcək, daha peşəkar kadrların cəlb edilməsini təmin edəcək və dünya səviyyəsində informasiya mərkəzlərinə çevriləcək.
Bu işdə biz jurnalistlər həmişə dövlətimizin dəstəyinə arxalanmışıq, cəmiyyətimizə dövlətimizin inkişafı üçün öz töhfəmizi verməyə çalışmışıq. İmzalanan Fərman bu işdə bizə böyük stimul verəcək. Bu səbəbdən Səs Mediq Qrupu adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu addım mətbuata yeni nəfəs verəcək, yeni mərhələnin başlanğıcı olacaq və bu sahədə ciddi inkişafa gətirib çıxaracaq.